Məhkəmə qərarları › İş №2-2(103)-820/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-820/2025

10.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-820/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X3 Cavabdeh MMC-yə (Maraqlı şəxs və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu, X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə X3 Cavabdeh MMC-yə (Maraqlı şəxs və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı maneələrin aradan qaldırılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ƏMDX DƏDK və RPHŞ-nin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən və 755,50 m2 sahədən ibarət 1, 2, 3, 4, 8, 9, 11, 13, 13, 14, 15, 16, 17, 18 saylı ofislər üzərində mülkiyyət hüquqları X3 adına hüquqi qeydiyyata alınmışdır.

2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “iri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubunda ünvan 2 ünvanında yerləşən Cavabdeh MMC-nin tərkibində olan və iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin PHŞ ilə fərdi qaydada müqaviləsi olmadığından kommunal xidmətlərə görə ödənişlərlə bağlı, həmçinin yaranmış digər nöqsanlarla bağlı AMAY Holding MMC-nin rəhbərliyinə və aidiyyaı üzrə X5 müraciət edilməsi tövsiyyə olunmuşdur.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyri-yaşayış sahəsinin ETŞ-yə qoşulması məsələsinə baxılması, həmçinin, müvafiq texniki şərtin verilməsi üçün tərəflərindən göndərilmiş məktublara cavab olaraq "xxxx" ASC-nin məktublarında qeyri-yaşayış sahəsinin ETŞ-yə qoşulma nöqtəsinin binanın ümumi istifadəində quraşdırılmış lövhədə təyin edildiyi, gün mənbəyinin “Amay” TM-nin balansında olaması və müvafiq razılıq verilmədiyindən sifarişin icra edilməsinin mümkün olmadığı, sifarişçi tərəfindən binanın rəhbərliyindən razılıq alındıqdan sonra sifarişin icrasına yenidən baxıla biləcəyi bildirilmişdir.

4. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 035 saylı xəbərdarlıq məktubunda Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 m2 olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdə, podratçı təşkilat "xxxx" MMC tərəfindən hazırlanmış və aidiyyatı qurumlar üzrə təsdiqlənmiş layihəyə uyğun qaz xəttinin çəkilməsi üçün “AMAY” Ticarət Mərkəzinin rəhbərliyi ilə dəfələrlə razılıq almaq üçün görüşlər keçirməyimizə baxmayaraq “AMAY” Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən qaz xəttinin çəkilməsinə qəti narazı olduqlarını bildirmiş və imkan verməyəcəkləri barədə cavab almışıq. Bu səbəbdən də bu günə qədər "xxxx" MMC tərəfindən qaz xəttinin çəkilişi mümkün olmadığı qeyd olunmuşdur.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində 755.5 m2 olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərə verilən elektrik enerjisinin (işığın) və suyun kəsilməsi, verilişinin məhdudlaşdırılması Cavabdeh MMC-yə qadağan edilmişdir (qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır).

6. 11.03.2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür kiCavabdeh MMC barəsində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadın icra edilməməsi ilə bağlı protokol tərtib edilmiş və İcra Şöbəsi tərəfindən protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. X8 (iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərdən (o cümlədən, pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, istilik qazanxanası, işıq transformatoru, su xətti, kanalizasiya və şaxtaları (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtüklərindən, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrdən iddiaçının əvəzsiz istifadə etməsi üçün Cavabdeh MMC (cavabdeh) tərəfindən yaradılan bütün maneələr cavabdehə qadağan edilməsini, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində iddiaçıya məxsus olan 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdə, Azərişıq ASC tərəfindən elektrik xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və elektrik enerjisinin birbaşa Azərişıq ASC-dən ala bilməyimiz üçün tələb olunan cavabdehin razılıq məktubunu verməsindən imtina etməsi qanunsuz və əsassız hesab edilsin, razılıq məktubunun verilməsi cavabdehin üzərinə qoyulsun, Azərişıq ASC tərəfindən elektrik xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və elektrik enerjisinin birbaşa Azərişıq ASC-dən ala bilmələri üçün cavabdeh tərəfindən yaradılan bütün maneələr cavabdehə qadağan olunmasını, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində X6 məxsus olan 755.5 m2 olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdə, Azəriqaz İB tərəfindən qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və qazın birbaşa Maraqlı şəxs İB-dən ala bilməyimiz üçün tələb olunan cavabdehin razılıq məktubunu verməsindən imtina etməsi qanunsuz və əsassız hesab edilsin, razılıq məktubunun verilməsi cavabdehin üzərinə qoyulmasını, “Azəriqaz İB tərəfindən qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və qazın birbaşa Maraqlı şəxs İB-dən ala bilmələri üçün cavabdeh tərəfindən yaradılan bütün maneələr cavabdehə qadağan edilməsi, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində iddiaçıya məxsus olan 755.5 m2 olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdə, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” PHŞ tərəfindən su xəttinin çəkilməsi, kanalizasiya xəttinə qoşulması, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və suyun birbaşa “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” PHŞ-dən ala bilməyimiz üçün tələb olunan cavabdehin razılıq məktubunu verməsindən imtina etməsi qanunsuz və əsassız hesab edilməsini, razılıq məktubunun verilməsi cavabdehin üzərinə qoyulması, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” PHŞ tərəfindən su xəttinin çəkilməsi, kanalizasiya xəttinə qoşulması, sayğacın quraşdırılması, abonent kodunun verilməsi və suyun birbaşa “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” PHŞ-dən ala bilmələri üçün cavabdeh tərəfindən yaradılan bütün maneələr cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır:

- İddiaçı xx.xx.2023-cü il tarixində ABB Bankdan 470 000 manat kredit götürüb, (1 m2 20 (iyirmi) manata icarəyə verərək krediti ödəmək məqsədilə) Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində 755.5 kv.m olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərdən ibarət qeyri-yaşayış sahəsini notariat qaydasında alqı-satqı yolu ilə əldə etmişdir. Mülkiyyət hüquqlarını təsdiq edən çıxarış aldıqdan sonra isə əlavə olaraq ABB Bankdan 150 000 manat təmir üçün kredit götürmüşdür. - Kommunal ödənişlərini ödəyib təmirə başladığı tarixdən etibarən cavabdeh və onun rəhbərliyi müxtəlif bəhanələrlə əmlakından istifadə etməyinə maneələr yaratmağa başladı. İşığı, suyu kəsib və ümumi giriş qapısını bağlayaraq mülkiyyətdə olan əmlaka girməyə icazə vermir, sanki əmlak adada yerləşir. İddiaçı dəfələrlə izah etmişdir ki, binanın tərkib hissəsinin mülkiyyətçilərinə aid olan həmin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsusdur. Cavab olaraq bildirirlər ki, “Bu binanı biz tikmişik, bunların hamısı bizim mülkiyyətimizdir. Heç kim bizim əlimizdən ala bilməz. Aldığınız sahə bizim əmlakımızdır və oradan sizi çıxaracağıq” deyə hədələyirlər. - Heç bir kommunal xidmət olmadığı halda, cavabdeh tərəfindən kommunal haqq tələb edilir. İşığı və suyu özləri tərəfindən müəyyən edilmiş qiymətlərlə satırlar. Mülkiyyətdə olan qeyri-yaşayış sahələrinə ayrıca qaz, su, elektrik xətti çəkilməsi, abonent kodu verilməsi, sayğacla ödənişlərin edilməsi üçün müvafiq razılıq məktubları vermirlər. Qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh tərəfindən hüquqları çatmadığı halda, əsassız olaraq tələb etdikləri kommunal ödənişlərin tərəfindən ödənilməsinə baxmayaraq, qanunsuz şəkildə əlavə ödənişlərin ödənilməməsi səbəbindən işığı və suyu kəsilir, mülkiyyətində olan əmlakdan istifadə hüququ məhdudlaşdırılır. - İddiaçı artıq 1 ildir ki, 755.5 m2 qeyri-yaşayış sahəsindən məhrum olmuş, istifadə edə bilmir. Bu müddət ərzində əmlakı icarəyə verə bilmədiyi səbəbindən əldən çıxmış fayda olaraq 181 320 manat məbləğindən real zərərə uğramışdır. Bank kreditini ödəyə bilmədiyindən məcbur olub digər əmlakını satmışdır. Ona qarşı törədilən qanunsuz hərəkətlər nəticəsində mənəvi və fiziki iztirab, sarsıntı keçirmişdir. Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və bu cür qanunsuz hərəkətlərin qadağan edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. - Cavabdeh və onun rəhbərliyinin qanunsuz hərəkətləri və mülkiyyətindən istifadəyə dair maneləri bununla da bitmir. İşığın, suyun və qazın çəkilməsi və qeydiyyata alınması məqsədilə tərəfimdən müvafiq hərəkətlər görülsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu prosesə maneələr törədilmişdir. Mülkiyyətdə olan qeyri-yaşayış sahələrinə işığın, suyun, qaz xəttinin çəkilməsi, özünə məxsus sayğacımın quraşdırılması, istifadə edilən kommunal xidmətlərin dəyərinin sayğaclara uyğun ödəmək istəyir. Bununla əlaqədar iş üzrə maraqlı şəxslər olan "xxxx" ASC, Maraqlı şəxs İB, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” PHŞ-nə rəsmi müraciətlər edilmişdir. Yazılı və şifahi qaydada onlar bildirirlər ki, hər şey qaydasındadır, bütün sənədlər, texniki şərtlər tamamdır, bir cavabdehin razılığını da gətirin, xətləri çəkib sayğacları quraşdıraq. Amma iş üzrə cavabdeh əsassız olaraq, heç bir səbəb olmadan həmin razılıq məktublarını vermir. - Cavabdeh və onun rəhbərliyi açıq eyvanda quraşdırılacaq kombilərə Maraqlı şəxs 10 iyul 2024-cü il tarixli QYS000xx-xx-0147 №-li Texniki şərtinə əsasən, Fövqəladə Hallar Nazirliyinin X1 Görülməsi və X7 Agentliyinin Texniki təhlükəsizliyə dair ekspertiza rəyinin təsdiq edilməsi barədə qərarına, qaz təchizatı layihəsinə dair "xxxx" MMC-nin izahat cizgiləri, həmçinin AYMX-nin razılığı ilə qaz xəttinin qeyri-yaşayış sahəsinin fasad hissəsi ilə çəkilməsinə maneələr yaradır və əsassız olaraq buna razılıq vermir. Yəni dövlətin qurumları onun mülkiyyəti olan sahəyə qaz xəttinin çəkilməsini mümkün hesab edir, lakin cavabdeh buna razılıq verməyərək maneələr törədir. “ASAN Kommunal” mərkəzinə su sayğacının quraşdırılması və abonent kodunun açılmasına dair müraciət edilsə də, cavabdehin maneələri səbəbindən müraciət təmin edilməmişdir. - İşıqla bağlı yaranmış zərurət səbəbindən generator işlədir, bu isə qonşu ofislərdə işləyənləri narahat edir və onların iş prosesinə mane olur. Bununla bağlı "xxxx" ASC-nin çağrı mərkəzinə və Energetika Nazirliyinə müraciət edilmiş, lakin heç bir tədbir görülmür. - Kabel xəttinin X2 (ETŞ) qoşulması üçün xx.xx.2024-cü il tarixində “ASAN Kommunal” mərkəzinə EQTSA**********7968 nömrəli ərizə ilə müraciət edilmiş, lakin "xxxx" ASC tərəfindən ETŞ-yə qoşulma, təmin edilməmişdir. Buna səbəb də cavabdehin razılıq məktubu verməməsidir. Beləliklə cavabdeh və onun qanuni təmsilçilərinin razılıq məktublarını vermədiyindən və əsassız olaraq manelər yaratması səbəbindən mülkiyyəti olan qeyriyaşayış sahələrinə kommunal xidmətlər olan işıq, qaz, su xətlərinin çəkilməsi və sayğaçlarının quraşdırılması mümkün olmur. Nəticədə iddiaçı əmlakından istifadə edə bilmir.

9. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7ci mərtəbəsində iddiaçıya məxsus olan 755.5 m2 olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərin yerləşdiyi mərtəbənin koridoruna yeganə giriş qapısının bağlanması cavabdehə qadağan edilməsini, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində iddiaçıya məxsus olan 755.5 m2 olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərə, sayğac üzrə hesablanmış sərfiyyat dəyəri vaxtında ödənildiyi halda digər əsassız səbəblər gətirilərək verilən elektrik enerjisinin (işığın) və suyun, kəsilməsi, verilişinin məhdudlaşdırılması cavabdehə qadağan olunmasını, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli mansardlı binanın 7-ci mərtəbəsində iddiaçıya məxsus olan 755.5 m2 olan (1, 2, 3, 4, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18 saylı) ofislərə, təsdiqlənmiş layihəyə uyğun qaz xəttinin çəkilməsinə maneələrin yaradılması cavabdehə qadağan olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin 21 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə ərizədə qeyd olunan xüsusatları iş üzrə toplanmış digər sübutlarla (iddiaçıya məxsus ofislərin yerləşdiyi mərtəbənin koridoruna yeganə giriş qapısının bağlı olmasına dair foto-şəkillər, müvafiq qurumların məktubları, cavabdeh tərəfindən Məhkəmənin qəbul etdiyi müvəqqəti təminat tədbiri barədə qərardadının icra edilməsindən yayınması və s.) yanaşı qiymətləndirilməsi məqsədilə cavabdehin hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs olması halını araşdırmış və məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etmişdir.

13. Cavabdehin nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya öz mülkiyyətində olan sahədə müəyyən işlərin görülməsinə icazə versə də, iddiaçı özünə aid olmayan, yəni mülkiyyətindən kənar olmaqla başqalarına aid olan, o cümlədən dövlətə məxsus olan 640,3 m2 sahədə ibarət əmlakları tamamilə sökmüş, pol-laminat, tavan-alçipan, havalandırma, isitmə, soyutma, işıq, telekommunikasiya, rabitə, su, kanalizasiya, internet və bu qəbildən olan bütün lazımi və işlək vəziyyətdə olan tikililəri, qurğuları, avadanlıqları sökərək dağıtmışdır. Bununla əlaqədar olaraq dəfələrlə iddiaçıya xəbərdarlıq edilməsinə baxmayaraq buna məhəl qoyulmamışdır. İddiaçı yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə məhəl qoymadan ərazinin çöl zolağına, fasad sahəsində yerləşən eyvan çıxıntılarında qazanxana tikəcəyini, binada şərti olaraq qaz xəttinin çəkilişi nəzərdə tutulmayan ərazilərə qaz xətti çəkəcəyini və bununla bağlı bütün qərarları özünün verəcəyini iddia edərək tamamilə tikinti normalarına uyğun olmayan və insan həyatı üçün təhlükə mənbəyi olan işlər aparmaqdadır. İşə baxan birinci instansiya məhkəməsi isə işi hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

14. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

17. Maddə 29 (İ). Hər kəsin mülkiyyət hüququ vardır.

18. Maddə 29 (İİİ). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

36. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

37. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

38. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

39. İddiaçı, mülkiyyətində olan əmlakı barəsində cavabdehin hərəkətləri nəticəsində sərbəst istifadə etməməsini bildirmiş və cavabdehin həmin hərəkətlərə son qoyulmasını tələb edir; cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının həyata keçirmək istədiyi hərəkətlərin tikinti və yanğın qaydaları normalarının pozulmasına görə qanunsuz olduğunu irəli sürür.

40. X12 (§ 16 - 18), həm də onun davamı olaraq mülki qanunvericilik (§ 24) mülkiyyət hüququnun, o cümlədən mülkiyyətdən sahiblik və istifadə hüquqlarının qorunmasını təsbit etmişdir. Bu hüquq isə digər məsələlərlə yanaşı Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı).

41. Göründüyü kimi mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsi, həmçinin üçüncü şəxslərin müdaxiləsini aradan götürmək hüququnu da ehtiva edir və bu baxımdan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152.5-ci və 157.4-cü maddələri təşkil edir. Həmin normalar mülkiyyət hüququnun qorunması ilə əlaqəli olan mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi iddiasını, yəni neqator iddia ilə bağlı müddəaları tənzimləyir.

42. Ümumi olaraq əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır; petitor iddia anlayışı mülkiyyət hüququ barədə verilən iddiaları ehtiva edir.1

43. Neqator iddia dedikdə - mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin hayata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi neqator iddia da mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur. Başqa sözlə, neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, onun barəsində sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.2

44. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.3

45. Beləliklə, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır: 1. mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2. cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3. həmin hərəkətlər hüquqazidd olmalıdır.4

46. İş materiallarının tədqiqi onu deməyə əsas verir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən və 755,50 m2 sahədən ibarət 1, 2, 3, 4, 8, 9, 11, 13, 13, 14, 15, 16, 17, 18 saylı ofislər üzərində iddiaçının mülkiyyət hüquqları var. Mülkiyyət hüquqları iddiaçıya həmin əmlaka heç bir məhdudiyyət qoyulmadan sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları verir.

47. Bununla belə, cavabdeh ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrdən istifadə etməsinə maneələr yaratmaqla, "xxxx" ASC tərəfindən elektrik xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsinə, Maraqlı şəxs İB tərəfindən qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması, abonent kodunun verilməsinə, “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” PHŞ tərəfindən su xəttinin çəkilməsi, kanalizasiya xəttinə qoşulması, sayğacın quraşdırılması, abonent kodunun verilməsinə razılıq məktubu verməməklə iddiaçının konstitusion hüquqlarından biri sayılan mülkiyyət hüququnu əsassız şəkildə pozmuşdur. Belə pozuntuların aradan qaldırılması məqsədilə cavabdeh iddia tələbində irəli sürülən bütün maneələri aradan qaldırmalı və razılığı tələb olunan məsələlərlə əlaqədar razılıq məktubunu verməlidir.

1 Ali Məhkəmə, İş № 2(102)-1444/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1444+27.05.2024.pdf) (§ 26) Ali Məhkəmə, İş № 2(102)-1560/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1560+27.05.2024.pdf) (§ 27) 2 Ali Məhkəmə, İş № 2(102)-1541/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1541+04.06.2024.pdf) (§ 69) 3 Ali Məhkəmə, İş № 2(102)-3317/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_3317+24.10.2024.pdf) (§ 20, 52) 4 Ali Məhkəmə, İş № 2-1(102)-1573/2024, (https://sc.supremecourt.gov.az/storage/Inzibat/2024/9_1573+12.07.2024.pdf) (§ 40)

48. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1374/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar