Məhkəmə qərarları › İş №2-2(103)-836/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-836/2025

12.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-836/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3175/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 262 AMP/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1 və 3.1-ci bəndlərinə əsasən satıcı malı müqavilə üzrə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda alıcıya təhvil verməli, alıcı bu müqavilənin şərtlərinə uyğun qaydada təhvil verilmiş malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma mal təhvil verildikdən əvvəl qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən 5 iş günü ərzində köçürmə yolu ilə aparılır.

2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBEB seriyalı 481116 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 35,40 manat, EBEB seriyalı 319442 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 89,68 manat, EBDW seriyalı 442563 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 103,84 manat, EBDZ seriyalı 262391 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 120,36 manat, EBDZ seriyalı 262389 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 282,02 manat, EBEB seriyalı 067405 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 290,28 manat, EBDW seriyalı 414659 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 355,53 manat, EBEA seriyalı 950482 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 523,92 manat, EBDW seriyalı 169597 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 684,99 manat, EBEB seriyalı 319440 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 867,42 manat, EBEB seriyalı 067406 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 895,74 manat, EBEA seriyalı 950477 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 1.722,80 manat, EBEA seriyalı 714422 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 2.716,95 manat, EBEA seriyalı 950464 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 2.804,86 manat, EBEA seriyalı 125550 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 4.794,34 manat, EBDZ seriyalı 082688 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 7.451,94 manat, EBDY seriyalı 939695 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 18.136,60 manat olan elektron qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "X3" MMC-dən 41.650,62 manat əsas borc məbləği, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2.082,53 manat gecikmə faiz olmaqla ümumilikdə 43.733,15 manat məbləğin, eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 222 dövlət rüsumunun, həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Satıcı/İddiaçı) ilə Cavabdeh (bundan sonra Alıcı/Cavabdeh) arasında 21 noyabr 2022-ci il tarixli, 262 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsi (bundan sonra Müqavilə) imzalanmışdır. Tərəflər arasında imzalanmış X4 və Təhvil-Təslim Aktlarına əsasən aşağıda qeyd olunmuş elektron-qaimə fakturalar üzrə Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən təhvil alınmışdır. Əsas məbləğ 35488.7 manat, ƏDV 6161.92 manat, ümumilikdə 41650.62 manat dəyərində borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3175/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli 262 AMP/2022 saylı müqaviləyə əsasən əsas borc üzrə 41.650, 62 manat, əsas borca illik 5% hesablanmaqla 1.908,98 manat və dövlət rüsumunun əvəzi olaraq 220,68 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Qeyd edilmiş ödənilməyən elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 41.876,67 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, cavabdeh tərəfindən ona əvvəlki tarixlərdə göndərilmiş elektron qaimələr (sadalanmış elektron qaimələr xaric) üzrə müvafiq olaraq əsas və ƏDV məbləği ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh tərəfindən elektron qaimələr üzrə ödənişlər həyata keçirildikdən sonra qalıq 41.650,62 manat məbləğində borcun qaldığını bildirərək iddiaçının xeyrinə tutulmasını xahiş edir. Göründüyü kimi, tərəflər arasında olan işgüzar münasibətlər yəni malların verilməsi və onların ödənilməsi məhz elektron qaimələr üzərindən aparılmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Məhkəmə xüsusilə vurğulamışdır ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən son elektron qaimənin 2024-cü ilin aprel ayında göndərildiyini və iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə yəni 11 ay sonra verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, əsas borca illik 5 faiz hesablanmaqla 1.908,98 (41.650,62x5/100=2.082,531 (1 il üçün), 2.082,531/12=173,544 (1 ay üçün) 173,544x11=1.908,98 (11 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 320 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində müəyyən etmişdir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixli order verilmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş rüsumun əvəzi olaraq 220,68 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

7. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 445.7, 567, 600.4-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissədə ləğv edilərək həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayətində məhkəmə tərəfindən yol verilmiş maddi hüquq normalarının pozuntusu olaraq göstərilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilən malların dəyərinin qismən ödənilməsinin başlıca səbəbi təqdim edilmiş malların müqavilədə qeyd edildiyi kimi lazımi keyfiyyətdə olmaması olmuşdur. Belə ki, cavabdeh təhvil-təslim aktını təsdiq etməsinə baxmayaraq sonradan təqdim edilən mallarda bir sıra qüsurların olduğu müəyyən edilmiş və buna görə də malların dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə lazımi keyfiyyətdə malın təqdim edilməsini öz üzərinə öhdəlik kimi götürsə də lakin bu öhdəliyinə əməl etməmişdir. Belə ki, qeyd edilən bu hal iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 6-cı bəndində öz əksini tapmışdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən Malın keyfiyyəti istehsalçı müəssisənin elan etdiyi standartlar əsasında müəyyən olunur. Satıcı təqdim etdiyi malların keyfiyyətinə görə bu müqavilə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş mallardakı qüsurlar ilə bağlı cavabdeh tərəfindən dəfələrlə şifahi olaraq məlumat verilməsinə baxmayaraq cavabdeh bu halı təkzib etmişdir. Hətta mala baxış keçirilməsi üçün dəvət edilsələr də, onlar baxış keçirməkdən imtina etmişlər. Odur ki məhkəmə sadaladığı halları araşdırmadan qətnamə qəbul etmişdir. Qeyd edir ki, məhkəmə iddianı qismən təmin edərkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərə qiymət verməklə qətnamə qəbul etmişdir.(MM: maddələr 385.1, 567, 598.1, 600)

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi.

12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədi. Cavabdeh iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir.

13. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə görə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. -587.4-cü maddəsinə görə komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. -588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. -588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. -595.1-ci maddəsinə görə alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və cavabdeh tərəfindən təqdim edilmiş mallara görə müəyyən ödənişlər edilmişdir. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin borcunun ƏDV daxil 41650,62 manat olmasını iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə təqdim edilmiş malların lazımi keyfiyyət tələblərinə cavab vermədiyini əsas göstərərək iddiaya etiraz edir.

22. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

23. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh mübahisəli müqavilə üzrə iddia olunan məbləğdə malların təqdim edilməsi və həmin malların dəyərinin tərəfindən ödənilməməsi faktlarını mübahisələndirməmiş, təqdim edilmiş malların dəyərinin ödənilməməsini həmin malların keyfiyyətsizliyinin ilə izah etmişdir.

24. Sözügedən arqumentlər ilə bağlı bildirilir ki, cavabdeh apellyasiya şikayətində malların “keyfiyyətsiz” olmasına dəlalət edən konkret hallara istinad etməmiş, yalnız malların istehsalçı müəssisənin elan etdiyi standartlara cavab vermədiyini bildirmək ilə kifayətlənmişdir. Yəni cavabdeh standartların nədən ibarət olduğunu və iddiaçının təqdim etdiyi malların hansı xüsusiyyətlərinə görə həmin standartlara cavab vermədiyini əsaslandırmamışdır.

25. O da qeyd olunur ki, malların təhvil verilməsindən 1 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh alıcıya təqdim olunan malların keyfiyyətsizliyi ilə bağlı bildiriş göndərməmiş, eləcə də lazımi keyfiyyətdə olmayan malların təqdim edilməsi halı üçün MM-in 587-ci maddəsində nəzərdə tutulmuş alıcının müdafiə mexanizmlərindən də istifadə etməmişdir. Göstərilənləri nəzərə alaraq kollegiya malların keyfiyyətsizliyi barədə cavabdehin dəlillərini formal mülahizə kimi qiymətləndirir.

26. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 41650,62 manat məbləğində əsas borcun tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

27. İddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı işdə cavabdehin alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini 11 aydan artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 11 aylıq dövr (xx.xx.2024 il tarixdən xx.xx.2025-ci il tarixədək olan üçün illik 5 % olmaqla hesablanmış faizlər 1908,98 manat məbləğində faizlərin tutulması hissəsində də qətnamə əsaslıdır.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3175/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar