Məhkəmə qərarları › İş №2-2(103)-828/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-828/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-828/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: avtomobilə vurulmuş ziyan, ziyanın əvəzinin ödənilməsi, icarə müqaviləsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 2014-cü il buraxılışlı, “Hyundai Elentra minik” markalı ** FS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə notarial təsdiqli etibarnamə vermiş, etibarnamə ilə ona məxsus buraxılış ili 2014-cü il olan “Hyundai Elentra minik” markalı ** FS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 5 il müddətinə etibar etmişdir.

3. "xxxx" MMC (icarəyə verən) ilə Cavabdeh (icarəyə götürən) arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair” icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus və ya ona müvəqqəti istifadəyə verilmiş buraxılış ili 2014 olan “Hyundai Elentra” markalı, sedan tipli, ** FS *** dövlət nömrə nişanlı tünd-boz rəngli nəqliyyat vasitəsini icarə qiyməti hər gün üçün 60 manat olmaqla müvəqqəti istifadəsinə, icarəyə vermişdir.

4. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli (icarəyə verilən avtomobilin texniki vəziyyəti və təhvil-təslimi haqqında) akta görə, “Hyundai Elentra” markalı ** FS *** dövlət nömrə nişanlı (tünd-boz rəngli) nəqliyyat vasitəsi saz vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Həmin akt İddiaçı və Cavabdeh tərəfindən imzalanmışdır.

5. Lerik rayonu Piran kəndində yaşayan X5 ərizəsində göstərmişdir ki, 25 avqust 2023-cu il tarixində işlətdiyi Lerik rayonu Piran kəndindəki avtomobil təmir sexinə tanımadığı sürücü idarə etdiyi “Hyundai Elentra” markalı ** FS *** dövlət nömrə nişanlı avtomobillə gəlmiş, sürücü avtomobilində nasazlıq olub baxmasını xahiş etmişdir. Maşını "yamaya” (çalaya) çıxartmış, baxanda mühərrikin altında yerləşən karterin zədələndiyini və zədəli yerdən yağın çölə süzülməsini və mühərrikdə yağın olmamasını müəyyən etmiş, həmin vəziyyətdə avtomobilin sürülməsinin mümkün olmamasını, mühərrikin "tökülə biləcəyini” ona izah etmiş, onun xahişi ilə karterin zədələnmiş, deşilmiş yerini təmziləyib, "kleyləmiş” (yapışdırmış), mühərrikə norma daxilində yağ tökmüş, ondan sonra sürücü çıxıb getmişdir.

6. xx.xx.2023-cü il tarixli 022 nömrəli qaimə-fakturada göstərilmişdir ki, “Hyundai Elentra” markalı ** FS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində "karterin deşilməsi və yağın axması nasazlığını aradan qaldırmaq üçün təmir xərci (ehtiyyat hissələrinin) dəyəri 3300 manat, əziyyət (usta) haqqı 350 manat olmuşdur (2 il və ya 50.000 mil zəmanət verilmişdir).

7. Cavabdeh fərdi sahibkar kimi (taksi fəaliyyəti) vergi ödəyicisidir.

8. İddiaçı fərdi sahibkardır, fəaliyyət istiqaməti “Yulafın becərilməsi”dir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, avtomobilinə vurulmuş ziyana görə 3300 manatın, avtomobilin işləmədiyi 10 günə görə itirdiyi 600 manat gəlirin, avtomobili daşıyan evakuator sürücülərinə ödədiyi 120 manatın, iddianı qaldırmağına görə ödədiyi 60 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixdə cavabdeh icarə müqaviləsi əsasında "xxxx" MMC vasitəsi ilə onun mülkiyyətində olan “Hyundai Elantra” markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə sürmək üçün qəbul etmiş, icarəyə götürdüyü avtomobili saz vəziyyətdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə ona yol vərəqəsi verilmişdir. 25.xx.xx.2023-cü il tarixində təxminən 19-20 radələrində cavabdeh zəng vuraraq avtomobili istismara yararsız halda olmasına görə Bakı-Astara yolunun Salyan rayonu ərazisində saxladığını bildirmiş, məlumatı eşidəndən sonra gecə ilə avtomobilin saxlanıldığı yerə getmiş, avtomobilin mühərrikinin tökülmüş və istismara yararsız vəziyyətdə olmasını görmüşdür. Avtomobili evakuatora yükləyib Bakı şəhərində yerləşən avtomobil təmiri sexinə gətirmiş, usta maşına baxanda karterin deşilməsini və oradan yağın axması səbəbindən mühərrikin tökülməsini müəyyən etmiş, karterin deşilmiş yerini kleyləmişdir. Cavabdehdən vurduğu ziyanı ödəməsini tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirməklə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, sonra da telefonla etdiyi zənglərə cavab verməmişdir. Naviqator aparatındakı görüntülərə baxanda avtomobilin Lerik rayonunun Zəriküməco kəndindən Piran kəndinə qayıdarkən 2 saata kimi Piran kəndində saxlanıldığı görünür. Cavabdeh avtomobili Piran kəndində yol kənarında yerləşən avtomobil sexinə aparmış, avtomobilin mühərrikində yağın olmamasını, karterin deşilmiş yerindən yağın axmasına görə orada ustaya karterin deşildiyi yeri kley vasitəsi ilə izolyasiya etdirməklə mühərrikə yağ doldurmuş, avtomobili Salyan rayonu ərazisinə kimi idarə etmiş və orada avtomobilin mühərriki tökmüşdür. Cavabdeh müqavilə şərtlərinə əməl etməməsi səbəbindən ona maddi ziyan vurmuşdur. Avtomobilin sıradan çıxmış hissələrini öz hesabına alaraq təmir etdirmişdir. Avtomobilin sıradan çıxmış ehtiyyat hissələri və vurulmuş ziyanın dəyəri aşağıdakılardan ibarətdir: Val dəyəri 1000 manat, yağ nasosu dəyəri 350 manat, şatun 4 ədəd - dəyəri 440 manat, porşen 4 ədəd dəyəri 260 manat, 4 ədəd kolsa dəyəri 140 manat, kladuşlar 9 ədəd dəyəri 180 manat, qiliz 4 ədəd dəyəri 230 manat, qalovka təmiri 120 manat, yağ-filter 5 L dəyəri 110 manat, antifliz 3 L dəyəri 30 manat, motorun moykası - dəyəri 30 manat, motor remeni 1 ədəd - dəyəri 70 manat və usta haqqı 350 manat olmaqla, vurulmiş ziyanın ümumi məbləği 3300 manatdır. Ziyanın məbləgi və avtomobiln təmirdə olması müddəti barədə fiziki şəxs tərəfindən verilmiş 022 saylı xx.xx.2023-cü il tarixli qaimə-faktura sənədi iddia ərizəsinə əlavə edilir. Avtomobil xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək təmirdə qaldığı 10 günə görə gündəlik 60 manat olmaqla 600 manat məbləğində qazancını itirmişdir. Avtomobilin Salyan rayonundan evuakatorla Bakı şəhərinə daşınmasına görə 120 manat pul ödəmişdir.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci və 21.1-ci maddələrinə istinad etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, əllavə olaraq bildirmişdir ki, maşını özü ustanın yanına aparıb təmir elətdirib təmirə görə 3300 manat pulu ustanın verdiyi qaimə-fakturaya əsasən nağd şəkildə ödəmişdir. Bununla bağlı sənədi yoxdur. Avtomobil Cavabdeh verilərkən bununla bağlı akt tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. Detallar təmir sexində dəyişdirilib. Cavabdehin naviqasiya ilə getdiyi yerləri izləmişlər, avtomobilin vurulduğu yerdə dayanması onlara şübhəli gəlib, zəng olunub, telefonu açmayıb. İki saatdan sonra təmir sexinə gedib, kley vurdurub. Bundan sonra, ona zəng edərək, maşının xarab olduğunu bildirmiş və onu gözləmədən çıxıb getmişdir.

13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, avtomobil onların mülkiyyətindədir, etibarnamə əsasında MMCyə verilmişdir. Avtomobilə ziyan 25 avqust tarixində dəymişdir. Yol nəqliyyat hadisəsi baş verməmişdir, ziyan yol nəqliyyat hadisəsi nəticəsində dəyməmişdir. Dəymiş ziyan mütəxəssis rəyi ilə təsdiq edilir. Cavabdeh tərəfindən avtomobil yolun qırağında atılmışdır, iddiaçı həmin tarixdə ora gedib evakuator xidməti vasitəsilə avtomobili Bakıya gətirmişdir. Karterin deşilməsi və oradan yağın axması səbəbindən mühərrik tökülmüşdür. Avtomobil etibarnamə əsasında “Rent a car” şirkətinə verilmiş, “Rent a car” şirkəti iddia qaldırmaq istəməmişdir. Ziyanın məhz Cavabdeh hərəkətləri nəticəsində vurulmasını təsdiq edən avtomobilə təmir xidməti göstərən usta X2 ərizəsidir və qaimə-fakturada avtomobilin sıradan çıxmış ehtiyat hissələri göstərilmişdir. Bu da maşına dəymiş ziyanı təsdiq edən sübutlardır.

14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblər barədə məlumat verməmişdir.

15. Birinci instansiya məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid olunması qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

16.1. İddiaçı iddia tələbinə əsas kimi cavabdehin "xxxx" MMC ilə bağladığı icarə müqaviləsi əsasında avtomobili saz vəziyyətdə qaytarmaq öhdəliyini daşımasına istinad etmişdir. Halbuki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı sözügedən icarə müqaviləsinin tərəfi qismində çıxış etmədiyindən həmin müqaviləyə əsaslanaraq tələb irəli sürə bilməzdi. 16.2. Odur ki, tələbin qanuni əsası kimi Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri çıxış edə bilərlər. 16.3. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, mülki qanunvericiliyin normalarını pozan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. 16.4. Hazırkı halda cavabdeh tərəfindən hüquqazidd təqsirli əməl törədilməsi, eləcə də cavabdehin əməli ilə iddiaçıya məxsus avtomobilə dəymiş zərərin arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı avtomobilinə dəymiş zərəri avtomobilin cavabdeh tərəfindən lazımi ehtiyatlılıq göstərilmədən sürülməsi nəticəsində avtomobilin alt hissəsinin daşa dəyməsi və avtomobilin karterinin deşilməsi ilə əlaqələndirsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilən Astara rayonunun Piran kəndindəki təmir sexinin ustası tərəfindən yazılması ehtimal edilən izahat notarial qaydada təsdiq edilməmiş, eləcə də sözügedən şəxs məhkəmədə şahid qismində dindirilərək izahatını təsdiqləməmişdir. Odur ki, həmin izahatın həqiqiliyi məhkəmədə şübhə doğurduğundan mötəbər sübut kimi qiymətləndirilməsi istisna edilir. 16.5. Hazırkı halda iddiaçının mülkiyətində olan avtomobilə maddi zərərin Cavabdeh törətdiyi delikt nəticəsində vurulması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddia əsassız olmaqla rədd edilməlidir.

17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1096-cı, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 107-ci maddələrinə istinad etmişdir.

18. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

25. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibətin mahiyyətini düzgün qiymətləndirməmiş, beləliklə də nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.

37. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

38. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

39. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, o, mülkiyyətində olan “Hyundai Elantra” markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında "xxxx" MMC-nin istifadəsinə, həmin MMC isə avtomobili cavabdehin icarəsinə vermiş, cavabdeh avtomobili saz vəziyyətdə sürmək üçün qəbul etmiş, lakin avtomobili mühərrikində yağ olmadan idarə etdiyi üçün mühərrik yararsız vəziyyətə düşmüş, bu səbəblə ona maddi ziyan dəymişdir.

40. İddiaçının sözügedən avtomobili etibarnamə əsasında "xxxx" MMC-nin istifadəsinə, həmin MMC-nin isə avtomobili cavabdehin icarəsinə verdiyi, avtomobilin cavabdehə təhvil verilməsi barədə aktı məhz iddiaçının və cavabdehin imzaladıqları işin mübahisələndirilməyən hallarıdır.

41. Belə olan halda kollegiyanın qənaətinə görə, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları (MM 1096, 1097) deyil, müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, avtomobil cavabdehə bilavasitə iddiaçının özü tərəfindən təhvil verildiyindən, onların arasında faktiki olaraq müqavilə münasibətləri yaranmışdır.

42. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.

43. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

44. Hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymiş olması - iş üzrə sübutetmənin predmetidir və kollegiyanın qənaətinə görə iddiaçı bu halı biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilmişdir.

45. Belə ki, avtomobilin cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilməsi, cavabdehin həmin avtomobillə Lerik rayonuna getməsi, Lerik rayonunun Piran kəndində yaşayan ustanın 25 avqust 2023-cu il tarixində “Hyundai Elentra” markalı ** FS *** dövlət nömrə nişanlı avtomobili idarə edən şəxsin onun təmir sexinə gəlməsi və onun xahişi ilə karterin deşilmiş yerini təmziləyib yapışdırdığı barədə yazılı izahatı, avtomobilin mühərrikinin məhz Bakı-Astara yolunun Salyan rayonu ərazisində sıradan çıxması iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halın mövcud olduğu nəticəsinə gəlməyə əsas verir.

46. Qeyd olunmalıdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).

47. Cavabdehin məhkəmə iclaslarına gəlmədiyini və iddia tələbinə qarşı heç bir etiraz bildirmədiyini də nəzərə alan kollegiya hesab edir ki, iddiaçının daha çox sübut təqdim edə bilməməsinin məsuliyyətini onun üzərinə qoymaq, bərabər mənafelərə bərabər münasibət prinsipinə zidd olardı.

48. Bununla belə kollegiya, iddiaçının iddia tələbini qismən əsaslı sayır və hesab edir ki, yalnız xx.xx.2023-cü il tarixli 022 nömrəli qaimə-fakturada göstərilən ehtiyat hissələrinin dəyəri qismində 2960 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

49. İddiaçı ustalara 350 manat ödədiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir; cavabdehin günlük 60 manat icarə haqqını ödəmək öhdəliyi isə iddiaçının deyil, "xxxx" MMC-nin qarşısında yaranmışdır.

50. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək qeyd edir ki, iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumlarının 50 manat hissəsi cavabdehdən alınıb ona ödənilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2435/2024 saylı iş üzrə 29 may 2024cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi qismində 2960 (iki min doqquz yüz altmış) manat, dövlət rüsumlarının əvəzi qismində 50 (əlli) manat olmaqla cəmi 3010 (üç min on) manat alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov X3 Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar