Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-834/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kommersiya işi üzrə Açar söz: kredit borcunun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndələri X1 və Nümayəndə2 iştirakları ilə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-465/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşdəki sübutlardan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 01 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmışdır. Sazişə əsasən borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.503,88 ABŞ dolları əsas borc, 1.605,58 ABŞ dolları faiz borcu və 432,01 ABŞ dolları cərimə məbləği ilə birlikdə 7541.47 ABŞ dolları müəyyən edilmişdir.
2. Əlavə sazişlə müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və yeni qrafik açılmışdır.
3. İşdəki xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehin banka əsas borcu 3056,14 ABŞ dolları, 4498 ABŞ dolları müqavilə üzrə faiz borcu, 4206 ABŞ dolları cərimə borcu, 423,18 ABŞ dolları illik 5 faizlə hesablanmış faiz borcu olmuşdur.
4. xx.xx.2022-ci il tarixdə bank tərəfindən cavabdehdən cəmi 12184,45 ABŞ dolları borcun ödənilməsi tələb edilmişdir.
5. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf cavabdehə mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2022-ci il tarixdə göndərmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış Banka xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İşdəki xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən mediasiya təşkilatına 200 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.056,14 ABŞ dolları əsas, 4.498,49 ABŞ dolları faiz, 4.206,04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 432,18 ABŞ dolları faiz borcunun, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh2 tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh2 arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Cavabdeh2 əsas vəsaitin artırılması məqsədi ilə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh2 arasında 01 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmış, borc alanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5503.88 ABŞ dolları əsas borc, 1605.58 ABŞ dolları faiz borcu və 432.01 ABŞ dolları cərimə məbləği ilə birlikdə 7541.47 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 12.192,85 ABŞ dolları təşkil edir. Bundan 3.056,14 ABŞ dolları əsas, 4.498,49 ABŞ dolları faiz, 4.206,04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 432,18 ABŞ dolları faiz borcu təşkil edir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-465/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilərək ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 3.056 (üç min əlli altı) ABŞ dolları, 14 (on dörd) sent əsas, 3.856 (üç min səkkiz yüz əlli altı) ABŞ dolları, 28 (iyirmi səkkiz) sent faiz, 150 (bir yüz əlli) ABŞ doları cərimə, müqavilənin bitdiyi tarixdən əsas borca illik 5% hesablanmaqla 432 (dörd yüz otuz iki) ABŞ dollar, 18 (on səkkiz) sent, cəmi 7.494,6 ( yeddi min dörd yüz doxan dörd) ABŞ dolları, 60 sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir.
9. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 əsas borcu 3.703,21 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 3.856,28 ABŞ dolları, müqavilənin müddətinin bitdiyi tarixdən maliyyə arayışının verildiyi (xx.xx.2022) tarixə əsas borca illik 5 faiz hesablanmaqla borcu 521,54 ABŞ dolları təşkil edir.
10. Məhkəmə hesab etmişdir ki, maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyinin müqayisəli şəkildə təhlilindən o nəticəyə gəlinir ki, Cavabdeh2 öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
11. Cavabdeh tərəf məhkəməyə borcun tam ödənildiyini təsdiq edən sübutlar təqdim edə bilməmiş, müqavilə üzrə üç illik iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.
12. Məhkəmə hesab etmişdir ki, müqavilənin müddətinin xx.xx.2019-cu il tarixdə bitməsi nəzərə alındığında, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin xx.xx.2022ci il tarixdə bitməsi ehtimal olunur. Ancaq iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklifi göndərmiş və bununla da, həmin tarixdən xx.xx.2022-ci il tarixədək iddia müddətinin axımı dayanmışdır. Bundan sonra iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir.
13. Məhkəmə iddia tələbinin cərimə borcu hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb edilən cərimə borcu əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin MM-nin 467-ci maddəsinə əsasən 150 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-465/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin olunan hissəsində ləğv edilməsini, yenidən ekspertiza qarşısında ədalətli və obyektiv suallar qoymaqla həm cavabdehin ödədiyi pulların əsas və faiz məbləğlərinin düzgün çıxılmasını müəyyən edib, iddia tələbinin tamamilə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı"LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ABŞ dolları ilə şişirdərək cavabdehə hesablayıb yazdığı əsas, faiz və cərimə məbləğlərini azaltmadan və üstəlik xarici valyutada cavabdehə hesablanması həm iş üzrə ziddiyyətli, həm də bərabərlik prinsiplərini pozmaqla, həmçinin bu normanın tələblərini pozmaqla aparılmışdır. Bakı Kommersiya Məhkəməsi mühasibatlılıq ekspertizası təyin etməklə Cavabdeh2 2014-cü ilin dekabr ayından ABŞ dolları ilə ödədiyi pulların əsas, faiz və dəbbə pulu məbləğindən düzgün çıxılıb-çıxılmaması, eləcədə düzgün çıxılmışsa bu qədər faiz və cərimə məbləği əsas məbləğdən, ümumilikdə isə verilən kredit məbləğindən artıq olması necə müqayisə olunması, yaranmış ziddiyyətə məhkəmə qətnaməsində duzgün qiymət verilməməsi kimi amillər nəzərə alınmamış və bu norma ilə nəzərdə tutulan qaydada ekpertiza keçirilməli və bu normanın tələblərinə əməl olunmalıdır. Bakı Kommersiya Məhkəməsi 07 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı"LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı iddia tələbinə birtərəfli qaydada yanaşaraq yalnız iddiaçının arqumentlərini əsas götürərək qismən təmin etdiyi hissədə birtərəfli, ədalətsiz və qanunsuz nəticəyə gəlmişdir. Belə ki,"LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 ilə xx.xx.2014-cü ildə 24 ay müddətinə 28 faiz dərəcəsi ilə 10000ABŞ dolları kredit vermiş, daha sonra xx.xx.2016-cı il tarixində 32 ay müddətinə yəni xx.xx.2019-cu il tarixinə kredit müddətini cavabdehi xarici valyuta ilə borclandırmaq və məhkəmələrdə saxlamaq üçün uzun müddətə əlavə müqavilə bağlamışdır. Bakı Kommersiya Məhkəməsi cavabdehin iddiaçıya ödədiyi məbləğləri, xüsusilə də cavabdehin müqaviləsinin ABŞ dolları ilə olması kimi halların olmasını nəzərə alaraq məhkəmə iddianı tamamilə rədd etməli idi. İddiaçı"LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ümumiyyətlə köhnə borclar ilə bağlı güzəşt tətbiq edib cavabdehin borcunu silmək əvəzinə verdiyi kredit məbləğindən də artıq 3056,14 ABŞ dolları əsas, 4498,49 ABŞ dolları faiz və 4206,04 ABŞ dolları cərimə məbləğlərini, üstəlik Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış faizlərə faiz 432,18 ABŞ dolları məbləğində pulların cavabdehə yükləməsi və məhkəmənin bu hallara müşahidəçi kimi yanaşması ədalətlilik prinsiplərinin pozulması, birtərəfli araşdırmanın nəticəsi və göstəricisidir, ona görə də qətnamə qismən təmin edilmiş hissədə də ləğv olunaraq, iddia tamamilə rədd olunmalıdır. Nəzərə alsaq ki Cavabdeh2 iddiaçı"LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kimi hüquqlarını mükəmməl bilməyib və özünü bank qarşısında layiqincə müdafiə etməmişdir. Lakin məhkəmə mübahisəsi zamanı iddiaçınını verdiyi pulun həm ABŞ dolları ilə olması, həm də verdiyi puldan 9 il keçməsinə baxmayaraq verdiyi məbləğdən artıq faiz və cərimələr hesablaması və BakıKommersiya Məhkəməsinin bu məbləğləri cavabdehə hesablayıb yazması qanunsuz və birtərəfli araşdırma olmaqla, həm də bu normanın tələblərinin pozulması deməkdir. Cavabdeh2 götürdüyü kredit məbləğinin əksər hissəsini ödəmiş, lakin iddiaçı"LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti həm krediti ABŞ dolları ilə olması, həmdə müqaviləyə əlavəni qəsdən və bilərəkdən uzun müddətə bağlamaqla mənfəət əldə etməsi, həmçinin ödənilən pulları əsas məbləğdən deyil, faiz və cərimədən çıxmaqla bu ğünkü gün verdiyi məbləğdən artıq məbləğdə pullar tələb etməsi tam ədalətsiz və qanunsuzdur. Məhkəmə isə araşdırmaq əvəzinə ümumiyyətlə bu iş üzrə müşahidəçi qismində iştirak etməklə birtərəflilik nümayiş etdirərək iddianı rədd etməli olduğu halda, qismən təmin edərək bu normanın tələblərini pozmaqla qanunsuz nəticəyə gəlmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndələri X1 və Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi; 739.1-ci maddə-borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-465/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin mübahisəsiz hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi imzalanmış, 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmiş, sonradan xx.xx.2016-cı il tarixli əlavə sazişlə müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır.
22. İşə birinci instansiya qaydasında baxılarkən bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış və işdəki digər sənədlər əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1577 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli əlavə saizşə əsasən xx.xx.2022-ci il tarixədək cavabdeh tərəfindən 2487,85 ABŞ dolları ödənilmişdir. Cavabdeh tərəf ödənişlərin bu məbləğdən artıq olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. . Apellyasiya şikayətində cavabdeh məhkəmə tərəfindən borcun məbləğinin düzgün müəyyən edilmədiyi, ödənişlərin nəzərə alınmadığını qeyd etsə də, şikayətdə qeyd edilənlər ümumi sözlərdən ibarət olmaqla konkret hansı ödənişin nəzərə alınmadığı göstərilməmiş, ödənişi təsdiq edən sübutlar təqdim edilməmişdir. Buna görə də apellyasiya instansiyası mərhələsində təkrar ekspertiza keçirilməsi zəruri hesab edilməmişdir. Cavabdehdən tutulmuş 150 ABŞ dolları cərimə əsas borc məbləğinə mütənasib olduğu üçün həmin məbləğin azaldılması üçün əsaslar müəyyən edilmədiyindən qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılır.
23. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayət formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 465/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-465/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.