Məhkəmə qərarları › İş №2-2(103)-837/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-837/2021

16.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-837/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1448/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "X4 (Q.C.S.C)" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi və mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin etmə təbiri kimi iş üzrə məhkəmə icraatı qurtaranadək cavabdehə məxsus "xxxx" ASC-nin Abşeron filialında olan Kod: 805539; VÖEN:**********; Müxbir hesab: AZ03NABZ********************, SWİFT: İBAZAZ2X; Hesab №: AZ61İBAZ******************** bank hesabında və digər hesabında, eləcə digər banklardakı bank hesablarında olan pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində (46700 ABŞ dolları, 26000 Avro (həbs qoyulan gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat ekvivalentində) məbləğində vəsaitin, habelə mənəvi zərərin əvəzi olaraq 100000 (yüz min) manat məbləğində pulun həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.06.2021-ci il tarixli e-2-2(113)-1448/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 şikayəti müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilənləri müqayisə edərək kollegiya hesab edir ki, hazırkı işdə iddianın təmini tədbirinin seçilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, “X4 (Q.C.S.C)” Şirkəti dünyada tanınmış ən iri aviasiya şirkətlərindən biridir və bu baxımdan iddia təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi qənaətinə gəlmək üçün əsaslar yoxdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda birinci instansiya məhkəməsinin diqqətinə çatdırılır ki, işə baxılarkən Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsi və Mülki Məcəllənin 53.3-cü maddəsinin tələbləri yoxlanılmalı və müvafiq prosessual hərəkətlər yerinə yetirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1448/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Fuad Talışinski Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar