Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-824/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5242/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 16477 manat, hüquqi yardıma görə 790 manat, ödənilmiş 142 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5242/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlər, mülki prosessual qanunvericiliyin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5242/2025 saylı qərardadının ləğv barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri kimi iddia ərizəsində göstərilənlərdən əlavə qeyd edilmişdir ki, iddia tələbində vurulmuş maddi zərərin ödənilməsinin əsaslı olması ilə bağlı sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi qətnaməsi ilə dəymiş zərərin ödənilməsi tələbinə dair mübahisəsinə düzgün qiymət verilməməsi nəticəsində İddiaçı MMC-nin hüquqları pozulmuşdur. İddiaçı MMC-nin pozulmuş hüquqlarının bərpası üçün iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpa olunmasını ilə bağlı məhkəməyə müraciət edilmişdir. İddia tələbi cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 İddiaçı MMC-yə vurulmuş 16477 manat məbləğində maddi zərərin ödənilməsidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5242/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsindən göründüyü kimi, iddia tələbinin əsasını İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış 200 saylı X4 xx.xx.2025-ci il tarixində bağlanmış Əlavə Razılaşma təşkil edir. Tələbin yönəldiyi digər cavabdehlər – Cavabdeh3 və Cavabdeh1 – iddiaçı ərizəsində lizinq müqaviləsinin predmetini təşkil edən nəqliyyat vasitəsini idarə edən şəxslər kimi göstərilmişlər. Bununla belə, iddiaçı iddia ərizəsinin "tələb" hissəsində cavabdehlərin hər birinə qarşı yönəldilmiş tələb və ya tələbin müştərək qaydada bütün cavabdehlərə yönəldilməsi aydın şəkildə göstərilməmişdir. Göründüyü kimi, iddia ərizəsi “İddia ərizəsinin forması və məzmunu” ilə bağlı prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır. Tələbin konkretləşdirilməməsi məhkəmənin araşdırmasının aparılmasına mane olduğu kimi, cavabdehlərin müdafiə hüququnun həyata keçirilməsinə də məhdudiyyət yaradır. Şikayətə gəldikdə isə, kollegiya qeyd edir ki, iddiaçı tələbinin əsaslı olduğunu göstərməyə çalışsa da, birinci instansiya məhkəməsinin qərarında istinad etdiyi halları təkzib edən, iddia ərizəsinin prosessual tələblərə cavab verməsinə dair konkret arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5242/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-824/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-824/2025
25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver