Məhkəmə qərarları › İş №2-2(103)-84/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-84/2023

08.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-84/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair Açar söz: lizinq müqaviləsi üzrə borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsindən görünür ki, iddiaçı 2008-ci il buraxılışı olan, “Porsche Cayenne-GTS” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə cavabdehə lizinqə verməyi, cavabdeh isə lizinq obyektindən istifadəyə görə şərtləşdirilmiş muzd ödəməyi öhdələrinə götürmüşlər.

2. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 2008-ci il buraxılışı olan, “Porsche Cayenne-GTS” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avtomobil təhvil alınmışdır.

3. xx.xx.2022-ci il tarixli 1859/DLİZ saylı maliyyə arayışından görünür ki, xx.xx.2019- cu il tarixli 06/1859/DLİZ nömrəli X7 Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə 19793,87 manat əsas borcu, 8106,14 manat mükafat borcu, 123,44 manat cərimə, cəmi 28023,45 manat lizinq borcu mövcuddur. Həmin arayışdan görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə 833 manat cərimə olmaqla, cəmi 2746 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinin xitam edilməsi, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə yaranmış 19793.87 manat əsas borc, 8106,14 manat mükafat borcu, 123.44 cərimə faizi, cəmi 28023,45 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc cavabdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinə əsasən iddiaçı təsviri bu müqavilədə göstərilən 1 (bir) ədəd, 2008-ci il buraxılışı olan, “Porsche Cayenne- GTS” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə vermişdir. Cavabdeh sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 21500 manat təşkil edir. Bu ümumi məbləğdən 8461 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər-ay 832,26 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən hər ay 832,26 1 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2019-cu il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. İddiaçının mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne-GTS” avtomobili xx.xx.2021-ci il tarixdə avtomobili lizinqə məxsus duracağa yerləşdirmiş və avtomobil halhazırda yararsız vəziyyətdədir. Yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdehin faktiki qeydiyyatda olduğu ünvanı olan N.ünvan 1də yazılı və şifahi əlaqə saxlanılaraq xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək. Bu müqavilənin 13.1-ci bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur.

6. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, 2019-ci ilin iyul ayında oğlu lizinqə avtomobil almışdır. 2 ay sürdükdən sonra maşının motoru tökülmüşdür. Daha sonra maşını ustaya təhvil vermişdir. Pandemiya səbəbindən avtomobil orada uzun müddət qalmış, bir müddət sonra avtomobilin bütün hissələrinin oğurlandığını bildirmişlər. Həmin oğrular kameraya da düşmüşdülər. Daha sonra hüquq mühafizə orqanlarına müraciət etmiş və bu işlə bağlı cinayət işi açılmışdır. Həmin iş üzrə cavabdehə 23000 manat zərər dəydiyi müəyyən olunmuşdur. Daha sonra iddiaçıya bu barədə məlumat vermiş, onlar isə ona narahat olmamağını, siğorta olunduğu üçün problemi həll edəcəklərini bildirmişlər. Bir müddət sonra iddiaçının əməkdaşları onunla əlaqə saxlayaraq avtomobili onların dediyi saxlanca qoymağını dedikləri üçün avtomobilin həmin yerə qoyulmasını təmin etmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra cavabdehi məhkəməyə vermişlər. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2896/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı, 2008-ci il buraxılışı olan, “Porsche Cayenne-GTS” markalı **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə cavabdehə lizinqə verməyi, cavabdeh isə lizinq obyektindən istifadəyə görə şərtləşdirilmiş muzd ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən avtomobil xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avtomobil təhvil alınmışdır. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə cavabdehin xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinə əsasən yaranmış 19793.87 manat əsas borc, 8106,14 manat mükafat borcu müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 123.44 manat dəbbə pulu məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə iddia tələbinin müqaviləyə xitam verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bu hal, lizinq müqaviləsinə xitam verilməsi üçün əsasdır. Başqa sözlə, iddia tələbi X6 Müqaviləsinə xitam verilməsi hissəsində təmin olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2896/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 8.1-ci bəndinə uyğun olaraq avtomobili İddiaçı MMC xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də kasko sığorta etdirmiş və nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsi (şəhadətnamənin nömrəsi Mİ-011060) verilmişdir. Həmin şəhadətnamədə sığorta obyektinin dəyəri 30.000 manat, sığorta məbləği 21.500 manat müəyyən edilmişdir. Avtomobil cavabdehin istifadəsinə veriləndən 2 ay sonra onun mühərrikində nasazlıq yarandığından və mühərrik işə düşmədiyindən mühərrikin təmir edilməsi üçün avtomobili cavabdehin atası Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr. 75 ünvanda yerləşən avtomobil təmiri sexinə aparmış, sexin rəhbərinin göstərişi ilə avtomobili sexin həyətində saxlamış və avtomobilin açarını mühərrik ustasına vermişdir. Avtomobilin mühərrikinin xarab olması və sexin ünvanını göstərməklə orada saxlanması barədə cavabdehin atası “Lizinq verən”ə məlumat vermişdir. Usta koronavirus xəstəliyinə yoluxduğundan xəstəxanaya düşmüş, uzun müddət müalicə almışdır. Pandemiya dövrü olduğundan cavabdehin fəaliyyət göstərdiyi ofis bağlandı. Həmin ofisdə cavabdeh avtomobilləri icarəyə verib gəlir əldə edirdi. Ofis bağlandıqdan sonra işləmək üçün xarici dövlətə getdi və atasına 3 il müddətinə etibarnamə verdi ki, təmirdən sonra avtomobili sexdən götürsün. Avtomobil sexin həyətində saxlandığı müddətdə- 24 mart 2020-ci il tarixdə saat 16 radələrindən 25 fevral 2021-ci il tarixdə saat 11 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər avtomobilin ehtiyat hissələrini oğurlamışdır. Bununla əlaqədar cavabdehin atası Nərimanov Rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazmış, həmin idarənin istintaq şöbəsinin baş müstəntiqi polis mayoru X1 12 aprel 2021- ci il tarixli qərarı ilə fakta görə CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, şikayətçi atası olduğundan o, zərərçəkmiş şəxs kimi tanınmış və ona 23230 manat ziyan vurulduğu müəyyən edilmişdir. İstintaq zamanı zəruri istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığına görə müstəntiqin 12 iyun 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat dayandırılmışdır. Cavabdehin atası bu barədə məhkəməyə bildirmiş, qərarın surətini təqdim etmişdir. İddiaçı avtomobili 2021-ci ilin yay ayında sexdən aparıb öz dayanacağına qoymuşdur. Avtomobilin 23230 manat dəyərində ehtiyyat hissələri oğurlanmışdır, burada cavabdehin günahı olmamışdır. Avtomobilə dəymiş zərəri iddiaçı sığorta şirkətindən almalıdır. Ona görə də cavabdeh müqavilə üzrə öhdəlikdən azad olunur. Məhkəmə bunu nəzərə almalıdır. Məhkəmə avtomobilin hissələrinin oğurlanması, bununla əlaqədar Nərimanov rayon Pİ-nin İŞ-də cinayət işinin istintaqının aparılması, ödənişləri etməməyinin səbəbinin fors major halı ilə əlaqədar olduğu aydınlaşdırmamışdır. Nəqliyyat vasitəsinin kasko sığorta şəhadətnaməsi cavabdehdə olmadığından birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Ramiz Məmmədov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi R.Yolçuyev isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4-cü maddə- borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-6.1-ci maddə-lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. 748-7.1-ci maddə-lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddə-əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2896/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə 2008-ci il buraxılışı olan, “Porsche Cayenne-GTS” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə lizinqə verilmiş, cavabdeh isə hər ay üçün ödənilməli olan 832,26 manat ödənişi xx.xx.2019-cu il tarixə qədər ödəmiş, həmin tarixdən sonra ödəniş edilməmişdir. 2021-ci ildə avtomobil lizinq verənə geri qaytarıldığından cavabdehdən xx.xx.2021-ci il tarixədək, yəni lizinq obyektinə sahiblik və istifadə etdiyi dövr üçün hesablanmış borc tələb olunur.

18. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, avtomobil cavabdehin istifadəsinə veriləndən 2 ay sonra onun mühərrikində nasazlıq yarandığından və mühərrik işə düşmədiyindən mühərrikin təmir edilməsi üçün təmir sexinə aparılmış, avtomobil həmin sexdə uzun müddət qalmış, avtomobil orada olarkən naməlum şəxs və ya şəxslər avtomobilin ehtiyat hissələrini oğurlamışdır və buna görə də dəymiş zərəri iddiaçı sığorta şirkətindən almalıdır.

19. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Nərimanov rayon Polis İdarəsinin “Cinayət işinin dayandırılması barədə” qərarında qeyd edilənlərə əsasən, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16-00 radələrindən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən X2 etibarnamə əsasında idarə etdiyi təmir sexinin həyətində saxlanılan “Porsche Cayenne GTS” minik markalı 90 PE034 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri oğurlanmış, nəticədə sonuncuya ümumilikdə 23230 manat ziyan dəymişdir.

20. Azərbaycan Respublikası MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın talanması riski lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alanın üzərinə düşdüyündən və hazırda tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda nəzərdə tutulmadığından lzinq obyektinin ehtiyat hissələrinin oğurlanması lizinq obyektinin qaytarıldığı vaxtadək hesablanmış borcun imtina üçün əsas ola bilməz. Lizinq müqavilənin 4.4.17-ci bəndində nəzərdə tutulmuşdur ki, lizinq alan razılıq veriri və öhdəsinə götürür ki, bu müqavilə və əmlakın təhvil-təslim aktı imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağıdlmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və ya dağıdılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək və hətta əmlak sıradan çıxsa belə lizinqə görə ödəniş qrafikinə uyğun ödənişlər edəcək.

21. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən edilmişdir ki, cavabdeh özü ölkə xaricində olduğu üçün avtomobil uzun müddət nəzarətsiz qalmış, servisə yerləşdirilmiş, avtomobilin ehtiyat hissələrinin oğurlanması barədə onun atası bir ildən sonra xəbər tutmuş, bu barədə lizinq verənə bir ildən sonra məlumat verilmiş, sığorta hadisəsi barədə sığorta şirkətinə vaxtında məlumat verilmədiyi üçün baş vermiş hadisə ilə əlaqədar sığorta ödənişinin alınması mümkün olmamışdır. Hazırda iddiaçı tərəfindən lizinq alandan oğurlanmış ehtiyat hissələrinin dəyəri tələb edilmədiyindən məhkəmə cavabdehin qeyd edilən hala istinad edərək iddianın rədd edilməsinə dair tələbini əsassız hesab edir.

22. Fors major halla bağlı tərəflər arasında bağlanmış müqavilənin 12.2-ci bəndində qeyd edilmişdir ki, fors major hallar nəticəsində bu müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən tərəf belə halların yaranması anından 10 təqvim günü ərzində digər tərəfə forsmajor halların yaranması və təxmini bitməsinin müddəti haqqında yazılı məlumat verməlidir. Fors major halların mövcudluğu dövlət orqanı tərəfindən təsdiq olunmalıdır. 12.3-cü bənddə qeyd edilir ki, fors major halların başlanmasına istinad edən tərəf bu halların başlanması haqqında digər tərəfi vaxtında xəbərdar etməsə, həmin tərəf gələcəkdə fors major hallara istinad edə bilməz. Forc major halla bağlı MM-nin 448.4-cü maddəsində də qeyd edilir ki, borclu öhdəliyin icra edilməsinə maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Hazırkı halda cavabdehin pandemiya ilə əlaqədar ödənişləri həyata keçirə bilməyəcəyi və ya oğurluq hadisəsi barədə qarşı tərəfə yazılı bildiriş verildiyi iş materialları ilə sübut olunmadığından cavabdehin fors major hala istinad edərək öhdəliyinin həcminin azaldılmasına dair tələbi əsassızdır.

23. Bundan əlavə iş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən imzalanmış iltizam adlı sənəddən görünür ki, cavabdeh sığorta hadisəsi baş verərsə yaranmış çətinliklərin və ya servis ilə bağlı narazılığın aylıq ödənişlərə təsir etməyəcəyinə dair lizinq verən qarşısında üzərinə öhdəlik götürmüşdür.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2896/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2896/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar