Məhkəmə qərarları › İş №2-2(103)-832/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-832/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-832/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1770/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə X4 (satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AK-324/22 nömrəli avtomaşının alqı-satqı müqaviləsinə əsasən “Porsche” minik markalı, 2014-cü il buraxılışı, WP1ZZZ95ZFLB62556 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsini satıcı iddiaçıya satmağı, iddiaçı isə həmin nəqliyyat vasitəsini lizinq obyekti məqsədilə alıb qiymətin 17850 manat hissəsini avans qaydasında, 53550 manat məbləğində pulu isə təhvil-təslim aktı imzalandıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı ilə X6 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı lizinq alan tərəfindən seçilmiş və müqaviləyə 02 nömrəli əlavədə qeyd olunmuş, ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikası qanunvericiliyi, habelə lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq müddəti 36 ay olması, qiymətin 17850 manat hissəsinin avans şəklində satıcıya ödənilməsi, qalan 53550 manat hissənin isə illik 23 faiz dərəcəsi ilə ödənilməsi razılaşdırılmışdır.

3. İddiaçı, X6 və X5 arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli LM-324-1/22 nömrəli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alanın hüquqları, öhdəlikləri, lizinq obyektinin X3 verilməsi razılaşdırılmışdır;

4. İddiaçı, X5 və Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli LM-324- 2/23 nömrəli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alanın hüquqları, öhdəlikləri, lizinq obyektinin Cavabdeh1 verilməsi razılaşdırılmışdır;

5. xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2023-cü il tarixli 6 nömrəli əlavə olan ödəmə cədvəlindən görünür ki, 01 dekabr 2023-cü il tarixdən 01 noyabr 2026-cı il tarixədək 36 ay müddətinə hər ay 2135,07 manat (sonuncu ay 2134,99 manat) olmaqla ümumilikdə 55155,87 manat əsas məbləğ, 21706,57 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır;

6. xx.xx.2023-cü il tarixli LM-324-2/23 nömrəli təhvil-təslim aktına əsasən “Porsche” minik markalı, 2014-cü il buraxılışı, WP1ZZZ95ZFLB62556 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən təhvil alınmışdır;

7. Cavabdeh1 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, 57072,65 manat məbləğə 36 ay müddətinə yeni qrafikin açılması xahiş olunmuş, xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2024-cü il tarixli 7 nömrəli əlavə olan ödəmə cədvəlinə əsasən, 23 fevral 2024-cü il tarixdən 23 yanvar 2027-ci il tarixədək 36 ay müddətinə hər ay 2209,27 manat (sonuncu ay 2209,09 manat) olmaqla ümumilikdə 57072,65 manat əsas məbləğ, 22460,89 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır;

8. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Mirabadulla (zamin qismində) oğlu arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli 324-2/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin lizinq verən qarşısında lizinq alanının xx.xx.2023-cü il tarixli 324-2/23 nömrəli illik 23 faiz, 55155,87 manat məbləğdə, 36 ay müddətinə daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

9. 27 noyabr 2024-cü il tarixli məktubla iddiaçı Cavabdeh1 müraciət edərək müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 324/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında xx.xx.2023-cü il tarixli L/M-324-2/23 saylı müqaviləyə əsasən 57072,65 manat əsas borc, 8605,33 manat faiz borcu, 4717,87 manat dəbbə pulu olmaqla ümumilikdə 70395,85 mnat məbləğində pulun və ödənilmiş 302 manat dövlət rüsumu, 0,4 manat bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2-2(113)-1770/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli 324/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli L/M-324-2/23 saylı müqavilə üzrə 17968,73 manat əsas borc, 900 manat dəbbə pulu olmaqla ümumilikdə 18868,73 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi,ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

12. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1770/2025 saylı qətnamənin ləğv edilməsi, iddia tələbin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 01 noyabr 2023-cü il tarixli L/M-324-2/23 saylı müqavilə bağlandıqdan sonra “Porsche” minik markalı, “Universal” tipli, WP1ZZZ95ZFLB62556 ban nömrəli, qara rəngli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın sahiblik və istifadəsinə verilmişdir. Cavabdehlər tərəfindən öhdəliklər icra olunmadığından iddiaçı tərəf olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Lizinq predmeti cavabdehlər tərəfindən lizinq verənə təhvil verilmədiyi üçün, yəni lizinq alanın sahiblik və istifadəsində olduğu üçün iddia tələbimizdə müqavilə üzrə bütün ödənişlərin verilməsini tələb etmişik. Məhkəmə tərəfindən isə lizinq predmetinin lizinq alanın sahiblik və istifadəsində olması nəzərə alınmadan yalnız xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət əsas götürülməklə iddia tələbi qismən təmin edilmişdir. Hesab edirik ki, bununla da AR Mülki Məcəlləsinin 748-10.1 və 748-13.4-cü maddələrinin tələbləri pozulmuşdur. Hazırkı halda tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinin lizinq obyektinə mülkiyyət hüququnun keçməsi qaydasını müəyyən edən müvafiq bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə üzrə Lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış dəbbə pulu və cərimələrin ödənilməsi şərti ilə, Lizinq alan Lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər. Bunun üçün Lizinq alan Lizinq verənə Lizinq obyektinin öz mülkiyyətinə əldə etməyə hazır olması barədə məlumat verməlidir. Bu halda Lizinq obyektinin satınalma dəyəri lizinq ödənişi cədvəlinin son ayı üzrə lizinq ödənişinin məbləği (cari dəyər və faiz) təşkil edir. Son lizinq ödənişi, dəbbə pulu və cərimələr ödənildikdən sonra Lizinq verən, Lizinq alana Lizinq obyektinə mülkiyyət hüququnu verən sənədlərin hazırlanmasını öhdəsinə götürür. Lizinq obyektinə mülkiyyət hüququnun keçməsi/yenidən rəsmiləşdirilməsi ilə bağlı xərcləri Lizinq alan ödəyir. Həmin qərardada əsasən esab edirik ki, lizinq predmeti lizinq alana geri qaytarılmadığı üçün bütün müqavilə üzrə ödənişlərin tərəfimizdən tələb edilməsi əsaslı olmuşdur və iddia tam təmin edilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, cavabdeh gəlməməyinin səbəbləri barədə məlumat verməmiş, iddiaçının nümayəndəsi Qanuni nümayəndə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

17. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

18. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

19. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində (lizinq ödənişi məbləğində) yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır

27. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə X4 (satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AK-324/22 nömrəli avtomaşının alqı-satqı müqaviləsinə əsasən “Porsche” minik markalı, 2014-cü il buraxılışı, WP1ZZZ95ZFLB62556 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsini satıcı iddiaçıya satmağı, iddiaçı isə həmin nəqliyyat vasitəsini lizinq obyekti məqsədilə alıb qiymətin 17850 manat hissəsini avans qaydasında, 53550 manat məbləğində pulu isə təhvil-təslim aktı imzalandıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh1 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, 57072,65 manat məbləğə 36 ay müddətinə yeni qrafikin açılması xahiş olunmuş, xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2024-cü il tarixli 7 nömrəli əlavə olan ödəmə cədvəlinə əsasən, 23 fevral 2024-cü il tarixdən 23 yanvar 2027-ci il tarixədək 36 ay müddətinə hər ay 2209,27 manat (sonuncu ay 2209,09 manat) olmaqla ümumilikdə 57072,65 manat əsas məbləğ, 22460,89 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.

28. xx.xx.2024-cü il tarixə olan lizinq ödənişlərinin ümumi məbləği 17968,73 manat təşkil edir. Belə ki, aylıq 2209,27 manat olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 8 ay üçün lizinq ödənişlərinin cəmi məbləği 17674,16 manat, eləcə də 23 sentyabr 2024-cü il tarixdən 27 sentyabr 2024-cü il tarixədək 4 gün üçün lizinq ödənişlərinin ümumi məbləği 294,57 manat (2209,27/30*4) təşkil edir. Belə olan halda, iddiaçının tələb etdiyi xx.xx.2024-cü il tarixə ödənilməli lizinq ödənişlərinin yekun məbləği 17968,73 manat təşkil edir.

29. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərarına əsasən, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Beləliklə, lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər.

31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2-2(113)-1770/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar