Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-824/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-498/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2777,19 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.03.2021-ci il tarixli e-2-2(113)-498/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 2020ci ilin yanvar ayında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan elektrik enerjisinin dəyərini tam şəkildə ödəməmiş və nəticədə 2777,19 manat borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Agentlik elektrik enerjisindən istifadəyə görə də ödənişləri tam və vaxtında yerinə yetirmiş, iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmamış, intizamlı istehlakçı kimi Agentlik ərizədə göstərilən məbləğdə borcun yaranmasına əsas olan müqavilə, habelə həmin borcun mövcudluğunu təsdiq edən faktları-sayğac göstəriciləri, maliyyə sənədləri və s. Agentliyə təqdim edilməsi üçün həm rəsmi, həm də qeyri-rəsmi şəkildə dəfələrlə "xxxx" ASC-yə müraciət etsə də, qarşı tərəf tələbinin əsası kimi iddia etdiyi faktları Agentliyə təqdim etməmişdir. Bu səbəbdən hesablanmış borcun hansı dövrü əhatə etdiyini, həmin borcun Agentliklə əlaqəsinin olubolmadığını, habelə elektrik enerjisi sərfinə görə yaranmış borcu təsdiq edən sənədlərin mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia əsasızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Lakin hazırki işdə cavabdehin elektrik enerjisinin dəyərinə görə borcunun olması müəyyən edilmir. Belə ki, iddiaçının özünün təqdim etdiyi 16.03.2021-ci il tarixli maliyyə arayışına əsasən 2015-2021-ci illər üzrə cavabdehin enerji sərfiyyatı üzrə borcu 65375 manat təşkil etmiş və cavabdeh tərəfindən 64567 manat ödənilmişdir. Eyni zamanda həmin arayışda cavabdeh tərəfindən 2021-ci ildə ödəniş edilmədiyi qeyd olunmuşdur. Lakin cavabdehin təqdim etdiyi 06 ədəd ödəniş sənədlərindən görünür ki, 03.03.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına cəmi 1440,54 manat ödənilmişdir. Göründüyü kimi 2015-2021-ci illər üzrə cavabdehin borcunun olması müəyyən edilmir, əksinə 632,54 manat artıq ödəməsi müəyyən edilir (65375 – 64567 – 1440,54 = – 632,54). Eyni zamanda iddiaçının təqdim etdiyi 16.03.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 2012-ci il üzrə 163 manat, 2013-cü il üzrə 1190 manat, 2014-cü il üzrə 1715 manat ödənilməmiş borcu qalmışdır. İlk olaraq kollegiya qeyd edir ki, Bakı Nəqliyyat Agentliyi Azərbaycan Respublikası Prezidentinin 21.12.2015-ci il tarixli 709 nömrəli Fərmanı ilə yaradılmışdır. İddiaçı isə cavabdeh Agentliyin yarandığı tarixdən əvvəlki illərə aid borcun ödənilməsini tələb edir. Bundan başqa Mülki Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə görə vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən 2012-2014-cü illər üzrə borcun tələb etməsi əsassızdır və iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə qiymət verilmədən iddia tamamilə rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-498/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-824/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-824/2021
27.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver