Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-840/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi Açar söz: dəymiş zərərin əvəzinin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən maddi zərərin tutulmasına dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-2015/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixdə üzləşmə aktına əsasən qarşılıqlı hesablaşmalara əsasən Cavabdeh İddiaçı MMC-yə 1024,05 manat məbləğində borcu vardır. Akt tərəflərin imzaları ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh maddi zərər üçün 1024,05 manat, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat olmaqla, ümumilikdə cəmi 1055 manat pulun tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı artıq uzun illərdir ki, Bakı şəhərində həm fiziki həm də hüquqi şəxslərə müxtəlif növ tikinti materiallarının satışı ilə məşğul olur. Həmin fiziki şəxslərdən biri də Cavabdehdur. Cavabdeh İddiaçı MMC-dən 2015-ci ildə müxtəlif növ tikinti materiallarının dəyərini daha sonra ödəmək şərti ilə almışdır. Lakin daha sonra aldığı malların dəyərini ödəməkdən imtina etmişdir. Tərəflərindən dəfələrlə xəbərdarlıq edildikdən sonra Cavabdeh ilə İddiaçı MMC arasında 16 sentyabr 2015-ci il tarixli alınmış malların dəyərini təsdiq edən üzləşmə aktı tərtib olunmuşdur. Həmin üzləşmə aktına əsasən Cavabdeh aldığı tikinti materiallarının dəyəri olan 1024,05 manat məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ümümilikdə 1024,05 manat dəyərində yaranmış borcu bu günə qədər ödəməmişdir. Nəticədə, İddiaçı MMC-yə maddi ziyan dəyməklə yanaşı işgüzar nüfüzuna xələl gətirilmişdir. Belə olan halda, qarşılıqlı razılaşma əsasında razılaşmanın tələblərinə cavabdehin əməl etməməsi və öhdəliyin icra edilməsindən yayınması qanun pozuntusu və ya mülki hüquq pozuntusudur. Ona görə də cavabdeh tərəf borclu olduğu pulu geri qaytarmağa borcludur. Bu borclu kimi onun vəzifəsidir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 3317/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh 1024,05 manat maddi zərər üçün, dövlət büdcəsinə ödənilmiş 31 manat, ümumilikdə cəmi 1055 manat məbləğində pulun tutulması barədə kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində izahat verən Cavabdeh bildirmişdir ki, onunla İddiaçı MMC arasında cəmi iki il ərzində alış-veriş olmuşdur. 2015-ci ildən sonra isə həmin MMC ilə işləməməmişdir. O 1024 manat əvəzində İddiaçı MMC-yə 70 ədəd İran İstehsalı olan sement satmış və əlavə olaraq 290 manat pul vermişdir. Onun İddiaçı MMCyə heç bir borcu yoxdur. Bundan əlavə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, İddiaçı MMC-nin tərəfindən müqavilə tələbləri üzrə verilmiş 3 illik iddia müddətini buraxmışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC ilə onun arasında 2015-ci ildə imzalanmış üzləşmə aktının qəbul edilməsindən artıq 7 ildən artıq vaxt keçmiş və iddia müddəti bitmişdir. Belə olan halda İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni müqavilənin müddətinin bitməsindən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu əsasdan iddia rədd edilməlidir. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi üçün onun ərizəsinin qəbul edilməsini və müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin keçməsinə görə İddiaçı MMCnin iddiasının rədd edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 3317/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1090/2023 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 3317/2022 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. İş Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul olunduqdan sonra Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi əsassız olduğu üçün rədd olunmalıdır. Belə ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti buraxılmışdır. İş materiallarından görünür ki, tərəflər arasında olan münasibətlər 2015-ci ildə olmuşdur və artıq həmin müddətdən 7 ildən artıq vaxt keçmişdir. Belə olan halda iddia müddəti keçdiyi üçün iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-2015/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia rədd edilmişdir.
10. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, borcun yaranması tərəflər arasında şifahi qaydada razılaşdırılmış alqı – satqı münasibətləri üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsi ilə əsaslandırılmışdır.
11. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında şifahi formada razılaşdırılmış alqısatqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin münasibətlərin davamı olaraq tərəflər arasında üzləşmə aktı imzalandıqdan, məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Məhkəmə, İddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymamışdır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Tərəflər arasında xx.xx.2015-ci il tarixli üzləşmə aktı imzalanmış və həmin üzləşmə aktına əsasən cavabdehin 1024,5 manat borcun olması müəyyən edilmişdir. Lakin, həmin üzləşmə aktından sonra yaranmış borcun tələb edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş və borcun tutulmasına dair iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci ildə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət olunmuşdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-2015/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2015-ci il tarixdə alınmış malların dəyərini təsdiq edən üzləşmə aktına əsasən Cavabdeh aldığı tikinti materiallarının dəyəri olan 1024,05 manat məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ümümilikdə 1024,05 manat dəyərində yaranmış borcu bu günə qədər ödəməmişdir. Suraxanı rayon Məhkəməsi İddiaçı MMC-nin iddia tələbini rədd etmişdir. olunmalıdır. Belə ki, cavabehlə iddiaçı arasında müqavilə olmamışdır. Odur ki, hazırki iş üzrə ümumi iddia müddəti olan 10 il nəzərə alınmalıdır. Cavabdehlə iddiaçı arasında heç bir müqavilə olmamışdır və tərəflərin heç biri tərəfindən məhkəməyə müqavilə təqdim olunmamışdır. Əlavə olaraq, birinci instansiya məhkəməsi cavabdehlə olan mübahisəni “vaxtaşırı icra edilməli öhdəlik” kimi müəyyən etmişdir. Lakin iddiçı ilə cavabdeh arasında pul mübahisəsi olmuş və ona verilmiş malların qarşılığında onun, ödəniş etməsi öhdəliyi olmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
17. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 329.2-ci və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır və şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri
18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023-cü il tarixli 2- 2(113)-2015/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli üzləşmə aktı imzalanmış və həmin üzləşmə aktına əsasən cavabdehin 1024,5 manat borcunun olması müəyyən edilmişdir. Cavabdehin müqavilə üzrə borcu ödəmək öhdəliyinin ən azı üzləşmə aktı imzalandığı tarixdən yarandığı nəzərə alınarsa iddiaçı iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci ildə məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyündən iddianın rədd edilməsi barədə qətnamə əsaslıdır.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023-cü il tarixli 2-2(113)-2015/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-2015/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir, kassasiya şikayəti verilə bilməz.