Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-825/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3, nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1420/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC cavabdeh "xxxx" ASC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" tərəfindən Azərişıq ASC-yə enerji sərfiyyatına görə artıq ödənilmiş 58603 manat və əldən çıxmış fayda olaraq 2930 manat 15 qəpik, məhkəməyə ödənilmiş 275 (iki yüz yetmiş beş) manat olmaqla, cəmi 61798,15 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1420/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, hesablanmış əlavə sərfiyyata görə ödənilmiş 58603 (əlli səkkiz min altı yüz üç) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 261,50 manat (iki yüz altmış bir manat əlli qəpik) olmaqla cəmi 58864,50 manat (əlli səkkiz min səkkiz yüz altmış dörd manat əlli qəpik) məbləğində pulun "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə geri qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh Azərişıq” ASC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
4. Cavabdehin apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
6. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya şikayətində qətnamənin əsassızlığı barədə dəlillər göstərilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz etdi.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır.
10. Həmin Qaydaların 8.1-ci və 8.2-ci bəndlərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.
11. Həmin Qaydaların 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
12. Həmin Qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həymin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
15. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında enerji təchizatı müəssisəsi ilə dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısı barədə xx.xx.2022-ci tarixli, 188217 saylı və xx.xx.2023-cü tarixli, 088551 saylı müqavilələr bağlanmışdır. İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri aralığında 22 elektron qaimə göndərilmişdir. Qaimələr məhkəməyə təqdim olunmuşdur. Həmçinin həmin qaimələr üzrə ödəniş sənədləri də təqdim olunmuşdur.
16. İddiaçı bildirmişdir ki, bunun nəticəsində artıq sərfiyyat hesablanmışdır. Belə ki, arayışda 2021-2023-cü illər ərzində yanlış tarif tətbiq olunması səbəbi ilə ümumi 58604,16 manat məbləğində artıq ödənişin edildiyi qeyd olunur.
17. Cavabdeh tərəf isə qeyd etmişdir ki, qeyd edilmiş illər üzrə hesablanmış sərfiyat abonentin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliyin tələblərinə riayət olunmaqla hesablanmışdır.
18. İş materiallarına əlavə olunmuş vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən iddiaçının əsas fəaliyyət növü “əmtəələrin qablaşdırılması üçün plastik məmulatların, plastik kisə, şanta, qutu, yeşik çamadan, böyük balon butulkaların istehsalı (kod 2222001), əlavə fəaliyyət növü kağız paketlərin istehsalı, yəni istehsal sahəsidir.
19. Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2016-cı il qərarına görə elektrik enerjisinin sərfiyyatı üçün 1 kv.s. görə qeyri-əhali qrupu üzrə istehsal sahələri üçün 9 qəpik, xx.xx.2021-ci ildən isə 10 qəpik müəyyən edilmişdir.
20. Həmçinin müəyyən olunur ki, icarəyə verən qismində "xxxx" ASC ilə icarəçi qismində İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1470,5 m2 əmlak kompleksi kimi müəssisə xx.xx.2029-cu il tarixədək Sumqayıt Avtomatservis” ASC tərəfindən İddiaçı MMC-yə icarəyə verilmişdir.
21. Cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri aralığında 22 elektron qaimə göndərilmiş, həmin qaimələr məhkəməyə təqdim edilmişdir. Qaimələrdə üzrə tarif 11 qəpikdən götürülmüşdür. Həmin qaimələr üzrə ödənişlərin edilməsi iş materialları ilə öz təsdiqini tapır.
22. Göründüyü kimi iddiaçının fəaliyyət növü onu qeyri-əhali qrupuna aid edir və həmin qrup üzrə elektrik enerjisinin sərfiyyatı üçün 1 kv.s. görə xx.xx.2021-ci ildən 10 qəpik müəyyən edilmişdir.
23. Bununla belə, 2021-ci ilin dekabr ayından başlayaraq İddiaçı MMC aid enerji sərfiyyatına görə faktura qaimələrində ticarət və xidmət sahəsi kimi qeyd olunmuş və enerji sərfiyyatına görə 1 kv.s.enerji qiyməti 11 qəpikdən hesablanmışdır.
24. Bununla bağlı iddiaçı cavabdehə müraciətlər etmiş və 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi İdarəsinin müəssisənin vergi uçot məlumatlarında əsas fəaliyyət növü barədə rəsmi məktub təqdim etdikdən sonra "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi istifadə edilən enerjinin qiymətlərini Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi qaydada 10 qəpikdən hesablanmasına razılıq vermiş və özünün kompüter bazasında dəyişiklik etmişdir.
25. Həmçinin "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “Xani“ MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 50-01/381 nömrəli məktubda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı "xxxx" ASC -nin rəhbərliyinə müraciət ünvanlanmışdır.
26. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablamalar tarif şurasının istehlakçılar qrupu üçün müəyyən edilmiş tarif üzrə aparılır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozularaq iddiaçıya münasibətdə hesablamalar müəyyən edilmiş tarif üzrə aparılmamışdır.
27. 2021-ci ilin dekabr - 2023-cü il sentyabr ayları ərzində İddiaçı MMC tərəfindən enerji sərfiyyatına görə "xxxx" ASC-yə 58603 manat artıq pul ödənilmişdir.
28. Buna görə də iddiaçı cavabdehdən elektrik enerjisi sərfiyyatına görə artıq ödənilmiş 58603 (əlli səkkiz min altı yüz üç) manat pul vəsaitinin tələb etməkdə haqlıdır.
29. Apellyasiya şikayətində qətnamənin əsassızlığı və qanunsuzluğu barədə dəlillər göstərilməmiş, yalnız işin halları qeyd edilməklə ümumi ifadələrdən istifadə olunmuşdur.
30. Lakin cavabdehin nümayəndəsinin apellyasiya icraatında təqdim etdiyi mülahizədən görünür ki, **********4 nömrəli abunə kodu üzrə Abunə haqqında məlumat vərəqində Avtoservis və ticarət xidməti yazılmışdır. Abunə kodunun qeydiyyatı 2002-ci ildə aparılmışdır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2016-cı il tarixli Qərarının 4.2-ci bəndinə əsasən qeyri əhali üzrə xidmət və ya digər fəaliyyət sahələrindən asılı olmayaraq tarif 9,0 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-cı il tarixli, 14 nömrəli Qərarının 4.2-ci bəndinə əsasən qeyri əhali üzrə tarif 2 hissəyə bölünmüşdür. Belə ki, Ticarət və xidmət üzrə (4.2.1-ci bənd) 11,0 qəpik, Digərləri üzrə (4.2.2-ci bənd) 10,0 qəpik müəyyən olunmuşdur. Respublika üzrə abonentlərin fəaliyyət sahəsinin müəyyən edilməsi "xxxx" ASC-nin məsuliyyətində deyildir. Bu müddət ərzində hər bir abonentə hesabfaktura təqdim olunur ki, həmin sənəddə də enerji üzrə tarif əks olunub. Bu zaman abonent özü fəaliyyət istiqamətini əks edən sənədi təqdim etməklə müraciət edərək tarif dəyişikliyini xahiş etməli idi. Necə ki, iddiaçı özü xx.xx.2023-cü ildə məktub ünvanlamışdır. Həmin məktuba uyğun olaraq xx.xx.2023-cü il tarixli məktubla İddiaçı MMC-yə bildirilmişdir ki, Regional İdarənin computer məlumat bazasında müəssisənin tarif növü dəyişdirilmişdir.
31. Cavabdehin bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixədək iddiaçının digər müraciətlərinə baxılmamış və tarif dəyişdirilməmişdir. Nəticədə əsassız olaraq 11 qəpikdən hesablaşma aparılmışdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, cavabdehin mülahizəsində göstərdikləri əsassızdır.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1420/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu müvafiq olaraq tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.