Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-833/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2928/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh2 qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 “1003 20 Jan Kavvamli natural oil stand” nömrəli qısamüddətli icarə müqaviləsi və xx.xx.2021-ci il tarixli, “2015 X3 Kavvamlı” nömrəli qısamüddətli icarə müqaviləsi üzrə 20.947,77 manat əsas, 6.592,03 manat cərimə borcu olmaqla, ümumilikdə 27,539.80 manat borc məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, bundan əlavə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat mediasiya xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 175 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2928/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən əsas borc üzrə 20.947 (iyirmi min doqquz yüz qırx yeddi) manat, 77 (yetmiş yeddi) qəpik, cərimə borcu üzrə 1.100 (bir min bir yüz) manat olmaqla, cəmi 22.047 (iyirmi iki min qırx yeddi) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2928/2024 nömrəli qətnaməsinin iddianın cərimə hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddianın “İcarə Müqaviləsi üzrə yaranmış cərimə məbləğinin ödənilməsi” hissəsində işin həqiqi hallarına düzgün hüquqi qiymət verməyib. Tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında aydın şəkildə görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququnun yaranması tamamilə ədalətlidir. Göründüyü kimi, tərəflər arasında bağlanan müqavilələr üzrə yaranmış cərimə məbləğləri iddiaçının öz mülahizəsinə əsasən təyin edilməyib. Həmin məbləğ tərəflər arasında yaranmış müqavilə münasibətlərdən yaranıb, cavabdeh öz öhdəliklərini icra etmədiyi təqdirdə ona təhkim olunacaq cərimə məbləğindən əvvəlcədən xəbərdar olub. Məhkəmə tərəflər arasında 14 fevral 2023-cü il tarixində bağlanan xx.xx.2020-ci il tarixli, “1003 20 Jan Kavvamli natural oil stand” nömrəli qısa müddətli icarə müqaviləsinin xitam razılaşmasına düzgün hüquqi qiymət verməyib. Məhkəmə cavabdehin tərəflər arasında bağlanan İcarə Müqavilələri üzrə yaranmış 6.592,03 (altı min beş yüz doxsan iki manat sıfır üç qəpik) manat cərimə məbləğini 1.100 (bir min bir yüz) manata azaldıb. Məhkəmə cərimə məbləğinin azaldılmasını qətnamənin 5-ci səhifəsinin 24-cü sıra nömrəsində belə açıqlayıb ki, “Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyitərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Məhkəmə Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinə istinad edərək cərimə məbləğinin aşağı salınması qənaətinə gəlib. Halbuki işin təkzibedilməz halıdır ki, cavabdeh müqavilələr üzrə yaranmış vəzifələrini vaxtı-vaxtında icra etməyib, iddiaçının qanunla qorunan hüquq və mənafelərinə zidd şəkildə davranıb. Lakin məhkəmə cavabdehin öz öhdəliklərini heç bir şəkildə icra etməməsinə, iddiaçının sahibkarlıq fəaliyyətinə ciddi şəkildə ziyan vurmasına baxmayaraq, cərimə məbləğini cavabdehin xeyrinə tənasübsüz və əsassız şəkildə azaldıb. Vicdanlılıq prinsipinin şərtlərinə əməl olunmalıdırsa, bu prinsip hər iki tərəf üçün təmin edilməli idi. Cavabdehin öz öhdəliklərini uzun müddət ərzində yerinə yetirməməsi, iddiaçıya pul və vaxt itkisi yaradaraq maddi ziyan vurmasını, cavabdehin özünün də bu borc məbləğini imzası ilə qəbul etməsini nəzərə alaraq cərimə məbləğinin tənasübsüz şəkildə azaldılması vicdanlılıq prinsipi aspektindən ağlaban hesab edilə bilməz. Məhkəmə tərəflər arasında 14 fevral 2023-cü il tarixində bağlanan xx.xx.2020-ci il tarixli, “1003 20 Jan Kavvamli natural oil stand” nömrəli qısa müddətli icarə müqaviləsinin xitam razılaşmasına düzgün hüquqi qiymət verməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş və təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
12. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
13. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan cərimə hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunan hissələrindən yalnız cərimə hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulmaması barədə apellyasiya şikayətinin dəlili əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mahiyyəti üzrə düzgündür.
17. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli “1003 20 Jan Kavvamli natural oil stand” nömrəli və xx.xx.2021-ci il tarixli, “2015 X3 Kavvamlı” nömrəli qısamüddətli icarə müqavilələri və müqavilələrə əlavələr imzalanmışdır. xx.xx.2020-ci il tarixli, “1003 20 Jan Kavvamli natural oilstand” nömrəli qısa müddətli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında İddiaçı MMC-yə məxsus “Bravo” hipermarketi binasında yerləşən obyektin 10 kvadrat metrdən ibarət hissəsi cavabdehə icarəyə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən, icarə haqqı hər ay üçün 1000 (min) manat + 18 faiz ƏDV təşkil edir. xx.xx.2021-ci il tarixli, “2015 X3 Kavvamlı” nömrəli qısa müddətli icarə müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) (Yeni qaydalarla: AZ5001, ünvan 2 ünvanlarında İddiaçı MMC-yə məxsus “Bravo” hipermarketi binasında yerləşən və Əlavə 1-də göstərilən obyektin 8,8 kvadrat metrdən ibarət hissəsi cavabdehə icarəyə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən, icarə haqqı hər ay üçün 700 (yeddi yüz) manat + 18 faiz ƏDV təşkil edir. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli müqaviləyə 01 nömrəli dəyişikliyə əsasən bu müqavilənin müddətinin xx.xx.2022-ci il tarixə qədər, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli müqaviləyə 02 nömrəli dəyişikliyə əsasən müqavilənin müddətinin xx.xx.2023-cü il tarixə qədər uzadılması razılaşdırılmışdır.
18. Bundan başqa, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli “1003 20 Jan Kavvamli natural oil stand” nömrəli müqaviləyə xitam razılaşması imzalanmış, həmin razılaşma ilə müqaviləyə xx.xx.2023-cü il tarixdən etibarən xitam veriləcəyi, xitam razılaşması qüvvəyə mindikdən sonra icarəçinin icarə haqqı üzrə yaranmış 27.539,80 manat məbləğində borcu 5 iş günü ərzində icarəyə verənə ödəməyi öhdəsinə götürməsi, xitam razılaşmasının imzalandığı tarixdən qüvvəyə minəcəyi razılaşdırılmış, icarəçi Cavabdeh2 da həmin razılaşmanı imzalamaqla 27.539,80 manat məbləğində borcu olduğunu qəbul etmişdir.
19. İşə əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, tərəflər arasında xx.xx.2021-ci il tarixli, “2015 X3 Kavvamlı” nömrəli qısamüddətli icarə müqaviləsinə xitam razılaşması imzalanmış, həmin razılaşmaya əsasən müqaviləyə xx.xx.2022-ci il tarixdən etibarən xitam veriləcəyi, bu xitam razılaşmasının xx.xx.2022-ci il tarixdən qüvvəyə minəcəyi razılaşdırılmışdır.
20. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 İddiaçınə xx.xx.2020ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 20.947,77 manat əsas, 6.592,65 manat məbləğində cərimə borcu vardır.
21. Məhkəmə hesab etmişdir ki, hər iki müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 1.100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
22. İddiaçı 6592,65 manat cərimə məbləğinin təmin edilməsini xahiş etmişdir.
23. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
24. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
25. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsində 6592,65 manat cərimə borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, cavabdehin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmışdır. Apellyator müqavilə şərtinə və cavabdehin etirafına istinad etsə də, məhkəmə dəbbə pulunu azaltmaqda haqlı olmuşdur. Bu səbəbdən hazırki halda cərimə borcunun dəyişdirilməsi üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2928/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.