Məhkəmə qərarları › İş №2-2(103)-829/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-829/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-829/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-58/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.04.2021-ci il tarixli qərardadından cavabdeh “xxxx” QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və “xxxx” QSC-dən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 24 fevral 2015-ci il tarixli 11-15 USD saylı kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 111294,92 ABŞ dolları faiz, 553500 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 16.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115003,04 ABŞ dolları borc olmaqla, ümumilikdə 2279797,96 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “xxxx” QSC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı ASCyə qarşı qarşılıqlı iddia qaldıraraq, 24.02.2015-ci il tarixli 11-15 USD saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin ******* ABŞ dolları olan əsas borcunun İddiaçı ASC-də olan AZ46AZER**********01USD38130 hesabından silinməsi vəzifəsini iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin üzərinə qoyulmaqla öhdəliyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli e-2-2(113)-58/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC və “xxxx” QSCdən müştərək qaydada 24 fevral 2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsi (30 iyun 2016-cı il tarixli 01 saylı əlavə saziş) üzrə ******* ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 111294,92 ABŞ dolları faiz borcu, 23702,04 ABŞ dolları məbləğində cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 115003,04 ABŞ dolları faiz borcu, cəmi ******* ABŞ dolların ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 23,02 manat məbləğində pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Eyni zamanda Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli, e-2-2(113)- 58/2021 nömrəli qərardadı ilə iddiaçı “xxxx” QSC-nin cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nə qarşı kredit borcunun bankda olan hesabdan silinməklə öhdəliyə xitam verilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmış və iddiaçı “xxxx” QSC-yə hazırkı tələblərlə iflas proseduru çərçivəsində iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah edilmişdir. Cavabdeh “xxxx” QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 31.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə şikayətə etiraz etdi. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. “xxxx” QSC tərəfindən irəli sürülmüş tələblərin hazırki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə icraata xitam verilməsi və “xxxx” QSC-yə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilməsinin izah olunması barədə nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-58/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar