Məhkəmə qərarları › İş №2-2(103)-840/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-840/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-840/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-141/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı “Muğanbank" ASC və cavabdeh "xxxx" Sığorta ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Muğanbank" ASC cavabdeh "xxxx" Sığorta ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərərə görə 4490 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (09.12.2019-cu il tarixindən 10.06.2020-ci il tarixinədək - 510 gün – 0,1 %) hesablanmış 2289,90 manat dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2-2(113)-141/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərərə görə 4490 manat məbləğində sığorta ödənişi, 400 manat dəbbə pulunun tutularaq “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 21,63 manat məbləğinin "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan 8,37 manat məbləğinin isə “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 72,12 manat məbləğinin "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən, qalan 27,88 manat məbləğinin isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı “Muğanbank" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Sığorta ASC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tələb olunan 2289,90 manat dəbbə azaldaraq 400 manat həddində müəyyən etməsi əsassızdır. Məhkəmə tərəfindən tələb olunan 2289,90 manat dəbbə pulunu azaldılaraq, 400 manat həddində müəyyən edərkən, İddiaçı ASC-nin mənafeləri nəzərə alınmamış və dəbbə pulunun tənasübsüz surətdə yüksək olması əsaslandırılmamışdır. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi "xxxx" LTD-nin qüsur aktı real zərər məbləğini əks etdirmir. Belə ki, təmirə yararlı olan ehtiyat hissələri yenisi ilə əvəz edilməli ehtiyat hissəsi kimi göstərilmiş, ehtiyat hissələrinin bazar dəyəri aşağı olduğu halda, iddiaçının təqdim etdiyi aktda şişirdilmiş məbləğlər göstərilmiş, təmir bərpa işləri (işçilik haqqı) bazarda daha aşağı olduğu halda aktda mövcud bazar qiymətlərinə uyğun olmayan şişirdilmiş məbləğdə qeyd edilmişdir. Bundan başqa Qanunun 16.2-ci maddəsinin məzmunundan görünür ki, zərər məbləğinin qiymətləndirməsi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə aparılmalıdır. Lakin iş materiallarında zərərin mütəxəssis və ya müstəqil ekspert vasitəsilə qiymətləndirilməsi təsdiq edilmir. "xxxx" Şirkətinin servis mərkəzinin təqdim etdiyi qüsur aktında müvafiq imza və mütəxəssis adının olmaması onun mötəbər və obyektivliyini şübhə altına alır. Lakin sığortaçı tərəfindən tərtib olunan qüsur aktları məhkəməyə təqdim edilsə də, məhkəmə məhz iddiaçının təqdim etdiyi və mötəbərliliyi sual yaradan qüsur aktına istinad edərək ekspert qarşısında sual qoymuşdur. Cavabdeh SŞ ekspert rəyində şişirdilmiş qiymətləri özündə əks etdirən qüsur aktına istinad edildiyi üçün əlavə ekspertiza təyin edilməsinə dair vəsatət vermiş, lakin məhkəmə hər hansı əsaslandırma olmadan vəsatəti təmin etməmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla iş üzrə zəruri sənədlər toplanmış və zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görülmüşdür. Bu məqsədlə iddiaçıya zərər məbləğinin müəyyən edilməsi barədə məlumat verilmiş, etirazını və müstəqil ekspert tərəfindən təkrar qiymətləndirmənin keçirilməsi qaydası barədə məlumat verilmişdir. Tərəflər arasında zərər məbləği razılaşdırılmadığı üçün Mülki Məcəllənin 927.2-ci maddəsinin tələbləri baxımından cavabdehin iddiaçıya sığorta ödənişi verməsi üçün qanuni əsası da olmamışdır. Belə olan halda dəbbə pulunun ödənilməsi üçün Qanunun 18-ci və Mülki Məcəllənin 934.2-ci maddəsində göstərilən əsaslar olmamışdır. O Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə5 və cavabdehin nümayəndəsi Nümayəndə6 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 22 noyabr 2019-ci il tarixində Cavabdeh Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “Opel” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı “Muğanbank" ASC-yə məxsus olan “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində Quba rayon X3 X4 tərəfindən “Opel” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı bildirir ki, “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanması ilə əlaqədar EURO STYLE LTD şirkətinə müraciət edilmişdir. EURO STYLE LTD şirkətinin qüsur aktına əsasən avtomobilə dəyən ziyan 10130 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ASC-yə qanunla müəyyən edilmiş qaydada pretenziya qaydasında müraciət edilərək mübahisənin məhkəməyədək həll edilməsi təklif edilsə də, cavabdeh təşkilatdan bununla bağlı heç bir hərəkət aparılmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Volkswagen” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 530 manat tələb olunur. Qeyd edilənlərlə bağlı 19 fevral 2019-cu il tarixində iddiaçıya rəsmi məktub ünvanlanmış, məktubda dəymiş zərər məbləği barədə ona məlumat verilmiş, eyni zamanda cavabdehin onun avtomobilinin təmirini təşkil etməyə, eləcə də zərər məbləğinin qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil etməyə hazır olduğu bildirilmişdir. Lakin iddiaçı cavabdehin təkliflərinə münasibət bildirməmiş və 22.04.2020-ci il tarixində cavabdehlə razılaşdırmadan avtomobilini "xxxx" şirkətinin servis mərkəzinə təqdim etmiş və zərər məbləği əsassız şişirdilmiş qüsur aktı əldə etmişdir. Cavabdeh tərəfindən iddiaçıya sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. Hal-hazırda yaranan mübahisə zərər məbləği ilə bağlıdır. Eyni zamanda, iddiaçı sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan sənədi, yəni sığorta tələbini təqdim etmədiyindən sığorta ödənişinin köçürülməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı icbari sığorta müqaviləsi üzrə sığortalanan nəqliyyat vasitəsi ilə onun mülkiyyətində olan avtomobilə dəymiş maddi zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi tələbini irəli sürmüşdür. Kollegiya hesab edir ki, hazırki mübahisə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.2, 15.3.1, 24.1.5-ci maddələrinə uyğun həll olunmalıdır. Həmin maddələrə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır (13.1). Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır (13.2). Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir (15.3.1). Zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüququ vardır (24.1.5). Hazırkı iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsi də yuxarıda qeyd olunan normalara əsasən sığorta hadisəsi hesab olunur. Çünki həmin hadisə ilə icbari sığorta edilən avtomobil ilə iddiaçının mülkiyyətində olan avtomobil toqquşmuş və həmin toqquşma nəticəsində iddiaçıya məxsus avtomobilə maddi zərər dəymişdir. Ona görə də, iddiaçının cavabdehdən sığorta ödənişi almaq hüquqları əmələ gəlmişdir. EURO STYLE LTD tərəfindən tərtib olunmuş 22 aprel 2020-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 10130 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 mart 2021-ci il tarixli 9/346 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə görə iş materiallarında olan EURO STYLE LTD tərəfindən təqdim olunmuş 22.04.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7215,0 manat müəyyən edilmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri nəzərə alınaraq hazırki apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 sentyabr 2021-cl il tarixli 9/5464 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən nəzəri hesablama yolu ilə təqdim edilmiş "xxxx" LTD tərəfindən təqdim edilmiş 22.04.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2010-cu il buraxılışlı “Volkswagen Transporter” xüsusi markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiymətinə aşınma tətbiq edilməklə təmir-bərpa xərci təxminən 7215,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 5235,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1980,00 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" LTD tərəfindən təqdim edilmiş 22.04.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2010-cu il buraxılışlı “Volkswagen Transporter” xüsusi markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələri təmir edildiyi halda təmirbərpa xərci təxminən 2500,00 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə avtomobilin zədələnmiş ehtiyat hissələrinin yenisi ilə dəyişdirilməklə deyil, təmir olunmaqla təmir-bərpa xərcləri nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, avtomobilin zədələnmiş hissələrinin tam məhv olma halında olması qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Ekspert rəyindən də görünür ki, əsasən avtomobilin zədələnmiş hissələri təmir edildiyi halda təmir-bərpa xərci təxminən 2500,00 manat müəyyən edilir. İddiaçı isə avtomobilin zədələnmiş hissələrinin məhz yenisi ilə dəyişdirilməklə təmir edilməsinin zəruriliyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, məhz 2500 manat məbləğində sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Lakin kollegiya hesab edir ki, hazırki işdə dəbbə pulunun tutulması üçün əsaslar mövcud deyil. Belə ki, qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, sığortaçı yalnız sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə "xxxx" Sığorta ASC “Muğanbank" ASC-yə məktub ünvanlayaraq, avtomobilə dəymiş zərər məbləğinin mütəxəssislər tərəfindən 530 manat müəyyən edildiyi, Cavabdeh Sığorta Şirkətinin müəyyən edilmiş zərər məbləğini “Muğanbank" ASC-nin seçiminə əsasən ödəməyə və ya avtomobilin təmirini təşkil etməyə hazır olduğunu, avtomobilin təmirinə razı olduğu halda avtomobili servis mərkəzinə təqdim etməyi, zərər məbləğinin ödənilməsi ilə razı olduğu halda ofisə müraciət etmələri, eyni zamanda zərər məbləği ilə razı olmadıqları halda qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazır olduğu bildirilmişdir. Göründüyü kimi hazırki işdə sığortaçının sığorta ödənişini ödəməkdən imtina etməsi halı mövcud deyildir. Əksinə yuxarıda da qeyd olunan məktubdan da görünür ki, cavabdeh zərər məbləği ilə razı olmadıqları halda qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazır olduğu bildirmiş, lakin iddiaçı həmin təklifə ümumiyyətlə heç bir münasibət bildirməmiş və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də kollegiya hesab edir ki, həmin iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Eyni zamanda iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “Muğanbank" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" Sığorta ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-141/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Sığorta ASC-dən 2500 manat sığorta ödənişi tutularaq iddiaçı “Muğanbank" ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 175 manat məbləğində pul vəsaiti bərabər hissələrdə iddiaçı “Muğanbank" ASC və cavabdeh "xxxx" Sığorta ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar