Məhkəmə qərarları › İş №2-2(103)-833/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-833/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-833/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1, Nümayəndə2, Cavabdeh3 MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-542/2023 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 100.LN.2005.210613.00001 №-li, 21 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 2.098.668 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Nümayəndə2 və Cavabdeh1 ilə müvafiq olaraq 21 iyun 2013-cü il tarixli 100.CL.210613.00001/h saylı və 21 iyun 2013-cü il tarixli 100.CL.210613.00001/i saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zaminlər borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

3. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Nümayəndə2 və Cavabdeh3 MMC arasında ayrı-ayrılıqda 21 iyun 2013-cü il tarixli ipoteka və girov müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən Nümayəndə2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Cavabdeh3 MMC-yə məxsus malmateriallar bank qarşısında ipoteka və girov ilə yüklü edilmişdir.

4. Cavabdeh3 MMC öhdəliklərini tam olaraq icra etməmiş, nəticədə İddiaçı ASC borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli 2(006)-27/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1, Nümayəndə2, Cavabdeh3 MMC-yə qarşı iddia tələbi qismən təmin edilərək, 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Nümayəndə2, Cavabdeh3 MMC-dən müştərək 28 avqust 2013-cü il tarixə 2.098.668 ABŞ dolları əsas və 57.829.97 ABŞ dolları faiz borcun tutulması və tutmanın müqavilə öhdəliyinin təmin edilməsi üçün ipoteka və girovla yüklü edilmiş əmlaklara yönəldilməsi qət edilmişdir.

6. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1, Nümayəndə2, Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC-nin xeyrinə Cavabdeh3 MMC, Nümayəndə2 və Cavabdeh1 müştərək qaydada 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixinə müqavilə üzrə qalıq 276.162,03 ABŞ dolları məbləğində faiz borcu, 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsinin bitdiyi 23 iyun 2014-cü il tarixindən 25 aprel 2019-cu il tarixinədək illik 5 faizlə hesablanmış 554453 ABŞ dolları məbləğində faiz borcu, 1097 (bir min doxsan yeddi) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı bildirir ki, qətnamə üzrə tutulmalı olan faiz borcunun məbləği 28 avqust 2013cü il tarixə hesablanmışdır. Müqavilə isə 23 iyun 2014-cü il tarixədək bağlanmış və ödəniş qrafikinə əsasən müqavilə müddəti ərzində ödənilməli olan faiz borcunun məbləği 333.922 ABŞ dolları məbləğində borc olmuşdur. Cavabdeh3 MMC-nin müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixə olan 333.922 ABŞ dolları faiz borcundan Nəsimi Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli qətnaməsi ilə tutulmalı olan 57.829,97 ABŞ dolları məbləği çıxılmalı, müqavilə müddətinin sonunadək hesablanmış qalıq 276.092,03 ABŞ dolları (333.922-57.829,97 = 276.092.03) məbləğində faiz borcu cavabdehlərdən tutulmalıdır. Bundan başqa, müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixdən 26 may 2022-ci il tarixədək Cavabdeh3 MMC-nin bu vaxtadək ödənilməmiş 1.399.242 ABŞ dolları əsas borc məbləğinə illik 5 faizlə 554453 ABŞ dolları faiz hesablamışdır. Borcun ödənilməməsini təsdiq edən maliyyə arayışlarından göründüyü kimi Cavabdeh3 MMC tərəfindən borcun ödənilməməsi bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Beləliklə, Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixə qalıq 276.092,03 ABŞ dolları faiz, müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixdən 26 may 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 554453 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 830545,03 ABŞ dolları təşkil edir.

9. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-542/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

11. İddiaçı ləğv prosesində olan "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi.

15. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

19. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

20. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

23. Belə ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir.

24. Hazırki işdə isə cavabdehlərdən faiz borcunun tutulması üçün əsaslar mövcud deyil.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

26. İşin yuxarıda sadalanan faktiki hallarından müəyyən olur ki, iddiaçı Cavabdeh3 MMC ilə bağlanmış kredit müqaviləsinə uyğun olaraq borcun vaxtlı-vaxtında ödənilməməsi ilə bağlı daha əvvəl məhkəməyə müraciət etmiş və yuxarıda qeyd olunan qətnamə ilə əsas kredit borcunun tam tutulması və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi qət edilmişdir.

27. Qeyd olunan halları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd qərarındakı mövqeni nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 21 iyun 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi artıq iddiaçının həmin iş üzrə məhkəməyə müraciət etdiyi tarixdən ləğv edilmiş sayılır.

28. Mülki Məcəllənin 424.2-ci maddəsində də təsbit olunmuşdur ki, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş sayıldığından və tərəflərin öhdəliklərinə müvafiq olaraq xitam verildiyindən müqavilənin bitdiyi 23 iyun 2014-cü il tarixə qalıq 276.092,03 ABŞ dolları faiz borcunun tutulması barədə tələblər təmin edilə bilməz.

30. Ona görə də, həmin hissədə iddia tələbi rədd edilməlidir.

31. Gecikdirilmiş vaxt üçün faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.

32. Lakin hazırki işdə həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün də əsaslar mövcud deyil.

33. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.

34. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.

35. Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz.

36. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.

37. Ona görə də, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir.

38. Bu baxımdan qiymət veriləndə isə cavabdehlərin təqsiri müəyyən edilmir.

39. Belə ki, iddiaçı həmin qətnamənin icrasına dair cavabdehlərin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onlar tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi və s.) təqdim edilməmişdir.

40. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin ödənilməsini tələb etməsi əsassızdır.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-542/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar