Məhkəmə qərarları › İş №2-2(103)-83/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-83/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-83/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə (Açar sözlər: işdə iştirak edən hüquqi şəxs ləğv olunduqda icraatına xitam) hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olmaqla) iddiasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 03.09. 2024-cü il tarixli, e-2- 2(113)-3118/2024 nömrəli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, 02-B/19 nömrəli borc müqaviləsinə görə Borc verən ("xxxx" ASC) bu Müqavilənin 1.3-cü bəndində göstərilən pul məbləğini dövriyyə vəsaitinin formalaşdırılması məqsədilə Borc alana ("xxxx" MMC) verməyi, Borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür.

2. Müqavilənin 1.2-ci maddəsinə görə müqavilə üzrə borc 17 aprel 2019-cu il tarixinədək verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır.

3. Müqavilənin 1.3-cü maddəsinə görə müqavilə üzrə borc məbləği 334 924 (üç yüz otuz dörd min doqquz yüz iyirmi dörd) manatdır.

4. Müqavilənin 3.2-ci maddəsinə görə borc borc verənə köçürmə yolu ilə qaytarılır.

5. 18.01.2019-cu il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 334 924 manat pul vəsaiti köçürülmüşdür.

6. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 13-B/19 nömrəli borc müqaviləsinə görə Borc verən ("xxxx" ASC) bu Müqavilənin 1.3-cü bəndində göstərilən pul məbləğini dövriyyə vəsaitinin formalaşdırılması məqsədilə Borc alana ("xxxx" MMC) verməyi, Borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür.

7. Müqavilənin 1.2-ci maddəsinə görə müqavilə üzrə borc 04 noyabr 2020-ci il tarixinədək verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır.

8. Müqavilənin 1.3-cü maddəsinə görə müqavilə üzrə borc məbləği 250000 iki yüz əlli min) manatdır.

9. Müqavilənin 3.2-ci maddəsinə görə borc borc verənə köçürmə yolu ilə qaytarılır.

10. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 250000 manat pul vəsaiti köçürülmüşdür.

11. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli, 15-B/18 nömrəli borc müqaviləsinə görə bu müqavilə Borc verən ("xxxx" ASC) tərəfindən Borc alana ("xxxx" MMC) 2-ci şüşəbişirən sobanın istehsalat xəttində olan avadanlıqların istismara yararlılığını müəyyən etmək məqsədilə texniki auditinin keçirilməsi üçün Borc alanın müraciətinə əsasən 142529 (Bir yüz qırx iki min beş yüz iyirmi doqquz) manat məbləğdə borcun verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

12. Müqavilənin 2.2-ci maddəsinə görə borc 27 fevral 2019-cu il tarixinə qədər olan müddətə verilir.

13. 28.11.2018-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 142 529 manat pul vəsaiti köçürülmüşdür.

14. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 04 iyun 2021-ci il tarixli, BE 4/21 nömrəli borc etirafı müqaviləsinə görə Borc alan ("xxxx" MMC) etiraf edir ki, onunla Borc verən ("xxxx" MMC ) arasında bağlanmış 15-b/18 nömrəli xx.xx.2018-ci, 02-b/19 nömrəli xx.xx.2019-cu, 13-b/19 nömrəli xx.xx.2019-cu il tarixli borc müqavilələri üzrə bu Müqavilə imzalandığı tarixə ümumilikdə 590 000 (beş yüz doxsan min) manat məbləğində pul borcu yaranmışdır.

15. . Müqavilənin 1.2-ci maddəsinə görə bu Müqavilə üzrə Borcun son qaytarılma müddəti xx.xx.2021-ci il tarixi müəyyən edilir.

16. "xxxx" ASC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, R1/23 saylı razılaşmaya əsasən bu razılaşma ilə iddiaçı, xx.xx.2018-ci il tarixli 001 nömrəli müqavilə üzrə "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 2022-ci ilin noyabr və dekabr ayları üzrə yaranmış 34982,28 manat məbləğində qalıq borcunun və "xxxx" MMCnin özəlləşdirmə prosesi başa çatanadək yaranacaq aylıq 17491,14 manat məbləğində xidmət haqqının ödənilməsini, "xxxx" MMC isə "xxxx" ASC tərəfindən ödəniləcək məbləğlərin xx.xx.2023-cü il tarixədək hissə-hissə və ya birdəfəlik ödənilməsini, "xxxx" MMC isə müqavilə ilə müəyyən edilən əmlakların mühafizəsini təmin etməyi öhdəsinə götürür.

17. . İddiaçı tərəfindən həmin Razılaşma üzrə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə isə 34982,28 manat pul vəsaiti ödənilmişdir.

18. Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli Müəssisənin mühafizəsi haqqında 001 saylı müqavilə bağlanmış, müqavilənin xx.xx.2021-ci il tarixli əlavəsi ilə aylıq xidmət haqqının 17491,14 manat olması razılaşdırılmış, "xxxx" MMC tərəfindən cavabdehə həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 45 nömrəli Sərəncamı ilə "xxxx" MMC Cavabdeh ASC-yə çevrilmiş, hazırkı cavabdeh "xxxx" MMC-nin hüquqi varisidir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

20. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 27 noyabr 2018-ci il tarixli 15-B-/18 nömrəli, 17 yanvar 2019-cu il tarixli 02-B/19 nömrəli və 4 dekabr 2019-cu il tarixli 13-B-/19 nömrəli müqavilələrə əsasən ümumilikdə yaranmış 659.964,59 manat məbləğində borcun və 949.96 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 27 noyabr 2018-ci il tarixli 15-B-/18 nömrəli borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə texniki auditin keçirilməsi məqsədilə 142.529 manat məbləğində borc verilmişdir. Həmçinin tərəflər arasında olan 17 yanvar 2019-cu il tarixli 02-B/19 nömrəli müqaviləyə əsasən isə 334.924 manat məbləğində, 4 dekabr 2019-cu il tarixli 13- B-/19 nömrəli müqaviləyə əsasən isə iddiaçı tərəfindən cavabdehə 250.000 manat məbləğində borc verilmişdir. Cavabdeh tərəfindən hər üç müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmədiyinə görə 659.964,59 manat məbləğində ödənilməyən borc qalmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC haqqında 28 fevral 2023-cü il tarixli 45 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh ASC adlandırılmış, bununla əlaqədar hüquqi şəxslərin dövlət reyestr məlumatlarında müəyyən dəyişikliklər edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq olaraq dövlət qeydiyyatına alınmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdehə 6 fevral 2024cü il tarixli 13-5/2-0052/2024 nömrəli pretenziya məktubu ünvanlanaraq Müqavilə üzrə 2 fevral 2024-cü il tarixinə ödənilməyən 659.964,59 manat məbləğində ödənilməyən borcun 5 (beş) gün ərzində iddiaçıya tələb olunmuş, lakin Cavabdeh bu günə kimi ödəniş etməmişdir. Beləliklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 659.964,59 manat məbləğində pulun ödənilməsi tələb olunur.

22. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3118/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

23. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

24. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində göstərilən 27 noyabr 2018-ci il tarixli 15-B-18 nömrəli müqaviləyə görə verilən borc 27 fevral 2019-cu il tarixində, 17 yanvar 2019-cu il tarixli -02-B/19 nömrəli müqaviləyə görə 17 aprel 2019-cu il tarixində, 4 dekabr 2019-cu il tarixli 13-B-/19 nömrəli müqaviləyə görə 04 noyabr 2020-ci il tarixlərində tam ödənilib qurtarmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 373.2-ci və 373.3-cü maddəsinə görə müqavilə tətləbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Mülki Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlayır. Həmin Məcəllənin 379-cu maddəsində iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar göstərilmişdir və maddədə göstərilən halların heç biri sözügedən mübahisəyə aid edilə bilməz. İddiaçının təqdim etdiyi borcun etirafı barədə 04 iyun 2021-ci il tarixli müqavilə cavabdeh tərəfin iradə ifadəsi olmadığına görə (cavabdeh müqavilə imzalanan zaman İddiaçının tabeliyində idi) həmin müqavilə iddia müddətinin axımının kəsilməsinə səbəb olmamalıdır. Razılaşma isə cavabdehin iddiaçının tabeçiliyindən çıxmasına cəmi 18 gün qalmış bağlanmışdır. Əgər cavabdehin belə məqsədi olsaydı o bunu daha əvəllər edə bilərdi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edir ki, iddia müddətinin tətbiqi hüquq münasibətləri iştirakçılarını intizamlandırır, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istina etməsini aradan qaldırır.

25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3118/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC-dən 659964,59 manat məbləğində pul, ödənilmiş 949,96 manat dövlət rüsumu, ümumilikdə 660914,55 (altı yüz altmış min doqquz yüz on dörd manat əlli beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

26. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli borc müqavilələri bağlanmış, iddiaçı həmin müqavilələrdən irəli gələn öhdəliklərini icra edərək ümumilikdə 727453 manat vəsaiti nağdsız qaydada cavabdehə vermiş, cavabdeh tərəfindən öhdəlik qismən icra edilərək, qalıq 590000 manat vəsait qaytarılmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı tələb üzrə iddia müddəti keçməmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli borc müqaviləsində öhdəliyin icrasının son günü xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə xx.xx.2020-ci il müəyyən edilmişdir. Həmin müqavilələr üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ərzində tərəflər arasında borcun etirafı barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanaraq öhdəliyin icrası müddəti uzadılaraq borcun qaytarılmasının son günü kimi xx.xx.2021-ci il müəyyən edilmiş, göründüyü kimi iddia müddətinin axımı kəsilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi vermiş, bununla da iddia müddəti ötürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli borc müqavilələri üzrə qalıq 590.000 manat borcun qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, Razılaşma üzrə "xxxx" MMC-yə cavabdehin əvəzinə xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə isə 34982,28 manat pul vəsaiti ödənilmişdir. cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Müəssisənin mühafizəsi haqqında” 001 saylı müqavilə və müqavilənin xx.xx.2021-ci il tarixli əlavəsinə əsasən aylıq xidmət haqqının 17491,14 manat olması razılaşdırılmış, "xxxx" MMC tərəfindən cavabdehə həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir. Beləliklə, məhkəmə cavabdehin borc müqavilələri və borcun ödənilməsi barədə razılaşmaya əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən borc müqavilələri üzrə yaranmış 590000 manat, borcun ödənilməsi barədə razılaşmaya əsasən yaranmış 69964,56 manat, ümumilikdə 659964,59 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 994,96 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

27. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 399.1-ci, 442-ci, 739.1-ci, 739.2-ci, 882.1-ci maddələrinə istinad etmişdir.

28. Həmin qətnamədən Cavabdeh ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ayrıayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

29. Cavabdeh ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi, qanunsuz, əsassız olduğu üçün ləğv edilməlidir. İşə baxılarkən hakim iddia ərizəsində və pretenziyada qeyd edilən tələblərdən kənara çıxaraq borc məbləğini 69 964,59 manat artıraraq həmin məbləğin də cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində və pretenziyada göstərilmədiyi halda hakim iddiaçı tərəfin nümayəndəsinin sonradan təqdim etdiyi xx.xx.2023-cü il tarixli R1/23 saylı razılaşmaya istinad edərək guya cavabdehin iddiaçının tabeliyində olan “ASK Security MMC-yə olan borcunun da cavabdehdən tutulmasını qət etmişdir. Halbuki, tərəflər arasında imzalanmış 10 fevral 2023-cü il tarixli Borcun ödənilməsinə dair Razılaşma №R1/23-ün 6.2-ci maddəsinin tələbinə görə yaranmış mübahisə məhkəmədən əvvəl mediasiya prosesini keçməli idi. Həmin Razılaşmanın 6.3. bəndinə görə mübahisə medisiya qaydasında həll edilmədikdə aidiyyəti üzrə məhkəməyə müraciət oluna bilərdi. Cavabdehin bu barədə verdiyi vəsatətə hakim tərəfindən hüquqi qiymət verilmədi. Göründüyü kimi tərflər arasında bağlanmış müqavilənin şərtinə görə əgər tərəflər arasında mübahisə yarandıqda mübahisə ilkin olaraq mediasiya müraciət olunacaq, mediasiya prosesində tərəflər razılığa gəlinmədikdə məhkəməyə müraciət olunacaqdır. Yəni ilkin olaraq mediasiya prosesindən keçmək müqavilə ilə şərtləndirilmişdir. Lakin iddiaçı müqavilə şərtlərinə əməl etməmiş, məhkəmə isə tərəflər arasında bağlanmış müqavilənin mühüm şərtlərinə əməl olunmamasına əhəmiyyət verməmiş, icratında olan işi düzgün araşdırma aparmamış, işə səthi yanaşaraq qətnamə qəbul etmişdir. Məhkəməyə verilmiş etirazda da qeyd edilmişdir ki, iddiaçı 28 fevral 2023-cü ilədək cavbdehin təsisçisi olduğuna görə cavbdeh onun tabeçiliyində olmuşdur. İddiaçı bu vəziyyətdən istifadə edərək cavabdehi ona aid olmayan ödəmələr etməyə məcbur etmişdir: Mühafizə xidmətinə görə iddiaçının tələb etdiyi borcla əlaqədar isə bildirmişdir ki, həmin borc "xxxx" ASC-nin törəmə müəssisəsi olan "xxxx" MMC-yə göstərilən mühafizə xidmətinə görə yaranmışdır və o borcun cavabdehə heç bir aidiyyəti olmamışdır, bununla bağlı iş materiallarında heç bir sübut yoxdur. Təqdim olunmuş etirazda da qeyd edilmişdir ki, "xxxx" ASC-nin birbaşa göstərişi əsasında Razılaşmanı imzalayan tərəflərdən biri- "xxxx" MMC- iddiaçıya məxsus müəssisələrdə mühafizə xidmətini həyata keçirmək üçün yaradılmış qurumdur. "xxxx" MMC ilə cavabdeh arasında 17 iyul 2018-ci il tarixində bağlanmış müqaviləyə görə cavabdeh öz ərazisinin mühafizəsi üçün haqq ödəməli olduğu halda həmin müqavilənin Əlavələrində Cavabdehlə bərabər "xxxx" MMC-nin də mühafizəsi qeyd edilib və həmin xidmətə görə haqq "xxxx" MMC-dən tutulub. "xxxx" ASC-nin Baş direktoruna "xxxx" MMC-nin direktoru tərəfindən 15 aprel 2021-ci il tarixində ünvanlanan 125- 2021 nömrəli məktubda qeyd edilib ki, "xxxx" MMC-nin əvəzinə "xxxx" MMC tərəfindən 128882.23 AZN ödənilibdir. Yəni, iyul 2018-ci ildən fevral 2021-ci ilədək cavabdeh tərəfindən "xxxx" ASC-nin birbaşa göstərişi əsasında hər ay təqribən 6267manat 57 qəpik ödəniş edilib. Həmin ödənişlər təqdim edilən e-qaimələrdə də öz əksini (ayrıca qrafa formasında) tapır. 2020-ci ilin mart ayından 2023-cü ilin fevral ayınadək (mart və fevralda da daxil olmaqla- 36 ay) bu ödənişlər tam formada davam edib. Beləliklə, göstərilən müddət ərzində Cavabdeh iddiaçı"xxxx" ASC-nin tabeliyində olan "xxxx" MMC-nin mühafizə xidmətinə görə ödəməli olduğu 225632 manat 52 qəpik borcu "xxxx" MMCyə ödəyib. 2021-ci ilin fevralınadək yaranmış 128882.23 manat börcu da nəzərə aldıqda iddiaçının tabeliyində olan və guya borcu güzəşt etdiyi "xxxx" MMC-nin əvəzinə Cavabdehin 354514 manat 75 qəpik ödəniş etməyə məcbur edildiyi məlum olur. Qeyd edilənlərdən əlavə, İdidaçının göstərişinə əsasən cavabdeh təkcə "xxxx" MMC-nin əvəzinə deyil, həm də "xxxx" MMC-nin də əvəzinə mühafizə xidmətinə (yəni "xxxx" MMC-yə), enerji daşıyıcılarına (qaz, işıq), xammal təchizatına və işçilərin əmək haqqı borcuna görə 322457 manat 66 qəpik ödəmişdir. Beləliklə, ümumilikdə iddiaçı "xxxx" ASC cavabdehi məcbur edib ki, ona aid olmayan xidmətlərə görə "xxxx" ASC-nin tabeliyində olan başqa qurumlara 676972 (altı yüz yetmiş altı min doqquz yüz yetmiş iki) manat 41 qəpik ödəniş etsin. Və bunu təmin etmək məqsədilə də müxtəlif vaxtlarda İddia ərizəsində göstərilən Borc müqavilələrini imzalatdırıb və borcu əvəzləşdirmək bəhanəsi ilə həmin ödənişlər əvəzləşdirmək bəhanəsi ilə həmin ödənişləri icra etdirib. Qeyd edilənlərin təsdiqi olaraq sözügedən ödənişləri təsdiq edən sənədlərin bir hissəsi Cavabdeh tərəfindən (Prosesin təxirə salınması barədə Vəsatətə əlavə edilmişdi) hazırılıq mərhələsində iş materiallarına əlavə edilmişdi, o cümlədən “ASK Secuity” MC ilə Mühafizə barədə müqavilə və həmin müqaviləyə əlavə, 4 vərəq e-qaimə; "xxxx" ASC-yə həmin ödəmələrlə bağlı göndərilmiş 125-2021, 78-2021, 124-2021, ***-**** və ***- **** saylı məktubların skan surətləri. Lakin məhkəm cavabdehin təqdim etdiyi mötəbər sübutları nəzərə almamış, iş materiallarında olan sübutlara isə düzgün hüquqi qiymət verməmiş, iş materiallarında olan sübutları iddiaçının xeyrinə şərh edərək əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməmiş, iddiaçı və cavabdeh arasında bağlanmış Borcun ödənilməsinə dair Razılaşmanın bəndlərini əsassız olaraq iddiaçının mənafeyinə uyğun tətbiq etmiş, qətnamə qəbul edərkən maddi və prosesual pozuntulara yol vermişdir. Odur ki, Birinci İnstansiya Məhkəməsinin qətnaməsi ləğv edilməli iddia tələbi rədd edilməlidir.

30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən mülki və prosessual qanunvericiliyinin tələblərini nəzərə almamış, hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi bağlanmış müqavilələrdə tərəflərin əsl niyyətinin nədən ibarət olması, bağlanmış müqavilə üzrə tərəflərin həqiqi iradələrinin ifadə olunmasının aşkar edilməsi üçün müqavilənin məqsədinə uyğun olaraq görülmüş işlərin nəticəsi, ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi, bununla da tərəflər arasında bağlanmış müqavilələrin görünüş üçün aralarında olan gizli sövdələşməni ört-basdır etmək məqsədilə deyil, qanunvericiliklə nəzərdə tutulmuş etibarlılıq tələblərinə uyğun olaraq bağlanması araşdırılmamış, yalnız formal olaraq tərəflər arasında bağlanmış müqavilənin mövcudluğuna əsaslanaraq iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Belə ki, tərəflər arasında bağlanmış hər üç borc müqaviləsindən görünür ki, qeyd olunan müqavilələr 2018-2019-cu illər aralığında çox qısa zaman kəsiyində bağlanmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yüksək məbləğdə kredit borclarının ödənilməsi qabiliyyəti olmadığı, bağlanmış borc müqaviləsində göstərilmiş son ödəniş tarixinədək "xxxx" ASC-yə müqavilə üzrə hər hansı pul vəsaiti qaytarılmadığı bir halda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə davamlı olaraq kredit ayrılması qeyd olunan əqdlərin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığına dəlalət edir. Bundan əlavə nəzərə alınmalıdır ki, "xxxx" ASC tərəfindən yüksək məbləğdə kreditlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılan zaman həmin kreditlərin real təminatının təmin edilməsi ilə bağlı hər hansı qanunamüvafiq tədbirlər görülməmişdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd olunur ki, əqdin yalan olubolmamasıməsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Dövlət Vergi Xidmətinə sorğu verilməsi və bu faktların araşdırılması ilə bağlı qeyd olunan qurumun üçüncü şəxs qismində cəlb edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vəsatətlə birinci instansiya məhkəməsinə müraciət olunmasına baxmayaraq vəsatət təmin edilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

31. Məhkəmə kollegiyası apellyasiya şikayətini mümkün hesab edilmiş, icraata qəbul edilmişdir.

32. Cavabdeh MMC və Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti AZEMİS elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddiaçı "xxxx" ASC-nin ləğv olunduğunu bildirmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər

33. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

34. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

35. Üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 261.0.8 işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim işin icraatına xitam verir.

37. Maddə 384.0.5 apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq işin icraatına xitam verilməlidir.

39. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli, 431 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edilmişdir.

40. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərdən biri olan hüquqi şəxs ləğv olunduğundan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3118/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3118/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar