Məhkəmə qərarları › İş №2-2(103)-839/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-839/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-839/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (MMC) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-361/2021 saylı qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbini dəyişərək 19.08.2010-cu il tarixli. 161 saylı kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 42,22 kv.m., yaşayış sahəsi 29,22 kv.m. olan mənzilin sökülməsi nəticəsində İddiaçı ASC-yə vurulmuş 32410,07 manat maddi və 28396,72 manat əldən çıxmış fayda üzrə zərərin əvəzinin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 19.08.2010-cu il tarixli, 161 saylı kredit müqaviləsinə əsasən, Borc alana 300 ay müddətinə, illik 8% ödəməsi şərtilə 40000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə bank ilə ipoteka qoyan Cavabdeh2 arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 42,44 kv.m, yaşayış sahəsi 29,22 kv.m olan mənzilin ipoteka qoyulması haqqında 20.08.2010-cu il tarixli, 24 saylı Alqı-Satqı və İpoteka müqaviləsi bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair Banka AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27.10.2010-cu il tarixli, MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən yüklülük Çıxarışı verilmişdir. Cavabdeh2 tərəfindən müqavilə üzrə öhdəliklər pozulmuş və Bank qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Daha sonra İddiaçı ASC-nin əməkdaşları tərəfindən ipoteka predmeti olan ünvan 1 ünvanına baxış keçirilərkən məlum olmuşdur ki, mənzil ipoteka saxlayan İddiaçı ASC-nin razılığı və məlumatı olmadan Cavabdeh1 MMC tərəfindən sökülmüş və ipoteka qoyan Cavabdeh2 sökülmüş mənzilin yerində inşa edilmiş binada digər bir mənzil verilmişdir. Bununla əlaqədar, İddiaçı ASC tərəfindən 04.09.2020-ci il tarixli ərizə ilə Cavabdeh1 MMC-yə müraciət edilmiş və Cavabdeh1 MMC-nin 07.09.2020-ci il tarixli, 23 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən binanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarına və Yasamal rayonu İcra başçısının müvafiq sərəncamına əsasən, bina qəzalı vəziyyətdə olmasını nəzərə alaraq söküntüsü Cavabdeh1 MMC-yə həvalə edilmişdir və A.M.Şərifzadə 174 küçəsində yerləşən Cavabdeh2 məxsus 98 saylı mənzilin mülkiyyətçisinin razılığı ilə sökülmüş, əvəzində 20.07.2017-ci il tarixli müqaviləyə əsasən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən 169 saylı təmirli mənzil verilmişdir. İpoteka predmetinin Bankda yüklü olduğu halda İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmadan, Bankın yazılı razılığı olmadan ipoteka qoyan Cavabdeh2 tərəfindən mənzilin cavabdeh "xxxx" MMC-nin sərəncamına verilməsi, sonuncunun da yuxarıda qeyd edilənləri bildiyi və bilməli olduğu halda təqsirli və hüquqazidd əməllər (delikt) törətməklə həmin ipoteka predmetini əldə etməklə onun söküntüsünü aparması bankın hüquqlarının pozulması kimi qiymətləndirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş zərər ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən 01 oktyabr 2020-ci il tarixə Cavabdeh2 33778,38 manat əsas, 3862,50 manat faiz borcu var. Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda isə 32708,26 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-361/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamə ilə mülki hüquq pozuntusunu tanımış, mülki hüquq pozuntusunu tanıdığı halda isə həmin mülki hüquq pozuntusunun bərpasının zərərin əvəzinin ödənilməsi şəkilində olmamasını bildirmiş və qətnamədə zərərin başqa əşya və ya əmlakla əvəzləşdirilməli olmasını qeyd etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsində ipoteka predmetinin mülkiyyət hüququna dövlət ehtiyacları üçün özgəninkiləşdirildiyi, rekvizisiya və ya milliləşdirildiyi hallarda xitam verildikdə ipoteka saxlayanın ipoteka hüququna xitam verilməmiş hesab edilir. Hazırki mübahisə üzrə qeyd edilən hallardan fərqli olaraq ipoteka predmeti məhv edildiyindən məhkəmənin iddiaçı bankın ipoteka hüququna xitam verilməməsi qənaətinə gəlməsi tamamilə əsassızdır. Cavabdehlərin təqsiri üzündən ipoteka predmetinin məhv edilməsi nəticəsində bankın ipoteka predmetinə dair irəli sürə biləcəyi hüquqlarına xitam verilmiş və bank sökülmüş ipoteka predmeti olan mənzilin əvəzinə Cavabdeh2 verilmiş mənzilin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu itirmişdir. Bundan başqa məhkəmə mülki hüquq pozuntusunu tanısa da zərərin əvəzinin ödənilməsi hissəsini təmin etməməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Kreditin təminatı olan ipoteka predmeti məhv edilmişdir və ipoteka saxlayana ziyan vurulmuşdur. Mülki hüquq pozuntusu olduğundan bu halın bərpası üçün əmlakın dəyərində və yaxud da kredit müqaviləsi üzrə ümumi qalıq borc dəyərində (məbləğində) və əldən çıxmış fayda həcmində ipoteka saxlayana ziyanın əvəzini ödənməlidir. Bundan əlavə birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 174, 98 saylı mənzilin ipoteka ilə yüklü edilməsi barədə məlumatı olmamışdır. Halbuki, işin məhkəmə çəkişməsi zamanı tərəfimizdən məhkəməyə bildirilmişdir ki, Cavabdeh1 MMC-nin mübahisəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə məlumatı olmuşdur. Belə ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 20.07.2017-ci il tarixli müqavilənin 2.1.2-ci bəndində K.L.Abdıyevə vəzifə olaraq mülkiyyətində olan yaşayış sahəsini öz vəsaiti hesabına tam boşaldaraq, yüklü olmaması barədə arayış (forma 1) təqdim etmək şərti ilə “Tikinti şirkəti”nə yəni Cavabdeh1 MMC-yə təhvil vermək öhdəliyi qoyulmuşdur. Əlavə olaraq qeyd edirik ki, 29.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iş üzrə digər Cavabdeh2 nümayəndəsi Qanuni nümayəndə izahatında bildirmişdir ki, söküntü işləri aparılmamışdan əvvəl tərəfimizdən ipoteka ilə yüklü edilmiş mənzilə dair çıxarış Cavabdeh1 MMC-yə təqdim edilmiş və mənzilin İddiaçı ASC-də ipoteka ilə yüklü edilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi qeyd edilən hallar Cavabdeh1 MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 174, 98 saylı mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsi barədə məlumatı olmasını birdaha sübüta yetirir. Məhkəmənin qətnamədə iş üzrə Cavabdeh2 qarşı Bankın “kredit borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə mövqeyinə münasibət bildirərək qeyd edirik ki, qətnamədə qeyd edilən hal Banka məlum haldır lakin nəzərə alınmalıdır ki, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsi). Sadalanan normanın məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Həmçinin bildiririk ki, Bank tərəfindən Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi təqdirdə ödəliyin icrasının təminatı olmadığından təminatsız kredit kimi işə baxılmasına səbəb olacaqdır. Qeyd edilən hal nəticədə çıxarılacaq qətnamənin gələcəkdə icrasına çətinliklər yaradacaqdır. Bundan başqa məhkəmə qətnamədə qeyd etmişdir ki, K.L.Abdıyevin nümayəndəsi X1iddia tələbini qəbul etməmiş və məhkəmədən iddianın rədd edilməsi xahiş etmişdir. Halbuki, K.L.Abdıyevin nümayəndəsi X1 birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbini qəbul etmiş, hazırda borcun ödənilməsi üçün başqa bir əmlakı satışa qoyduğundan məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Qeyd edilən halın doğruluğuna əmin olmaq üçün məhkəmə iclasları zamanı qeydə alınan video görüntülərə baxış keçirmək kifayət edir. Bankın yazılı razılığı olmadan ipoteka qoyan Cavabdeh2 tərəfindən mənzilin Cavabdeh1 MMC-nin sərəncamına verilməsi, sonuncunun da yuxarıda qeyd edilənləri bildiyi və bilməli olduğu halda təqsirli və hüquqazidd əməllər (delikt) törətməklə həmin ipoteka predmetini əldə etməklə onun söküntüsünü aparması bankın hüquqlarının pozulması kimi qiymətləndirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş zərər ödənilməlidir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 01.10.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Qanuni nümayəndə 03.09.2021-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sökülmüş mənzilin əvəzinə ona təqdim edilmiş mənzilin ipoteka ilə yüklü edilməsinə hər hansı etirazı yoxdur. Həmin mənzili sataraq banka olan kredit borcunu da ödəyə bilər. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-361/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 32410,07 manat pul, 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19.08.2010-cu il tarixli 161 saylı kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə illik 8 faizlə 40000 manat məbləğində ipoteka krediti verilmiş, həmin kreditin təminatı olaraq ünvan 2 ünvanda yerləşən 98 saylı mənzil ipoteka ilə yüklü edilmiş, həmin mənzilin yerləşdiyi bina Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 22.06.2017-ci il tarixli, “Yasamal rayonu, X2 küçəsi 174 ünvanda yerləşən istismar müddəti başa çatmış yaşayış binasının sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında» sərəncamı əsasında istismar müddəti başa çatdığına görə cavabdeh "xxxx" MMC tərəfindən sökülmüşdür. Cavabdeh2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 20.07.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 saylı ünvanda yerləşən 98 saylı mənzilin Cavabdeh1 MMC tərəfindən sökülməsinə razılıq vermiş, tikinti şirkəti müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində Cavabdeh2 mənzil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-nin işdəki 07.09.2020-ci il tarixli, 23 saylı məktubundan görünür ki, A.M.Şərifzadə 174 küçəsində yerləşən Cavabdeh2 məxsus 98 saylı mənzil mülkiyyətçinin razılığı ilə sökülmüş, əvəzində 20.07.2017-ci il tarixli müqaviləyə əsasən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən 169 saylı təmirli mənzil verilmişdir. Tərəflərin izahatlarına əsasən, müəyyən edilmişdir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən 169 saylı təmirli mənzil daşınmaz mlakın dövlət reyestrində qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ipoteka müqaviləsinin predmeti olan mənzil sökülmüş olsa da, onun əvəzinə ipoteka qoyan cavabdehə verilmiş mənzil üzərində iddiaçı bankın ipoteka hüququna xitam verilməmiş və ona çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə etmiş və həmin hüquq bugünkü gündə də davam etməkdədir. Məhkəmə bu nəticəni əsaslandırmaq üçün “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinə istinad etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinə əsasən ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Hazırkı iş üzrə ipoteka pıredmetinin dövlət ehtiyacları üçün əmlakın özgəninkiləşdirilməsi halı mövcud deyil. Rekvizisiyanın anlayışı isə Mülki Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər (rekvizisiya). Milliləşdirmə dedikdə isə xüsusi mülkiyyətdə olan əmlakın müəyyən məqsədlər üçün millətin xeyrinə dövlətin mülkiyyətinə keçirilməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş mənzil üzərində ipoteka qoyanın mülkiyyət hüququna “İpoteka haqqında” Qanunun 32.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verilməsi halları mövcud olmadığından birinci instansiya məhkəməsi həmin normanı hazırkı iş üzrə tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddiaçı tərəfindən iddianın hüquqi əsası kimi istinad edilmiş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Hazırkı halda ipoteka qoyan tərəfindən qanunun qeyd edilən normasının tələbi pozulmuş, Cavabdeh2 ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka ilə yüklü edilmiş məznilin sökülməsinə razılıq vermiş, digər Cavabdeh1 MMC isə sökdüyü binada yerləşən mənzillər üzərində yüklülüyün olub-olmadığını araşdırmamış, nəticədə ipoteka predmetinin məhv olması nəticəsində ipoteka xitam olunmuş, kredit öhdəliyinin təminatı aradan qalxmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.4-cü maddəsinə əsasən, ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən ipoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır. İşin mübahisəsiz halıdır ki, hazırkı halda Cavabdeh2 tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinin tələbləri pozulmaqla ipoteka ilə yüklü edilmiş əmlaka sərəncam vermişdir. Belə olan halda bank Qanunun 31.1.2-ci maddəsinin tələbinə əsasən ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını Cavabdeh2 tələb etməyə haqlıdır. Tikinti şirkəti olan Cavabdeh1 MMC sökdüyü daşınmaz əmlakın yüklü olub-olmadığını bilməli və araşdırmalı olduğundan Qanunun 31.2-ci maddəsinə əsasən kredit alan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 saylı ünvanda yerləşən 98 saylı mənzil söküldükdən sonra Cavabdeh2 kredit üzrə ödənişləri dayandırmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bankın daxili resursları hesabına 33908 manat vəsait İpoteka Fonduna köçürülmüşdür. İddia ərizəsinin dəyişdirilməsi barədə ərizəyə əlavə edilmiş maliyyə arayışına əsasən, 05.04.2021-ci il tarixə Cavabdeh2 banka 31588,47 manat əsas, 821,60 manat faiz borcu olmaqla, cəmi 32410,07 manat borcu yaranmışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddia 32410,07 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsaslıdır. Cavabdehlərdən Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 28396,72 manat əldən çıxmış faydanın tutulması hissəsində isə iddia tələbi məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Hazırkı iş üzrə Cavabdeh1 MMC-də iddiaçının qanunsuz saxlanılan pul vəsaiti olmadığından ona qarşı əldən çıxmış fayda tələbi əsassızdır. Cavabdeh2 ilə iddiaçı arasında 19.08.2010-cu il tarixdə 25 il müddətinə bağlanmış kredit müqaviləsi ləğv edilmədən, kredit öhdəliyinin icra müddəti bitmədən və ya bank tərəfindən qanunla nəzərdə tutulmuş hallarda öhdəliyin vaxtından əvvəl icrası tələb edilmədən kreditalanın bankdan aldığı kredit vəsaitini tam qaytarmaq öhdəliyi yaranmadığından iddiaçı tərəfindən qalıq kredit borcuna Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış faiz borcu əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-361/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 32410,07 manat pul, 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-361/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 32410,07 manat pul, 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar