Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-830/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-43/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi, 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üçün mənfəət və zərərin bölüşdürülməsi, həmin dövr üzrə illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması, həmin dövr üzrə illik maliyyə hesabatlarının və mühasibat balanslarının təsdiq olunması, Cavabdeh MMC-nin iştirakçıları əlavə pay qoyuluşu ilə cəmiyyətin nizamnamə kapitalının artırılması məsələsinin yığıncağın gündəliyinə daxil edilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi ilə MMC-nin 2019-cu ilin yanvar ayından 2022-ci ilin yanvar ayına qədər olan dövr üçün mənfəət və zərərin bölüşdürülməsi, Cavabdeh MMC-nin təsisçisi İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən restoranın təmirinə və fəaliyyətin qurulmasına sərf etdiyi 327750 manat vəsaitin onun nizamnamə kapitalına pay qoyuluşu kimi nəzərə alınması barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən rəsmi olaraq Cavabdeh MMC-nin 49 faiz payla təsisçilərindən biridir. Lakin 2019-cu ilin mart ayından etibarən Cəmiyyətin idarə edilməsindən və fəaliyyətindən tam olaraq kənarlaşdırılmışdır. Cavabdeh MMC-nin Nizamnaməsinin 4.2-ci maddəsinə əsasən hər bir təsisci Cəmiyyətin Ümumi Yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə şəxsən iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən Neşvə restoranının təmiri, dizaynı, yenidən qurulması və fəaliyyətinin təşkilinə 231 810 manat məbləğində maya qoyuluşu etmiş və bu günə qədər həmin MMC-nin göstərilən restoranla bağlı fəaliyyəti üzrə yaranmış borc öhdəliklərini 95 940.00 manat məbləğində icra etmişdir. Bundan başqa bugünədək Cəmiyyətin iştirakçılarının heç bir il üçün növbəti ümumi yığıncağı keçirilməmiş, illik maliyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar audit cəlb olunmamış, cəmiyyətin illik hesabat və mühasibat balansları təsdiq edilməmiş, mənfəət və zərər bölüşdürülməmişdir. Qanunun tələbinə əsasən cəmiyətin 49 faiz paylı iştirakçısı olaraq onun MMC-nin fəaliyyəti nəticəsinə əldə edilmiş mənfəətdən payına uyğun mənfəət almaq hüququ vardır. Lakin bu günə qədər xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə Cəmiyyətin Ümumi Yığıncağı tərəfindən qərar qəbul edilməmişdir. Bu məsələlərlə bağlı olaraq Cəmiyyətin ümumi yığıncağının keçirilməsi üçün Cavabdeh MMC-nin digər iştirakçısı, cavabdeh X2 dəfələrlə müraciət etmiş, xx.xx.2021-ci il tarixli pretenziya məktubunu həm Cavabdeh MMC-nin hüquqi ünvanına, həm də Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Neşve” restoranına ünvanlamış, lakin qarşı tərəf bu məktubu qəbul etməkdən imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-43/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.3 və 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Cavabdeh MMC-nin Nizamnaməsinin 4.1-ci bəndinə əsasən Cəmiyyətin ali orqanı onun iştirakçıların ümumi yığıncağıdır. Nizamnamənin 4.3-cü bəndinə əsasən ümumi yığıncağın müstəsna səlahiyyətlərinə həm də cəmiyyətin nizamnamə kapitalının miqdarının dəyişdirilməsi; cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarının və qaydasının müəyyən edilməsi; cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi aiddir. Qeyd olunan maddi hüquq normalarının və Nizamnamənin müddəalarının məzmunundan müəyyən olunur ki, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarının və qaydasının müəyyən edilməsi, mənfəət və zərərin bölüşdürülməsi, cəmiyyətin illik maliyyə hesabatlarının və mühasibat balanslarının təsdiq olunması məsələsi yalnız cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbəti və növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə MMC-nin nizamnaməsi ilə tənzimlənir. Bu səbəbdən, MMC-nin üzərinə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməklə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması məhkəmənin səlahiyyətinə aid deyildir. Bu baxımdan kollegiya hesab edir ki, "xxxx" MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi ilə MMC-nin 2019-cu ilin yanvar ayından 2022-ci ilin yanvar ayına qədər olan dövr üçün mənfəət və zərərin bölüşdürülməsi, həmin dövr üzrə illik maliyyə hesabatlarının və mühasibat balanslarının təsdiq olunması, Cavabdeh MMC-nin iştirakçıları əlavə pay qoyuluşu ilə cəmiyyətin nizamnamə kapitalının artırılması məsələsinin yığıncağın gündəliyinə daxil edilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-nin təsisçisi İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən restoranın təmirinə və fəaliyyətin qurulmasına sərf etdiyi 327750 manat vəsaitin onun nizamnamə kapitalına pay qoyuluşu kimi nəzərə alınması ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, həmin hissələrdə iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Bununla yanaşı kollegiya hesab edir ki, 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üzrə illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması hissəsində iş üzrə icraata xitam verilə bilməz. Belə ki, Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin maddənin tələblərindən də göründüyü kimi cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Hazırki işdə də iddiaçı cavabdehə "xxxx" MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi tələbi ilə müraciət etmiş və növbəti ümumi yığıncağın gündəliyinə həm də "xxxx" MMC-nin 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üçün illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması məsələsinin daxil edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən onun bu hüququ təmin edilməmişdir. Bu baxımdan kolegiya hesab edir ki, iddiada irəli sürülmüş 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üzrə illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üzrə illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması barədə iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməli və həmin hissədə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-43/2023 nömrəli qərardadı qismən, yəni 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üzrə illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması barədə iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2-2(103)-830/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-830/2023
01.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver