Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-84/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” barədə və müstəqil tələb irəli sürən 3-cü şəxs X5 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1032/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1032/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbləri rədd edilmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs X5 iddiası qismən təmin edilmiş, Cavabdeh ASC-dən tərtib olunmuş akt əsasında su sərfiyyatının bərpa olunması məqsədi ilə hesablanmış 2196 manat borcun silinməsi, smart su sayğacına görə alınmış 247 manat və ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin müstəqil tələb irəli sürən 3-cü şəxs X7 geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə iddia tələbi təmin edilməmiş, ödənilməli olan 30 manat dövlət rüsumunun ödənilməmiş hissəsi -20 manat Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X4 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qeyri-yaşayış sahəsinin Alfasu-15 markalı, 50127413 nömrəli sayğacına baxış keçirilərkən sayğacın dövlət plombunun və Cavabdeh ASC-yə məxsus plombun olmadığı aşkar edilmişdir. Suölçən cihaza müdaxilə olub olmamasının müəyyən edilməsi üçün sayğac Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X2 təqdim edilmişdir. Müayinə nəticəsində sayğaca müdaxilə edildiyi və təmirə yararsız olması barədə rəy tərtib edilmişdir. Həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4 nömrəli cədvəlinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. Qətnamə qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyindən, iş üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən apelyasiya şikayəti verilmədiyindən kollegiya qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissələrində yoxlayır. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 2/15 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış və X5 adına sənədləşdirilmiş su sayğacına görə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında su sərfiyyatının bərpa olunması məqsədi ilə hesablanmış 2.196 manat borcun silinməsi, smart su sayğacına görə alınmış 247 manat, smart karta yüklənmiş məbləğdən borca görə tutulmuş 798 pul vəsaitlərinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 2/15 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış su sayğacına görə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında su sərfiyyatının bərpa olunması məqsədi ilə hesablanmış 2.196 manat borcun silinməsi, smart su sayğacına görə alınmış 247 manat, smart karta yüklənmiş məbləğdən borca görə tutulmuş 798 pul vəsaitlərinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki iddianın əsaslarına görə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 2/15 ünvanında yerləşən qeyri yaşayış sahəsi İddiaçı ilə X8 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinə verilən içməli və istehsal məqsədli suyun təchizatı, tullantı suların kanalizasiyasisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflər arasında hüquq və öhdəliklərin müəyyən olunmasına dair Bağırov EminYaqub oğlu ilə Cavabdeh ASC arasında müqavilə bağlanmışdır. Ona görə də sözügedən qeyri-yaşayış sahəsinə məxsus su sayğacı X5 adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixində istifadəsində olan, “BEYO” çay evi adı altında fəaliyyət göstərən sözügedən obyektdə quraşdırılmış “smart su sayğacı”nın nasaz olduğunu (sayğacın batareyasının işləməməsi səbəbindən sayğacda elektron göstəricilər əks olunmurdu) aşkarlandıqdan dərhal sonra Cavabdeh ASC-nin qaynar xəttinə zəng vurulmuş, bu barədə məlumat verilmişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh ASC-nin əməkdaşları sözügedən ünvana gələrək guya sayğacın yararsız batareyasını digər işlənmiş batareya ilə əvəz etmiş, qısa müddət ərzində bu batareyanı yenisi ilə əvəzləyəcəklərini bildirmişdirlər. Bir neçə gün sonra CavabdehSC-nin servis xidmətinin əməkdaşı Məhərrəm adlı şəxs sayğacın batareyasını yenisi ilə əvəz etmişdir. Həmin gün axşam saatlarında iddiaçı işə geri qayıdarkən kartdakı məbləği sayğaca yükləyərkən sayğacda göstəricilərin mənfi 1700 kub metr olduğunu gördü. Bu barədə dərhal Məhərrəmə telefonla məlumat vermişdir. Növbəti gün Məhərrəm qeyd olunan ünvana gəlmiş, sayğaca baxdıqdan sonra bildirmişdir ki, sayğacın platası yanmışdır, buna görə də ya sayğacı dəyişmək lazımdır. Buna görə Cavabdeh ASC-yə 247 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh ASC-nin əməkdaşları sözügedən ünvana gəlmiş, sayğacı yenisi ilə əvəzləmişdirlər. Müəyyən müddətdən sonra ona məlum olmuşdur ki, çıxarılmış sayğacda guya bir sıra problemlər mövcud olmuş, sayğac müdaxiləyə məruz qalmışdır. Buna görə də Cavabdeh ASC tərəfindən itirilmiş su sərfiyyatının bərpa edilməsi məqsədi ilə 2196 (iki min yüz doxsan altı) manat borc yazılmışdır. Obyektdə quraşdırılmış sayğacda nasazlığı xx.xx.2019-cu il tarixdə aşkarlamışdır. Bu tarixədək isə sayğacda hər hansı bir problem olmamışdır. Həmin obyektdə sayğac xx.xx.2019-cu il tarixdə əvəzləşmişdir. Bundan əlavə Cavabdeh ASC-nin nümayəndəsi hər ay iddiaçının istifadəsində olan obyektə gəlmiş, burada quraşdırılmış su sayğacına baxış keçirmişdir. Lakin buna baxmayaraq, Cavabdeh ASC 22 günlük müddət üçün su sərfiyyatına görə 2196 manat borc hesablamışdır. Hazırki mübahisə üzrə sayğaca müdaxilə olunmasında iddiaçının təqsiri sübut olunmadan sayğacın dəyərinə görə 247 manat pulun alınmasını qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Ona görə də, sayğacın dəyərinə görə alınan pul geri qaytarılmalıdır. İddiaçı işlətdiyi obyekt çay evi kimi fəaliyyət göstərir. Bu obyektin aylıq su sərfiyyatı maksimim 50-60 manat arasında olur. 2190 manat isə təqribən obyektin üç illik sərfiyyatıdır. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçı tərəfindən su sayğacına müdaxilənin olunmasının sübuta yetirilmədiyini əsas götürərək üçüncü şəxsin iddia tələbini qismən təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İşdən müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli 40812460 nömrəli müqaviləsinə əsasən Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə X8 arasında sutəchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartlarının tələblərinə uyğun, məşət (təsərrüfat)- içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli inventarizasiya aktından görünür ki, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov 2115 ünvanında yerləşən X7 məxsus obyektin su xəttinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, su xəttinin üzərində olan Alfasu 15 markalı su sayğacı yeni ÇSS-20K smart kart tipli su sayğacı yoxlanıldıqdan və plomblandıqdan sonra əvəz edilmişdir. Çıxarılmış Alfasu 15 markalı sayğacda zavod və Cavabdeh ASC-yə məxsus plombu üzərində olmadığı və sayğac üzrə yoxlama aparılması üçün laboratoriyaya göndəriləcəyi qeyd edilmişdir. Akt yalnız "Cavabdeh" ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, X3 kart tipli su sayğacının quraşdırılması üçün Cavabdeh ASC-yə 247,23 manat dəyərində pul ödəmişdir. “Quraşdırılan, dəyişdirilən və təmir və istismara qəbuluna” dair xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, həmin tarixdə X7 məxsus obyektdə quraşdırılmış Alfasu 15 markalı su sayğacı çıxarılaraq yerinə ÇSS -20K markalı ön ödənişli smart-kart tipli su sayğacı quraşdırılmışdır. Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X1” xx xxxxxx 2019-cu il tarixli 27413 nömrəli rəyində Alfasu 15 markalı suölçən cihazının hesablama mexanizmində müdaxilə aşkar olunduğu, təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. Cavabdeh ASC tərəfindən X7 ünvanlanmış xx xxxxxx 2019- cu il tarixli ********* nömrəli hesab fakturadan görünür ki, xx xxxxxx 2019-cu il tarixə 2.196 manat qalıq borcunun ödənilməsi xahiş edilmişdir. Abonent haqqında məlumat vərəqəsinə əsasən X5 qalıq borcu 1.398 manat təşkil etmişdir. Hazırki iş üzrə iddiaçı və üçüncü şəxs məhkəmədə cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında su sərfiyyatının bərpa olunması məqsədilə hesablanmış 2196 manat cərimə borcunun silinməsi, smart su sayğacına görə alınmış 247 manat pulun geri qaytarılması, borca görə tutulmuş 798 manat pul vəsaitinin geri qaytarılmasını mübahisələndirmişlər. Birinci instansiya məhkəməsi İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında su sərfiyyatının bərpa olunması məqsədilə hesablanmış 2196 manat cərimə borcunun silinməsi, smart su sayğacına görə alınmış pulun geri qaytarılması barədə iddia tələbinə münasibətdə haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında su sərfiyyatının bərpa olunması məqsədilə hesablanmış 2196 manat cərimə borcunun silinməsi, smart su sayğacına görə alınmış pulun geri qaytarılması tələbinə münasibətdə subyektiv hüququ yoxdur, çünki Cavabdeh ASC ilə müqavilənin tərəfi olmadığı üçün mübahisələndirilmiş akt üzrə hesablanmış borcun ləğvinə dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, işdə olan sənədlərdən görünür ki, X8 ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 2/15 (zirzəmi) ünvanında yerləşən ümumi sahəsi 74.2 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi İddiaçı icarəyə vermişdir. Mübahisələndirilən borcun əsassızlığına gəlincə kollegiya aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, yoxlama zamanı cavabdeh tərəf sayğacın plombunda müdaxilə olunduğunu əsas gətirərək sudan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərə görə 1 ay üzrə istehlakçıya 2.196 manat borc məbləği hesablamışdır. Kollegiya ilk öncə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən özünə aid qapalı binada iddiaçıya aid quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Digər tərəfdən, cavabdeh suölşən cihaza müdaxilə olunduğunu bildirsə də buna dair də hər hansı (video görüntü, foto şəkil, hal şahidlərinin ifadələri və s.) sübut təqdim olunmamışdır. İşdə olan “Quraşdırılan, dəyişdirilən və təmir və istismara qəbuluna” dair xx xxxxxx 2019-cu il tarixli aktında, nə də xx xxxxxx 2019-cu il tarixli inventarizasiya aktında suölçən cihazının hesablama mexanizmində müdaxilə olduğunun və bununla əlaqədar sayğacın dəyişdirilməsi zərurəti barədə qeydlər edilməmişdir. Halbuki, Cavabdeh ASC-nin nümayəndəsi də izahatında bildirmişdir ki, iddiaçı su sayğacında yaranmış nasazlıqla bağlı Cavabdeh ASC-nin əməkdaşlarını çağırmış, yoxlama nəticəsində sayğac çıxarılmış və yenisi ilə əvəz edildikdən sonra müayinə edilməsi üçün laboratoriyaya göndərilmişdir. Cavabdeh ASC-nin strukturuna daxil olan Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən cihazların kalibrləmə laboratoriyası” tərəfindən verilmiş rəylə belə müdaxilənin konkret kim tərəfindən olunması, X8 tərəfindən olunması sübuta yetirilmir. Həmçinin, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin izahatında, eləcə də abonent haqqında saldo ilə müəyyən edilmişdir ki, yeni sayğac quraşdırıldıqdan sonra abonentin su sərfiyyatı ilə yeni sayğacdan əvvəlki dövrdəki su sərfiyyatı arasında kəskin fərq olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.1, 1096.2) Mülki hüquq pozuntusundan irəli gələn öhdəliyin yaranmasının mühüm şərti zərərin vurulması faktıdır. Əks təqdirdə, nə əmlak hüququ pozulmuş, nə də öhdəlik yaranmış olur. Pozulmuş əmlak hüququn olmaması, o cümlədən bununla əlaqədar öhdəliyin yaranmaması məsuliyyətin həcmini müəyyən etməyi istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1.-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mübahisələndirilən tələbin həlli üçün əhəmiyyətli olan mülki məhkəmə icraatında vurulmuş zərərlə bağlı göstərilən maddədəki sübutetmə yükünə münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya sudan qanunsuz istifadəsi nəticəsində hesablanmış borcun silinməsi ilə bağlı tələbin əsaslılığına qiymət verilərkən qanunsuz istifadə halının mövcudluğunu sübut etmək vəzifəsi prinsip etibarı ilə cavabdehə aiddir. MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normadan bir daha görünür ki, mülki məhkəmə icraatında sübutların işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməsinə dair birbaşa göstərişin olması o deməkdir ki, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Yəni, məhkəmə maraqlı şəxslərdən aldığı sübutu təhlil etmək, ilkin qiymətləndirmək və yalnız əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmək hüququna malikdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən müqavilə şərtləri və qüvvədə olan qanunvericiliyin tələbləri pozulması halı, sayğaca müdaxilə edilməsi və bununla da cavabdehə zərər vurulması faktı sübuta yetirilmədiyindən abonentə itirilmiş su sərfiyyatının bərpa edilməsi məqsədilə cərimə məbləğinin yazılması əsassız olmuşdur. Digər iddia tələbi smart su sayğacına görə alınmış 247 manat pulun geri qaytarılması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 1.2.2-ci bəndinə əsasən istehlakçı dedikdə, STKM-in xidmətindən istifadə edən hüquqi və fiziki şəxs başa düşülür. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifələrindən biridir. Adı çəkilən normalardan göründüyü kimi yalnız istehlakçının təqsiri müəyyən olunduğu təqdirdə zədələnmiş su sayğacını təmir etmək və ya dəyişdirmək vəzifəsi onun üzərinə qoyula bilər. İşin hallarından müəyyən edildiyi kimi əvvəlki dəyişdirilmiş Alfasu 15 su ölçən cihazının hesablayıcı mexanizmi üzərindəki dövlət plombunun olmamasında, sayğacın təmirə yararsız olmasında istehlakçının təqsiri sübuta yeirilmədiyindən smart su sayğacının dəyişdirilmə xərci də iddiaçıya aid edilə bilməz. Bu əsasdan 247 manat pulun geri qaytarılması tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1032/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-2(103)-84/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-84/2020
15.01.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver