Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-838/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC «Bank Standard» KB-nin cavabdehlər Cavabdeh2 MMC-yə və qeyrilərinə qarşı iş üzrə Açar söz: kredit müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh “X5 Təsərrüfatı” MMC-nin vəkili Vəkil iştirakları ilə, iddiaçı LPO QSC «Bank Standard» KB-nin cavabdehlər Cavabdeh1, “X5 Təsərrüfati" MMC-yə, Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-23/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. ”Bank Standard” KB ilə “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixdə 171/02/39/14 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya 84 ay müddətinə illik 6 faiz olmaqla 912.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Həmçinin də, Bankla “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanaraq, sonuncuya məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində yekle edilən daşınmaz əmlakın likvid dəyəri “X3” qiymətləndirmə şirkəti tərəfindən 1.730.000.000 manat müəyyən edilmişdir. İpoteka müqaviləsinin və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət reyestrində qeydə alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir.
3. “X3” qiymətləndirmə şirkəti tərəfindən “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi əsasında 2016-cı ildə əmlakın yenidən qiymtləndirilməsi həyata keçirilmiş, xx.xx.2016-cı il tarixdə Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 3.400.000 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. LPO QSC «Bank Standard» KB cavabdehlər “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və qeyrilərinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “X5 Təsərrüfatı” MMC, Cavabdeh1 və Cavabdeh3 912.000 manat əsas, 212.384,65 manat faiz, 17.631 manat cərimə borcu, 39.014,36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan faiz borcu olmaqla, cəmi 1.181.030,17 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə “X5 Təsərrüfatı” MMC-yə məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin 1.730.000 manat müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak kompleksinin boşaldılaraq, ləğv prosesində olan LPO QSC «Bank Standard» KB-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” Kommersiya Bankının “Korporativ” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 171/02/39/14 saylı kredit müqaviləsinə əsasən “X5 Təsərrüfatı” MMC-yə 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 912.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə “X5 Təsərrüfatı” MMC-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipotekaya qoyulmuşdur. Əmlak kompleksinin ipoteka qoyulması barədə Bank ilə “X5 Təsərrüfatı” MMC arasında 26 noyabr 2014-cü il tarixində 171/02/39/14 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra Əmlak kompleksinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Cavabdeh1 və Cavabdeh3 ilə də, zaminlik müqavilələri bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər və nəticədə borc yaranmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-23/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilərək xx.xx.2014-cü il tarixli, 171/02/39/14 saylı kredit müqaviləsi üzrə 912.000 (doqquz yüz on iki min) manat məbləğində əsas, 212.384 (iki yüz on iki min üç yüz səksən dörd) manat, 65 (altmış beş) qəpik məbləğində faiz, 17.631 (on yeddi min altı yüz otuz bir) manat məbləğində cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmaqla 38.000 (otuz səkkiz min) manat məbləğində pul Cavabdeh2 MMC-dən Cavabdeh1, Cavabdeh3 müştərək qaydada tutularaq LPO QSC "Bank Standard" KB-nə verilməsi, xx.xx.2014-cü il tarixli, 171/02/39/14 saylı kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 3.300.000 (üç min üç yüz min) manat müəyyən edilməklə "X5 Təsərrüfati” MMC-yə məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilərək açıq hərracda satılması, "X5 Təsərrüfati” MMC-yə məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan "X5 Təsərrüfati” MMC tərəfindən boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir.
7. Məhkəmə iclasında cavabdeh “X5 Təsərrüfatı” MMC-nin nümayəndəsi və vəkili əsas borc kimi tələb edilən 912.000 manat və müqavilə üzrə yaranmış faiz borcu olaraq 212.384,65 manat borc məbləği ilə razı olduqlarını bildirmişdir. Həmçinin də, məhkəmə iclasında zaminlər Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələri bağladıqlarını, “X5 Təsərrüfatı” MMC-yə 84 ay müddətinə illik 6 faiz olmaqla 912.000 manat məbləğində kredit verilməsi barədə məlumatlı olduqlarını, əsas borc kimi tələb edilən 912.000 manat və müqavilə üzrə yaranmış faiz borcu olaraq 212.384,65 manat borc məbləği ilə razı olduqlarını bildirmişdilər. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli 171/02/39/14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 912.000 manat, faiz borcu üzrə 212.384,65 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 17.631 manat məbləğində cərimə borcuna münasibətdə qeyd etmişdir ki, cərimə borcu da əsas borca münasibətdə mütənasib olduğundan, qeyd edilən məbləğdə cərimə borcu da, cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cərimə borcuna münasibətdə bildirmişdir ki, müqavilənin müddətinin bitmə tarixi olan xx.xx.2021-ci il tarixdən iddiaçı tərəfindən verilmiş maliyyə arayışında (2-ci cild, səh. 103) tələb edilən tarix olan xx.xx.2022-ci il tarixədək əsas borca illik 5 faiz hesablanmaqla pul tutulmalıdır. xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10 ay vaxt keçmişdir. Belə olan halda, əsas borca illik 5 faiz hesablanmaqla cavabdehlərdən müştərək qaydada tutulmalı olan məbləğ 38.000 ( 912.000x5/100= 45.600 ( 1 il üçün), 45.600/12=3.800 (1 ay üçün) 3800x10=38.000 (10 ay üçün)) manat təşkil edir.
9. İşdəki "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş rəydən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin orta bazar qiyməti 3.480.000 manat, orta likvid qiyməti isə 3.300.000 manat təşkil edir.
10. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş rəydən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin bazar dəyəri 1.706.000 manat, likvid dəyəri 1.501.000 manat müəyyən edilmişdir.
11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 3.400.000 manat təşkil edir.
12. Məhkəmə əmlakın likvid qiyməti ilə bağlı hissədə qeyd etmişdir ki, "xxxx" MMC həm də, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə əmlakın likvid qiyməti müvafiq olaraq 3.300.000 və 3.400.000 manat müəyyən edilmişdir. Yəni verilmiş iki rəy demək olar ki, bir-biri ilə eynilik təşkil edir.
13. Məhkəmə qeyd etmişdir ki, iddianın dəyişdirilməsi barədə ərizənin nəticəsinə diqqət yetirildikdə görünür ki, iddiaçı tərəf “əmlak kompleksinin boşaldılaraq, ləğv prosesində olan LPO QSC «Bank Standard» KB-ya təhvil verilməsi” ifadəsindən istifadə etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf qeyd edilmiş halın texniki səhv olduğunu və “QSC «Bank Standard» KB-ya təhvil verilməsi” ifadəsinin “alıcıya təhvil verilsin” ifadəsi kimi qəbul edilməsini xahiş etmişdir. Belə olan halda xx.xx.2014-cü il tarixli, 171/02/39/14 saylı kredit müqaviləsi üzrə tutma ipoteka predmeti olan “X5 Təsərrüfatı” MMC-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 3.300.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satıldıqdan sonra ipoteka qoyan "X5 Təsərrüfati” MMC tərəfindən boşaldılaraq və alıcıya təhvil verilməlidir.
14. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirməmişdir. Belə ki, ipoteka predmeti satıldıqdan sonra vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-23/2023 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini, mübahisələndirilən hissələrdə Bankın iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə ipoteka predmeti olan “X5 Təsərrüfatı” MMC-yə məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətdə olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 3.300.000 manat dəyərində müəyyən edilmişdir. Bu da əmlakın real bazar (likvid) qiymətindən yüksəkdir. Ona görə də, qətnamənin bu hissəsi ilə razı deyilik. İpoteka predmetinin indiki vəziyyətinin qiyməti qətnamədə göstərilən məbləğdən çox aşağıdır. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. QSC “Bank Standard” KB ilə “X5 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 171/02/39/14 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka predmeti olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi tərəflərin razılığı əsasında “X4” qiymətləndirməşirkəti tərəfindən 1.730.000 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsi tərəfindən əmtəəşünaslıq ekspertizası həvalə edilmiş "xxxx" MMC-nin rəyi ilə “X4” Qiymətləndirmə Şirkətinin rəyi arasında uyğunsuzluq vardır. Belə ki, əmlak kompleksinin ilkin satış qiyməti ekspert rəyinə müvafiq olaraq 1.570.000 manatdan çox fərqlə şişirdilərək 3.300.000 (üç milyon üç yüz min) manat məbləğində müəyyən edilmişdir. Həmin ekspert rəyində olan qiymətlər həddindən artıq və dəfələrlə şişirdilmişdir. İş üzrə 3 dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyində əmlakın dəyəri 1.706.000 manat müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin təqdim etdiyi ekspert rəyində isə əmlakın dəyəri 3.400.000 manat müəyyən edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin belə yüksək müəyyən edilməsi sonradan həmin əmlakın açıq hərracda satılmasını və bankının tələbinin həmin əmlaka yönəldiməsini qeyri-mümkün edir. Əslində isə açıq hərrac zamanı əmlakın qiymətinin real olması alıcıları həmin əmlakı almağa həvəsləndirir. Təbiidir ki, əmlak açıq hərrac zamanı ən yüksək dəyəri verən şəxsə satılmalıdır. Lakin ilkin qiymətin əmlakın real dəyərindən çox qoyulması alıcıları əmlak barədə açıq hərracda iştirakdan çəkindirir və açıq hərracda iştiraka həvəsləndirmir. Bu səbəbdən hesab edirik ki, qətnamədə göstərilən ipoteka predmetinin 3.300.000 manat məbləğində müəyyən edilməsi əmlakın real qiymətini əks etdirmir və əmlakın dəyəri bu məbləğdən aşağıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. Cavabdeh “X5 Təsərrüfatı” MMC-nin vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
19. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
20. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi; 269.5-ci maddə- girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddə- borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanun 1.0.9-ci maddə- ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3-ci maddə- məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 103.1-ci maddəsi-ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə iddiaçı tərəfindən qismən – ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-23/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. İddiaçı apellyasiya şikayətində tutma yönəldilmiş ipoteka predmeti olan əmlak kompleksinin (ferma) ilkin satış qiymətinin məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyini iddia etdiyindən məhkəmə kollegiyası bu hissədə araşdırma aparmışdır.
24. İş materiallarından görünür ki, ipoteka qoyulmuş əmlakın likvid dəyəri tərəflər arasında xx.xx.2014-cü ildə ipoteka müqaviləsi bağlanarkən “X3” qiymətləndirmə şirkəti tərəfindən 1.730.000.manat müəyyən edilsə də, iki il sonra həmin şirkət tərəfindən cavabdehin sifarişi əsasında yenidən qiymətləndirmə aparılmış və əmlak kompleksinin likvid dəyəri 3.400.000 manat müəyyən edilmişdir.
25. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə üç dəfə qiymətləndirmə ekspertizası təyin edilmiş, birinci dəfə bu ekspertizanın keçirilməsi "xxxx" MMC-yə, ikinci dəfə "xxxx" MMC-yə, üçüncü dəfə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən əmlakın likvid qiyməti 3.300.000 manat, "xxxx" MMC-nin rəyində 1.501.000 manat, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə 3.400.000 manat müəyyən müəyyən edilmişdir.
26. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılışır ki, iki qiymətləndirmə şirkəti ("xxxx" MMC və “X3” qiymətləndirmə şirkəti) və əmlakın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyləri ilə ipoteka predmetinin likvid qiymətinin 3.000.000 manatdan yuxarı olduğu təsdiq edildiyindən, yalnız "xxxx" MMC-nin qiymətləndirmə rəyində əmlakın likvid dəyəri 2014-cü ildə ipoteka müqaviləsi bağlanarkən müəyyən edilmiş qiymətdən daha aşağı göstərildiyindən məhkəmə düzgün olaraq qeyd edilən rəyi əmlakın qiyməti müəyyənləşdirilərkən əsas götürməmişdir. Hamıya məlum olan haldır ki, Azərbaycan Respublikasında daşınmaz əmlak bazarında qiymətlər hər il əvvəlki ilə nisbətdə artmış, qiymətlərdə azalma olmamışdır.
27. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün üç dəfə ekspertiza təyin edildiyindən, eyni zamanda işdə ipoteka müqaviləsi bağlanarkən əmlakın qiymətləndirilməsini həyata keçirmiş “X3” qiymətləndirmə şirkətinin rəyi olduğundan məhkəmə apellyasiya instansiyası mərhələsində əmlakın yenidən qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin edilməsini zəruri hesab etməmişdir. Əmlakın ilkin satış qiymətinin 3.300.000 manat müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 23/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı LPO QSC «Bank Standard» KB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-23/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.