Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-832/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-436/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6083.38 AZN əsas borc, 768.16 AZN faiz borcu, 95.58 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 6947.12 AZN borcun və 100 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-436/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6083 (altı min səksən üç) manat 38 (otuz səkkiz) qəpik əsas borc, 592 (beş yüz doxsan iki) manat 74 (yetmiş dörd) qəpik faiz borcu və ödənilmiş 100 (yüz) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-436/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın dəbbə pulu hissəsində təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. Belə ki, işin hallarından görünür ki, borclu 20 dekabr 2019-cu il tarixli kredit müqavilsindən irəli gələn öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Öhdəliklərin icrasıgirov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Qeyd olunan iş üzrə cavabdeh tərəfindən əsas öhdəlik tam yerinə yetirilmədiyi üçün öhdəliyinin icrasının təmini üsullarından biri olan cərimə məbləğinin cavabdehlərdən tutulmaması qənaətinə gəlməklə məhkəmə yanlış qərar qəbul etmişdir. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Hazırki iş üzrə dəbbə pulunun tutulması ilə bağlı maddə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə və həmin tarixli ödəniş cədvəlində, həmçinin xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlində göstərilmişdir. Lakin məhkəmə qərar qəbul edərkən bu sübutları diqqətlə nəzərdən keçirməmiş və nəticədə cərimə məbləğinin tutulmaması hissəsində səhv nəticəyə gəlmişdir. Qeyd olunan işlə əlaqədar məhkəmə təqdim olunan sübutları tamaraşdırmadan qiymət vermiş, 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin 4.6-cı, 4.8-ci, 6.4.3-cü maddələrində 5% həcmində cərimə məbləğinin hesablanacağı qeyd olunmuşdur. 20 dekabr 2019-cu il tarixli ödəniş cədvəlində də ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 5% cərimə hesablanaraq tutulacağı, 22 may 2020-ci il tarixli ödəniş cədvəlində də ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,2% cərimə hesablanaraq tutulacağı, 27 oktyabr 2020-ci il tarixli ödəniş cədvəlində də ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,2% cərimə hesablanaraq tutulacağı ödənişin vaxtında aparılmamasına görə cərimə borcunun hesablanaraq tutulacağı qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
12. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın cərimə hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın yalnız cərimə hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulmaması barədə apellyasiya şikayətinin dəlili əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mahiyyəti üzrə düzgündür.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-MZ2-2-0-689-19 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 30% olmaqla 18 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Daha sonra Əlavə Sazişlərlə kreditin müddəti xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı eyni zamanda cavabdehlərdən 95,58 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli 3-MZ2-2-0-689-19 nömrəli kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə məbləğinin hansı qaydada hesablanması və tutulması ilə bağlı razılaşma öz əksini tapmamışdır. Bu səbəbdən, iddia tələbi cərimə məbləğinin tutulması hissəsində təmin edilə bilməz.
18. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
19. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, müqavilədə cərimə faizinin miqdarı nəzərdə tutulsa da, cərimənin hesablanması qaydası nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə əsaslı olaraq iddianı rədd etmişdir.
21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Həmçinin iddianın qiymətinin mübahisələndiirlən hissədə on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-436/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.