Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-828/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının və nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2132/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.06.2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 14.01.2020-ci il tarixli müqavilə üzrə 22616 manat pul məbləğinin, 27.08.2020-ci il tarixli əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqı və pul mükafatının cəmi 5200 manat və həmin məbləğin gecikdirilməsinə görə 11024 manat ödənc (cərimə) cəmi 16224 manat pul məbləğinin, mənəvi ziyana görə 20000 manat, ümumilikdə 58840 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, cavabdehin Azərbaycan Beynəlxalq Bankında AZE54İBAZ********************AZN olan hesablaşma hesabının (həmin hesabdakı pul vəsaitinin) üzərinə iddia tələbi həcmində həbsin qoyulması, eyni zamanda cavabdehə məxsus nəqliyyat vəsaitlərinin özgəninkiləşdirilməsinin, istifadəsinin cavabdehə qadağan edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, e-2-2(113)-2132/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-nin Azərbaycan Beynəlxalq Bankında AZE54İBAZ********************AZN olan hesablaşma hesabının üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan 22616 manat məbləği həcmində həbs qoyulması qərara alınmışdır. Cavabdeh "xxxx" ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 şikayəti müdafiə etdi, iddiaçının və nümayəndəsi və vəkili Vəkil isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdeh "xxxx" ASC-yə məxsus dəyəri 22616 manat məbləğində olan nəqliyyat vəsaitlərinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi az olmayan məbləğin, yəni 22616 manat məbləğində əsas borc vəsaitin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin ödənilməsində gecikmələrin yaranacağı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması özgəninkiləşdirilməsi qadağan edilmiş nəqliyyat vəsaitlərinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Bununla yanaşı kollegiya hesab edir ki, bank hesabı üzərinə həbsin qoyulması hissəsində ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Bu baxımdan kollegiya qeyd edir ki, fəaliyyətdə olan hüquqi şəxsin bank hesabı üzərinə həbsin qoyulması bilavasitə onun iqtisadi fəaliyyətinə mənfi təsir edən və maliyyə vəsaitlərindən bilavasitə istehsalatda istifadəsini qeyri-mümkün edən tədbirdir. Ona görə də, bu tədbirin seçilməsi zamanı bütün amillər və mütənasiblik nəzərə alınmalıdır. Cavabdeh "xxxx" ASC isə ölkədə fəaliyyət göstərən ən iri tikinti şirkətlərindən biridir və məlum məsələdir ki, onun iqtisadi fəaliyyəti birbaşa bank hesablarında olan pul vəsaitlərindən asılıdır. Eyni zamanda işin mübahisəsiz halıdır ki, cavabdehin mülkiyyətində kifayət qədər çoxsaylı nəqliyyat vasitələri və texnikalar mövcuddur. Ona görə də, kollegiya hesab edir ki, hal-hazırda iddianın təmini tədbiri kimi cavabdehə məxsus dəyəri 22616 manat məbləğində olan nəqliyyat vəsaitlərinin özgəninkiləşdirilməsinin qadağan edilməsi kifayətdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə qismən təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2132/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı X3 tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizə qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-yə məxsus dəyəri 22616 manat məbləğində olan nəqliyyat vəsaitlərinin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-828/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-828/2021
12.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver