Məhkəmə qərarları › İş №e-2-2(113)-1043/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1043/2023

25.06.2023 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1043/2023 25.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 və X3 cəlb edilməklə) qərar və nizamnamənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qərarın və nizamnamənin etibarsız sayılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 və X3 cəlb edilməklə) qərar və nizamnamənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 və X3 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin təsisçilərinin adından imza edilməklə tərtib edilmiş 28 avqust 2019-cu il tarixli protokolun, 28 avqust 2019-cu il tarixli qərarın, Cavabdeh2 MMC-nin 3-cü redaksiyada nizamnaməsinin, Cavabdeh2 MMCnin qanunu təmsilçilik funsiyasına malik direktoru (Qanuni nümayəndə) təyin edilməsi barədə əmrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən 06 aprel 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 MMC-nin təsisçisi olduğu illər barədə məlumat verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında DVX-nin MGBİ-nin hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə verilmiş sorğuya 31 mart 2022-ci il tarixli cavabda İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh2 MMC-nin təsisçisi olduğu yazılmışdır. 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan cinayət işində iştirakçıların verdiyi ifadələrdən bilmişdir ki, “X14 MMC”-nin təsisçiliyindən çıxarılmağı barədə 28 avqust 2019-cu il tarixli iclas protokolu tərtib edilmiş, üçüncü redaksiyada nizamnamə hazırlanmış, həmin iclas protokolu ilə MMC-yə direktor təyin edilmiş və Vergilər Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində təsisçilikdən çıxarılmağı qeydə alınmaqla, dövlət reyestrində yenidən qeydiyyat aparılmışdır. Belə ki, həmin iclasdan məlumatsız olmuşdur. O cümlədən, təsisçilərdən Fariz Nuriyev, X3 da bu iclasda iştirak etmədiklərini, protokoldan xəbərsiz olduqlarını Ağır Cinayətlər Məhkəməsində verdikləri ifadələrdə bildirmişlər. Cavabdeh2 MMC-nin üçüncü redaksiya nizamnaməsinin, iclas protokolunun, təsisçilərdən M.İbrahimovun və F.Nuryevin adlarının qarşısında qoyulan imzaların həmin şəxslərin imzaları olmaması və onların adından qanunsuz tərtib edilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinə istintaqı aparılan ********* saylı cinayət işində olan ittiham aktında və məhkəmə istintaqında verilən ifadələrlə təsdiqini tapmışdır. 28 avqust 2019-cu il tarixli təsisçilərin ümumi yığıncaq protokolu, 3-cü redaksiyada nizamnamə saxtalaşdırılmışdır və təsisçilərin iradəsini ifadə etmir, qanunvericiliyə əsasən etibarsız hesab edilməlidir. Cavabdeh2 MMC-nin 28 avqust 2019cu il tarixli təsisçilərin ümumi yığıncaq protokolu, 3-cü redaksiyada nizamnamənin, yeni direktor seçilməsi və yaxud təyin edilməsi barədə əmrin etibarsız hesab edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında DVX-nin MGBİ-nin hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə poçtla təqdim etmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 11 aprel 2022-ci il tarixli cavabında bu mübahisənin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

3. Daha sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə verilən ərizədə qeyd olunur ki, "X14" MMC-nin təsisçilərinin adından (təsisçilər X3, X6) tərtib edilmiş 28 avqust 2019-cu il tarixli qərarın, “X14" MMC-nin 3-cü redaksiyada nizamnaməsinin və nəticələrinin etibarsız hesab edilməsi xahiş olunur.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.2, 46, 48.2, 48.3, 49.3, 59.2.2-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

7. Üçüncü şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Üçüncü şəxs X3 əvvəlki məhkəmə iclaslarında iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə dair mülahizəni məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsində “X14" MMC-nin təsisçilərin adından imza edilməklə, tərtib edilmiş xx.xx.2019-cu il tarixli protokol, xx.xx.2019-cu il tarixli qərar, MMC-nin 3-cü redaksiyada nizamnaməsi, MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktorun (Qanuni nümayəndə) təyin edilməsi barədə əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilir. "xxxx" MMC-nin təsisçilərdən biri olaraq xx.xx.2019-cu il tarixli protokol və qərarlarda olan imzalar X3 tərəfindən icra edilməmişdir. Mübariz İbrahimovun adından qeyd olunan sənədlərin kimin tərəfindən icra olunduğu məlum deyildir. Qeyd olunan formada sənədlərin saxtalaşdırılması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 saylı məhkəmə hökmü ilə də müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Mübariz İbrahimov "X14" MMC-nin təsisçisi kimi iddia tələbinin əsaslı olduğunu təsdiq edərək, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Yaranmış qeyri-müəyyənlik bütün tərəflərin hüquqlarının pozulmasına səbəb olan bir haldır.

Tədqiq olunan sübutlar:

10. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdilər və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər.

11. İş materiallarından görünür ki, Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Cavabdeh2 MMC-nin təsisçi dəyişikliyi ilə əlaqədar olaraq nizamnaməsi 3-cü redaksiyada hazırlanmsaı və təsdiq edilməsi, “X14" MMC-nin (VÖEN: **********) direktoru X7 tutduğu vəzifədən azad edilməsi, Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Qanuni nümayəndə təyin edilməsi və dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilməsi qərara alınmış, dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlat orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın, digər hazır sənədlərin götürülməsi və ya bununla bağlı digər şəxsə etibarnamə verilməsi direktor X4 həvalə edilmişdir.

12. Cavabdeh2 MMC-nin nizamnaməsinin 3-cü redaksiyasında göstərilmişdir ki, cəmiyyətin nizamnamə kapitalı 60 (altmış) manat həcmindədir və hər biri 1 manat olmaqla olmaqla 60 paydan ibarətdir. Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: Cavabdeh1 - 30 manat, 30 pay, 50%, pul şəklində, X6 - 15 manat, 15 pay, 25%, pul şəklində, X3 - 15 manat, 15 pay, 25 %, pul şəklində. Qərarda “Təsisçi: X6” və “Təsisçi: X3” qrafaları qarşısında imzalar çəkilmiş, eləcə də qərar təsisçi Cavabdeh1nnun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 tərəfindən imzalanmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28150 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarında olan möhür əksi və Cavabdeh2 MMC-nin 2019-cu il tarixli nizamnaməsinin (3- cü redaksiyada) birinci vərəqinin üzərində olan möhür əksi ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli ümumi yığıncağının 02 saylı protokolunda və xx.xx.2010-cu il tarixli nizamnaməsində (2-ci redaksiya) olan möhür əksləri ilə eynilik təşkil etmir. Nizamnamədə X1 və X3 qrafası qarşısında imzalar çəkilmiş, eləcə də təsisçi Cavabdeh1nnun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 tərəfindən imzalanmışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28151 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarında “Təsisçi: X6” və “Təsisçi: X3” qrafalarındakı imzalar, ”X14” MMC-nin 2019-cu il tarixli nizamnaməsində (3cü redaksiyada) “X6” və “X3” qrafalarındakı imzalar digər şəxs tərəfindən icra olunmuşdur.

15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 MMC Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən 06 aprel 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı Cavabdeh2 MMC-nin təsisçilərindən biri olmuşdur. Nizamnamənin 2-ci redaksiyasına əsasən İddiaçı nizamnamə kapitalındakı pay 10 manat, 10 pay olmuşdur. Daha sonra iddiaçı 28 avqust 2019-cu il tarixli qərar və “X14" MMC-nin 3-cü redaksiyada nizamnaməsinin qəbul olunması nəticəsində təsisçilikdən kənarlaşdırılmışdır. Digər cavabdeh, iş üzrə üçüncü şəxslər olan X6 və X3 da cəmiyyətin təsisçiləridir. İşin müəyyən olunan hallarından göründüyü kimi, Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarına əsasən MMC-nin təsisçi dəyişikliyi ilə əlaqədar olaraq nizamnaməsi 3-cü redaksiyada hazırlanmış və təsdiq edilmiş, “X14" MMC-nin direktoru X7 tutduğu vəzifədən azad edilmiş, Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Qanuni nümayəndə təyin edilmişdir. Cavabdeh2 MMC-nin nizamnaməsinin 3-cü redaksiyasında təsisçilərin paylarının miqdarı müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28150 nömrəli, xx.xx.2019-cu il tarixli və 28151 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh2 MMCnin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarında olan möhür əksi və Cavabdeh2 MMC-nin 2019-cu il tarixli nizamnaməsinin (3- cü redaksiyada) birinci vərəqinin üzərində olan möhür əksi ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli ümumi yığıncağının 02 saylı protokolunda və xx.xx.2010-cu il tarixli nizamnaməsində (2-ci redaksiya) olan möhür əksləri ilə eynilik təşkil etmir və Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarında “Təsisçi: X6” və “Təsisçi: X3” qrafalarındakı imzalar, ”X14” MMC-nin 2019-cu il tarixli Nizamnaməsində (3-cü redaksiyada) “X6” və “X3” qrafalarındakı imzalar digər şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, həm xx.xx.2019-cu il tarixli qərarda və nizamnamədə (3-cü redaksiyada) olan imzalar X1 və X3 tərəfindən icra olunmamış, həm də möhür əksi "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli ümumi yığıncağının 02 saylı protokolunda və xx.xx.2010-cu il tarixli nizamnaməsində (2-ci redaksiya) olan möhür əksləri ilə eynilik təşkil etmir. X1 və X3 imzaların ona məxsus olmadığını, bununla bağlı heç kimə etibarnamə vermədiyini bildirmişlər. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

18. İddia tələbi "X14" MMC-nin təsisçilərinin adından tərtib edilmiş 28 avqust 2019-cu il tarixli qərarın, “X14" MMC-nin 3-cü redaksiyada nizamnaməsinin və nəticələrinin etibarsız hesab edilməsindən ibarətdir.

19. Qanunvericilik normalarını işin müəyyən olunmuş halların tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarı və “X14" MMC-nin 3-cü redaksiyada nizamnaməsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla tərtib olunmuşdur və ona görə də etibarsız hesab edilməlidir. Belə ki, qərar və nizamnamə (3-cü redaksiyada) səlahiyyətsiz şəxs tərəfindən imzalanaraq tərtib edilmiş və təsisçilərin iradəsinin ifadə etməmişdir. Vurulan möhür isə MMC-nin möhürü ilə eyniyyət təşkil etmir. Bütün bu faktlar onların özlüyündə etibarsız olan əqd olması qənaətinə gəlinməsi üçün kifayətdir.

20. Mülki qanunvericiliyin tələbinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunan qərar və nizamnamənin qəbulu iddiaçının təsisçilikdən kənarlaşdırılmasına, hüquqi şəxsin direktorunun başqa şəxslə əvəz olunmasına və digər nəticələrə səbəb olmuşdur. Ona görə də mübahisələndirilən əqdlər bağlandığı andan etibarsız olduğundan həmin əqdlərin nəticələri də etibarsız sayılmalıdır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. "X14" MMC-nin təsisçilərinin adından tərtib edilmiş 28 avqust 2019-cu il tarixli qərar və “X14" MMC-nin 3-cü redaksiyada nizamnaməsi və nəticələri etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar