Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-825/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2006/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.06.2021-ci il tarixli qərardadından Cavabdeh Firması tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Firmasına iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30.10.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 33507,93 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh Firması ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia olunan 30.11.2019-cu il tarixə 33507,93 manat məbləğində borcun Cavabdeh Firması tərəfindən dövlət büdcəsinə ödənilməsinin nəzərə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, e-2-2(113)-2006/2021 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Firması şikayət verərək, həmin qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə görə qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 149.2 və 149.2.3-cü maddələrində isə göstərilmişdir ki, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin qarşılıqlı iddia ərizəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı konkret tələb qoyulmamış və Cavabdeh Firması qarşılıqlı iddiada yalnız borcun ödənilməsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi qarşılıqlı iddia ərizəsi iddiaya qarşı etiraz xarakterlidir və ərizədə konkret tələb irəli sürülməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmiş, şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Firması tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2006/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-825/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-825/2021
12.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver