Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-823/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2501/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5600 manat məbləğində pulun və 76 manat məbləğində dövlət rüsumu olmaqla 5.676 manat məbləğində pulun Cavabdeh barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2501/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2.500 (iki min beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2501/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə işə Mülki Məcəllənin əsassız varlanma qaydalarını tətbiq etməklə baxmışdır. Həmin Məcəllənin 1095-ci maddəsinin tələbinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı cavabdehdən tələb etdiyi pul məbləğinin bir hissəsini 2021-ci ildə, digər bir hissəsini isə daha əvvəlki dövrdə ona borc olaraq vermişdir. Lakin həmin vaxtdan iki ildən artıq müddət keçdikdən sonra borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin ona borcunun olduğuna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Lakin məhkəmə yalnız iddiaçının izahatı əsasında iddianı qismən təmin edərək 2500 manat pulun cavabdehdən alınıb iddiaçının xeyrinə tutulmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə cavabdehin iddiaçıdan ümumilikdə 9500 manat aldığını etiraf etdiyini qeyd edir. Lakin cavabdeh məhkəmə iclasında iddiaçıdan əvvəllər aldığı borcun miqdarının 3000 manatdan az olduğunu bildirmişdir. Hansı ki, həmin borcu tamamilə iddiaçıya geri qaytarıb. Daha sonra o, iddiaçıdan 6500 manat da borc alıb. Və həmin pulu da iddiaçıya ödəyib. Belə olan halda cavabdehin iddiaçıdan borc olaraq aldığı pulun ümumi məbləği 9500 manatdan az edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
12. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
13. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
15. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində mahiyyəti üzrə düzgündür.
19. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında olan borc münasibətlərinə dair Mülki Məcəllənin yuxarıda qeyd edilmiş şərti pozulduğundan, onlar arasında olan şifahi borc müqaviləsi əhəmiyyətsiz əqddir və ona görə də, hazırkı iş əsassız varlanma qaydaları tətbiq edilməklə həll edilməlidir.
20. Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsində məhkəmə iclasda borcun miqdarının 3000 min manat olduğunu bildirdiyini bildirsədə, kollegiya qeyd edir ki,məhkəmə iclas protokollarına baxış keçirilən zaman cavabdehin sədrlik edənin suallarına cavab olaraq bildirdikləri hazırda şikayətin dəlillərində qeyd etdiyi 3000 min manatdan az pul götürmüşəm ifadəsi ilə zidiyyət təşkil edir. Lakin cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclas protokollarına hər hansı qeydlə bağlı müraciət etməmişdir.
21. Belə Mülki Prosessual Məcəllənin 272.5-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər.
22. Həmçinin Məcəllənin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
23. Göründüyü kimi, cavabdeh tərəf ümumilikdə 9.500 manat pulun alındığını etiraf etmiş, almış olduğu pulu tam qaytarıldığını qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətədə qeyd edir ki, tərəflər arasında borc münasibətləri 2021-ci ildən başlasada uzun müddət davam etmişdir. Belə ki, tərəflərin verdiyi izahatlardan, işin hallarından müəyyən olunur ki, cavabdeh özüdə etiraf etdiyi kimi müəyyən məbləğ pul almış qaytarmış, yenidən pul götürmüş qaytarmış və münasibtələr bu formada davam etmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2501/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.