Məhkəmə qərarları › İş №2-2(103)-826/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-826/2021

02.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-826/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-764/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 13.10.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 15.212,20 manat, Dövlət Sosial Müdafiə Fonduna 25.240,81 manat və İşsizlikdən Sığorta Fonduna 185,31 manat məbləğdə borcun ödənilməsinin təmin edilməsi məqsədilə 15.700 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsi 13.03.2021-ci il tarixdə cavabdehin vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə cavabdehə çatdırılmış (iş vərəqi - 47), sonuncu tərəfindən tərtib olunmuş apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə 18.06.2021-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan 1 aylıq müddət ötürülmüşdür. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, qanunun sözügedən tələbinə zidd olaraq şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-764/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar