Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-842/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı firmasının (bundan sonra - iddiaçı) nümayəndəsi X1, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə iddiaçının cavabdehə qarşı borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddia, cavabdehin iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-945/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 31.07.2015-ci il tarixli 02/2015 nömrəli müqavilə üzrə 1.170.000 ABŞ dolları və 31.08.2016-cı il tarixli 120-1/16/SA nömrəli İcarə müqaviləsi üzrə 255.000 ABŞ dolları, 142.500 ABŞ dolları cərimə, 1.567.500 ABŞ dolları borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, 31.07.2015-ci il tarixli 02/2015 nömrəli müqaviləyə xitam verilməsi və cavabdehin ona məxsus Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan 4.439.662 manat məbləğdə pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 31 iyul 2015-ci il tarixli 02/2015 nömrəli müqavilə üzrə 1.040.000 ABŞ dolları, 31 avqust 2016-cı il tarixli 120-1/16/SA nömrəli icarə müqaviləsi üzrə 255.000 ABŞ dolları və 5.000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1.300.000 ABŞ dolları məbləğdə pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 02/2015 nömrəli müqaviləyə xitam verilməsi, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya qarşı pul tələbi barədə qarşılıqlı iddiasının rədd edilməsi və həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ilk iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilərək, ilk iddianın rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin edilməsi hissəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 31 iyul 2015-ci il tarixli müqavilə üzrə və 31 avqust 2016-cı İl tarixli müqavilə üzrə göstərilmiş xidmətlərə dair tərəflər arasında imzalanmış aktlar mövcuddur. Bununla bağlı birinci instasiya məhkəməsində dəfələrlə yazılı şəkildə bildirilmişdir ki, İddiaçı firması tərəfindən məhkəməyə təqdim edilmiş aktlar son məhkəmə prosesində təqdim edilmişdir. Belə aktlar mövcud olmamışdır. Həmin aktlar Cavabdeh MMC-nin sabiq Ümid Bazası rəisi vəzifəsində çalışmış Əhməd Babayevlə İddiaçı firmasının əlbir olaraq eyni gündə hazırlanmış saxta aktlardır. Belə ki, həmin aktların saxtalığını sübut edən faktlar aşağıdakılardır. Təqdim edilmiş aktlar eyni vaxtda hazırlandığından aktda hərf səhvləri də eynilik təşkil edir. Aktlara diqqət etdikdə müəyyən olunur ki, “sufarişçi” və “icraı” sözlərində bütün aktlarda eyni qaydada yalnışlıq mövcuddur. Lakin, nümunə üçün məhkəməyə təqdim etdiyimiz daha öncə 2019-cu ilə aid tərtib edilmiş və tərəfimizdən möhürlə təsdiqlənmiş və ödənişi edilmiş təhvil təslim aktına diqqət yetirdikdə müəyyən etmək olur ki, həmin səhvlər mövcud deyildir. Təqdim edilmiş aktların hamısında eyni səhvlərin olması heç də təsadüfi deyildir. Həmin aktların eyni gündə tərtib edildiyinin aşkar nəticəsidir ki, bu da aktların saxta olmasını göstərir. Həmçinin, təqdim edilmiş aktların saxta olmasını göstərən ikinci amil həmin aktlara vurulmuş möhürdür. Möhürə diqqət yetirdikdə aşkar şəkildə müəyyən etmək olur ki, təqdim edilmiş hesab fakturadakı möhürün rəngi ilə aktlara vurulmuş möhürün rəngi fərqlidir. Əgər aktlar həqiqətən də 2019-cu və 2020-ci illərdə tərtib olunmuşdursa, o zaman həmin tarixdə tərtib edilmiş hesab fakturadakı möhürlə aktlardakı möhür eynilik təşkil etmiş olardı. Lakin, aşkar şəkildə müəyyən etmək olur ki, aktlara vurulmuş möhürün rəngi tamamilə fərqlidir. Bu faktı iddiaçı tərəfindən iddiaçının vəkilə vermiş olduğu etibarnamədəki möhürü də təsdiq edir. Həmin möhürün rəngi ilə son olaraq təqdim edilmiş möhürün rəngi də fərqlidir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş aktların tərtib edilmə tarixləri sonradan qoyulduğundan həmin tarixlərin iş və ya qeyri-iş günü olması nəzərə alınmamışdır. 30.03.2019-cu il tarixli və 30.06.2019-cu il tarixli aktlara diqqət yetirdikdə görmək mümkündür ki, həmin aktlar qeyri-iş günlərinə təsadüf edir. Aşkar məsələdir ki, qeyri-iş günü belə bir akt tərtib edilə bilməzdi. Birinci instansiya məhkəməsində son məhkəmə prosesi zamanı aktlardakı yalnışlıqlar qarşı tərəfin diqqətinə çatdırıldığından yenidən saxta olaraq akt tərtib etmək məcburiyyətində qalmışdırlar. Yenidən akt tərtib edərkən isə yeni yalnışlıqlara yol vermişlər ki, həmin səhvlər aktların saxta olduğunu bir daha təsdiq edir. Əgər bu aktlar daha öncədən olmuş olsaydı məhkəmə araşdırması yekunlaşana qədər məhkəməyə təqdim edilmiş olardı. Məhkəmə prosesi zamanı verilmiş ifadələrdə, həmçinin, bu günədək iddiaçı tərəfindən təqdim edilmiş yazılı ərizə və izahatlarda tərəflər arasındakı münasibətlərin icarə münasibəti olmasını əsas gətirərək tərəflər arasında təhvil-təslim aktlarının tərtib edilməsinə zərurət olmadığını bildirirdilər. Lakin, işin gedişatı zamanı müqavilədə təhviltəslim aktlarının tərtib edilməsi zəruriliyinin olması iddiaçının diqqətinə çatdırıldığından, iddiaçı tərəfindən saxta aktların tərtib edilərək məhkəməyə təqdim edilməsi zərurəti yaratmışdır. Cavabdeh MMC-nin nümayəndəsi kimi imza atmış şəxs Əhməd Babayev 01 mart 2021-ci il tarixdən işdən azad edilmişdir. Məhz işdən azad edildikdən sonra İddiaçı firması ilə əlbir olaraq belə bir saxtakarlıq etmişdir. Həmçinin, təqdim edilmiş aktların heç birində Cavabdeh MMC-nin iradə ifadəsini əks etdirən möhür yoxdur. Eyni zamanda, daha öncə məhkəməyə təqdim edilmiş 2020-ci il tarixə aid təhviltəslim aktları ilə son təqdim edilmiş aktlar arasındakı fərqlər də bir daha aktların saxtalaşdırılmasını təsdiq edir. Belə olduqda maraqlı sual yaranır ki, əgər həqiqətən də tərəflər arasında aktlar imzalanıbsa, hansı səbəbdən eyni tarixə iki müxtəlif formada akt mövcuddur?! Məhkəmənin qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı gəlmiş olduğu qənaətlə də razılaşmayaraq, bildirir ki, İddiaçı firması Cavabdeh MMC-nin əvvəlki rəhbəri Ramin İsayevin yaxın qohumuna məxsusdur. Məhz bununla əlaqədar olaraq İddiaçı firmasına məxsus olan ümumi dəyəri 60-70 min avro olan avadanlıqları aylıq 15.000 ABŞ dolları məbləğinə, Qaradağda yerləşən 2 ha boş torpaq sahəsini isə real dəyərindən qat-qat artıq 65.000 ABŞ dolları məbləğinə icarəyə verilməsinə dair müqavilə rəsmiləşdirməklə, Cavabdeh MMC-nin vəsaitlərini əlbir olaraq mənimsəmişdirlər. Məhkəmənin Mülki Məcəllənin 398.1-ci maddəsinə istinad etməklə müqavilənin icrasının tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməsi qənaətinə gəlməsi tərəflərin hüquqdan sui-istifadə hallarına açıq meydan yaratmış olur ki, bu da məhkəmənin ən ümdə prinpisi olan ədalətlilik prinsipinin pozulması ilə nəticələnir. Həmçinin, tərəflər arasında bağlanmış 31 iyul 2015- ci il tarixli 02/2015 saylı dəstək xidmətlərinin göstərilməsi barədə müqaviləyə edilmiş 01 avqust 2018-ci il tarixli 1 saylı əlavənin 1-ci bəndində aylıq xidmət haqqının 65.000 ABŞ dolları olması qeyd olunmuşdur. Xidmət haqqının 45.000 ABŞ dollarından 65.000 ABŞ dollarına qaldırılmasının səbəbi də elə həmin bənddə açıq şəkildə qeyd olunmuşdur ki, icraçı (İddiaçı firması) tərəfindən ona məxsus sahədə razılaşdırılmış layihəyə uyğun müvafiq tikililər tikilərək sifarişçinin istifadəsinə veriləcək və abadlaşdırma işləri aparılacaq. Məhz bu işlərin qarşılığında xidmət haqqının artırılması nəzərdə tutulmuşdur. Məhkəmə prosesində dəfərlərlə İddiaçı firmasının nümayəndəsi tərəfindən təsdiq edilmişdir ki, ərazidə 2018-ci ilin avqust ayından sonra müqavilə üzrə öhdəlik götürdükləri tikili tikilməmisdir. Birinci instansiya məhkəməsi işin bu kimi önəmli halını nəzərə almamış, İddiaçı firması tərəfindən tərəflər arasında bağlanmış müqavilənin yuxarıda qeyd olunan müddəası üzrə öhdəliyin yerinə yetirilməməsi araşdırılmamışdır. Məhkəmə yalnız işi bir istiqamətdə, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliyinin yerinə yetirilib-yetirməməsini araşdırmışdır. Lakin, iş materiallarına diqqət yetirdikdə görmək mümkündür ki, 01 avqust 2018-ci il tarixli əlavə razılaşma bağlandıqdan sonra İddiaçı firması tərəfindən icarəyə verilmiş torpaq sahəsində heç bir tikili tikilməmiş və abadladırma işləri görülməmişdir. İddiaçı firması tərəfindən ərazidə görülən işlərə dair məhkəməyə təqdim edilmiş sənədlərdən də müəyyən olunur ki, əraziyə yolun çəkilməsi, transfarmotorun yerləşdirilməsi və digər işlərin görülməsi 31 iyul 2015-ci il tarixli dəstək xidmətlərinin göstərilməsinə dair bağlanmış müqavilə üzrə görülmüşdür. Bu işlərin görülməsi ilə bağlı İddiaçı firması tərəfindən məhkəməyə təqdim edilmiş saxta ödəniş sənədləri olmuş olsa belə həmin sənədlər də əlavə razılaşmadan sonra hər hansı bir işin görülməsini sübut etmir. Həmin sübutların saxta olması da onunla sübut olunur ki, məhkəmə prosesində İddiaçı firmasının direktoru tərəfindən etiraf edilmişdir ki, İddiaçı firmasının yalnız bir bank hesabı mövcuddur və həmin bank hesabı da “Unİbank”dadır. Təqdim edilmiş “Unibank”dakı bank hesabından çıxarışdan da iddiaçının qeyd etdiyi məbləğdə pul vəsaitinin "xxxx" MMC-yə ödənilməsi öz əksini tapmamışdır. Bununla da sübut olunur ki, iddiaçının mübahisəli torpaq sahəsində böyük həcmdə işlər görməsini “təsdiq edən” saxta sənədləri məhkəməyə təqdim etməsi aylıq xidmət haqqının şişirdilmiş olmasından yayınmaq məqsədi daşıyır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi və vəkili şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə bütövlükdə təmin olunmayan hissədə qismən ləğv edilərək, ilk iddianın qalan hissədə rədd, qarşılıqlı iddianın təmin olunması xahiş edilsə də, iddiaçı ilk iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan (ilk iddia rədd olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu üçün, həmin hissəyə toxunulmamalıdır. Bu baxımdan, hazırkı apellyasiya araşdırmasının predmetini ilk iddianın təmin edilən hissəsi və qarşılıqlı iddia təşkil edir. İşdən müəyyən edilir ki, 31.07.2015-ci il tarixli Dəstək xidmətlərinin göstərilməsi barədə 02/2015 saylı müqavilə ilə iddiaçı (icraçı) cavabdehə (sifarişçi) məxsus avadanlıqların icraçının sahəsində saxlanılması, təmiri, qabaşdırılması və sifarışçının iş sahələrinə göndərilməsi üzrə xidmətlər göstərməyi, sifarişçi isə bu müqavilənin şərtləri əsasında 45.000 ABŞ dolları məbləğdə aylıq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. 01.08.2018-ci il tarixli “31 iyul 2015-ci il tarixli 02/2015 nömrəli Dəstək xidmətlərinin göstərilməsinə dair” müqaviləyə 1 saylı əlavə razılaşma ilə tərəflər razılaşırlar ki, icraçı tərəfindən ona məxsus sahədə razılaşdırılmış layihəyə uyğun müvafiq tikililər tikilərək sifarişçinin istifadəsinə veriləcək və abadlaşdırma işləri aparılacaq, sifarişçi tərəfindən isə aylıq xidmət haqqı ƏDV-siz 65.000 ABŞ dolları ödəniləcək, müqavilə müddəti 01.08.2023cü il tarixə qədər artırılacaq və bu Əlavə razılaşmanın imzalandığı tarixdən sonrakı 5 il ərzində müqaviləyə birtərəfli qaydada xitam verilməyəcək. Müqaviləyə sifarişçi tərəfindən vaxtından əvvəl xitam verildiyi təqdirdə müqavilə müddəti üçün hesablanmış xidmət haqqının ödənilməmiş hissəsi tam olaraq icraçıya ödəniləcəkdir. 26.12.2018-ci il tarixli “31 iyul 2015-ci il tarixli 02/2015 nömrəli “Dəstək xidmətlərinin göstərilməsinə dair” müqaviləyə 2 saylı əlavə razılaşma ilə icraçı sifarişçiyə məxsus avadanlıqların icraçının sahəsində saxlanılması, təmiri, qablaşdırılması və sifarişçinin iş sahələrinə göndərilməsi üzrə xidmətlər göstərir, razılaşdırılmış layihəyə uyğun tikililər tikib sifarişçinin istifadəsinə verir, abadlaşdırma işləri aparır, sifarişçi isə bu Müqavilənin şərtləri əsasında xidmət haqqını ödəyir, icraçı sifarişçinin sifarişi əsasında bu maddədə göstərilməyən digər xidmətləri də yerinə yetirə bilər və bu xidmətlərin dəyəri bu Müqavilənin 3.1-ci bəndinə qeyd olunmuş məbləğə əlavə olaraq 3.3-cü bəndinə qeyd olunmuş qaydada ödəniləcəkdir. 31.08.2016-cı il tarixli 120-1/16/SA saylı İcarə müqaviləsi ilə iddiaçı (icarəyə verən) mülkiyyətində olan avadanlıqları bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən Əlavələr əsasında cavabdehə (icarəçiyə) icarəyə verməyi, icarəçi isə əlavə nəzərdə tutulmuş icarə haqqını müqavilənin şərtlərinə əssən ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən bu müqaviləyə əsasən avadanlıqların tam saz halda təhvil-təslim aktının tərtib edilməsi yolu ilə icarəçiyə təhvil verir və onun imzalandığı tarixdən etibarən avadanlıqlar icarəçinin icarəsinə verilmiş hesab edilir. 31.08.2016-cı il tarixli “31.08.2016-cı il tarixli 120-1/16/SA saylı icarə müqaviləsinə 1 №-li əlavə”dən görünür ki, 1 ədəd Forklift “MANİTOU” (Ofrroad tipli, 10 tonluq) avadanlığın aylıq icarə haqqı 15.000 ABŞ dolları məbləğdə müəyyən olunmuşdur. 31.12.2017-ci il tarixli “31 avqust 2016-cı il tarixli 120-1/16/SA nömrəli icarə müqaviləsinə” 02 saylı əlavə ilə müqavilənin müddətinin 31 dekabr 2020-ci il tarixə qədər artırılması razılaşdırılmışdır. 04.09.2018-ci il tarixli 30/18 saylı hesaba əsasən 2018-ci il sentyabr ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 09.10.2018-ci il tarixli 32/18 saylı hesaba əsasən 2018-ci il oktybar ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 27.02.2019-cu il tarixli 06/19 saylı hesaba əsasən 2019-cu il fevral ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 04.04.2019-cu il tarixli 08/19 saylı hesaba əsasən 2019-cu il mart ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 31.05.2019-cu il tarixli 10/19 saylı hesaba əsasən 2019-cu il aprel ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 03.06.2019-cu il tarixli 12/9 saylı hesaba əsasən 2019-cu il may ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 01.10.2019-ci il tarixli 15/19 saylı hesaba əsasən 2019-cu il avqust ayı üzrə ödəniləcək məbləğ 17.700 ABŞ dolları, 14.10.2019-ci il tarixli 16/19 saylı hesaba əsasən 2019-cu il sentyabr ayı üzrə ödəniləcək məbləğ 17.700 ABŞ dolları, 19.12.2019-ci il tarixli 17/19 saylı hesaba əsasən 2019-cu il oktyabr, noyabr və dekabr ayları üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dolları, 12.05.2020-ci il tarixli 01/20 saylı hesaba əsasən 2020-ci il yanvar, fevral və mart ayları üzrə ödəniləcək məbləğ 230.100 ABŞ dolları, 12.05.2020-ci il tarixli 02/20 saylı hesaba əsasən 2020-ci il yanvar, fevral və mart ayları üzrə ayı üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dolları, 30.06.2020-ci il tarixli 03/20 saylı hesaba əsasən 2020-ci il aprel, may və iyun ayları üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dolları, 30.06.2020-ci il tarixli 04/20 saylı hesaba əsasən 2020-ci il aprel, may və iyun ayları üzrə ödəniləcək məbləğ 230.100 ABŞ dolları, 30.09.2020-ci il tarixli 05/20 saylı hesaba əsasən 2020-ci il iyul, avqust və sentyabr ayları üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dolları, 30.09.2020-ci il tarixli 06/20 saylı hesaba əsasən 2020-ci il iyul, avqust və sentyabr ayları üzrə ödəniləcək məbləğ 230.100 ABŞ dolları, 30.12.2020-ci il tarixli 07/20 saylı hesaba əsasən 2020-ci il oktyabr, noyabr və dekabr ayları üzrə ödəniləcək məbləğ 230.100 ABŞ dolları, 30.12.2020-ci il tarixli 08/20 saylı hesaba əsasən 2020-ci il oktyabr, noyabr və dekabr ayları üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dolları müəyyən edilmişdir. 31.07.2015-ci il tarixli 02/2015 saylı müqavilə əsasında icarə xidmətinin göstərilməsi barədə tərəflər arasında bağlanmış 30.03.2019-cu il tarixli akta əsasən 195.000 manat dəyərində, 30.06.2019-cu il tarixli akta əsasən 195.000 ABŞ dolları dəyərində, 30.09.2019-cu il tarixli akta əsasən 45.000 ABŞ dolları dəyərində, 30.12.2019-cu il tarixli akta əsasən 45.000 ABŞ dolları dəyərində, 30.03.2020-ci il tarixli akta əsasən 195.000 ABŞ dolları dəyərində, 31.08.2016-cı il tarixli 120-1/16/SA saylı müqavilə əsasında icarə xidmətinin göstərilməsi barədə tərəflər arasında bağlanmış 30.03.2020-ci il tarixli akta əsasən 45.000 ABŞ dolları dəyərində, 30.06.2020-ci il tarixli akta əsasən 45.000 ABŞ dollları dəyərində, 30.06.2020-ci il tarixli akta əsasən 195.000 ABŞ dolları dəyərində, 31.08.2016-cı il tarixli 120-1/16/SA saylı, müqavilə əsasında icarə xidmətinin göstərilməsi barədə tərəflər arasında bağlanmış 30.09.2020-ci il tarixli akta əsasən 195.000 ABŞ dolları dəyərində, 30.09.2020-ci il tarixli akta əsasən 45.000 ABŞ dolları dəyərində, 31.08.2016-cı il tarixli 120-1/16/SA saylı müqavilə əsasında icarə xidmətinin göstərilməsi barədə tərəflər arasında bağlanmış 30.12.2020-ci il tarixli akta əsasən 195.000 ABŞ dolları dəyərində, 30.12.2020-ci il tarixli akta əsasən 45.000 ABŞ dolları dəyərində cavabdehə texniki xidmət göstərilmişdir. 28.12.2018-ci il tarixli EAAO 778637 saylı elektron qaiməyə əsasən cavabdehə 130.390 manat dəyərində, EAOO 778753 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 03.01.2019-cu il tarixli HW 633158 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 03.01.2019-cu il tarixli HW 633181 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 30.09.2019-cu il tarixli EBAA 528788 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 30.09.2019-cu il tarixli EBAA 529734 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, EBAA 529995 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, EBAA 530507 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 21.12.2019-cu il tarixli EBAE 194177 saylı elektron qaiməyə əsasən 30.090 manat dəyərində, EBAE 194426 saylı elektron qaiməyə əsasən 30.090 manat dəyərində, EBAE 196902 saylı elektron qaiməyə əsasən 90.270 manat dəyərində, 18.05.2020-ci il tarixli EBAK 016693 saylı elektron qaiməyə əsasən 391.170 manat dəyərində, EBAK 015836 saylı elektron qiaməyə əsasən 90.270 manat dəyərində, 18.08.2020-ci il tarixli EBAN 765708 saylı elektron qaiməyə əsasən 391.170 manat dəyərində, EBAN 766393 saylı elektron qaiməyə əsasən 90.270 manat dəyərində xidmət göstərilmişdir. 02.04.2021-ci il tarixli borc tələbi ilə bağlı açıqlamaya əsasən 31.07.2015-ci il tarixli 02/2015 saylı müqavilə üzrə borc cəmi 1.170.000 ABŞ dolları, 31.08.2016-cı il tarixli 1201/16/SA saylı icarə müqaviləsi üzrə cəmi 255.000 ABŞ dolları müəyyən olunmuşdur. 20.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi üzərində 49 il müddətə icarə hüquqları iddiaçının adına hüquqi qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 dekabr 1992-ci il tarixli 2182 nömrəli sərəncamına və əlavə olunmuş sənədlərə əsasən iddiaçıya Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsinin cənub-qərb hissəsində istehsalat bazası təşkil etmək üçün 2 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin planı və ölçüsünə görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 dekabr 1992-ci il tarixli 2182 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 20.000 kv.m. torpaq sahəsinin planı və ölçüsü X2 kitabında 21 oktyabr 2013-cü il tarixdə 36058 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.4-cü maddəsinə görə, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir; 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə görə, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəyə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir; 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından apellyasiya şikayətinin dəlilləri həddində hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Əvvəlcə, təqdim edilmiş aktlarda buraxılmış hərf səhvləri, aktlara vurulmuş möhürün rənginin fərqlənməsi və aktların tərtib edilmə tarixlərinin qeyri-iş günlərinə təsadüf etməsi texniki məsələ olmaqla, mübahisənin mahiyyətinə təsir etmir. Həmçinin, tərəflər arasında imzalanmış sənədlərə cavabdehin nümayəndəsi kimi imza atmış Əhməd Babayev adlı şəxsin 01 mart 2021-ci il tarixdən işdən azad edilməsi də cavabdehin lehinə əhəmiyyyət kəsb etmir. Belə ki, cavabdeh onun səlahiyyətini və imzasını mübahisə etmir. Cavabdeh həmin şəxsi işdən azad edildikdən sonra iddiaçı ilə əlbir olaraq saxtakarlıq etməkdə ittiham edir ki, qeyd olunan fakta hüquqi qiymət vermək hazırkı məhkəmə araşdırmasının predmeti deyil. Digər tərəfdən, işdə olan, iddiaçının təqdim etdiyi icarə müqaviləsinə əsasən 01 fevral, 01 mart, 03 iyun, 19 dekabr 2019-cu il tarixli təhvil-təslim aktlarından görünür ki, “X4 Company” MMC və "xxxx" QSC ilə tərtib olunan sənədləri də cavabdeh tərəfindən Bulla bazasının sahə rəisi Ə.Babayev imzalamış, onun imzası möhürlə təsdiq olunmuşdur. Təqdim edilmiş aktların heç birində cavabdehin iradə ifadəsini əks etdirən möhürün olmaması barədə dəlil də əsaslı deyil. Belə ki, işin 1-ci cildinin 94-102, 109-117, 121, 125, 129, 133, 140, 145, 149, 152, 156, 162, 167, 171, 175, 183, 193, 199, 204, 209, 214, 221, 224, 230, 235, 240, 245, 251, 257, 263-cü vərəqlərində, 2-ci cildin 2 və 11-ci vərəqlərində olan görülmüş işlərə dair aktlara (həmin aktların bir çoxu Ə.Babayev tərəfindən imzalanmışdır) cavabdehin möhürü vurulmuşdur. İddiaçıya məxsus avadanlıqları aylıq 15.000 ABŞ dolları məbləğinə, Qaradağda yerləşən 2 ha boş torpaq sahəsini isə real dəyərindən artıq 65.000 ABŞ dolları məbləğinə icarəyə verilməsinə dair dəlil də əsassızdır. Çünki, həmin məbləğ şərtini ehtiva edən müqavilələr və müqavilələrə əlavə razılaşmalar cavabdehin baş direktoru Ramin İsayev tərəfindən imzalanmış, bütün müqavilə və əlavə razılaşmalar cavabdehin möhürü ilə təsdiq edilmişdir, cavabdeh yaxın dövrə qədər həmin müqavilələr və əlavə razılaşmalarda nəzərdə tutulan məbləğləri iddiaçıya ödəmiş, müqavilələr və əlavə razılaşmalar etibarsız sayılmamış, ləğv edilməmiş, cavabdeh tərəfindən mübahisə edilməmişdir. Cavabdeh iş üzrə qarşılıqlı iddiasında da iddiaçıya qarşı yalnız pul tələbini irəli sürmüşdür. Cavabdeh bu gün də mübahisəli torpaq sahəsindən istifadə etməkdədir. Ərazidə 2018-ci ilin avqust ayından sonra müqavilə üzrə öhdəlik götürülən tikililərin tikilməməsi barədə dəlili də cavabdehin bununla razılaşaraq həmin müqavilələr və əlavə razılaşmalarda nəzərdə tutulan məbləğləri iddiaçıya ödəməkdə davam etməsi ilə təkzib olunur. Apellyasiya şikayəti ümumilikdə cavabdehin işdə olan çoxsaylı xidmət sifarişləri (Service order), görülmüş işlərə dair aktlar, iddiaçının Unibankda olan hesabından çıxarışda əks olunan cavabdehin ödənişləri, iddiaçının cavabdehə təqdim etdiyi və üzərinə cavabdehin “Mühasibat-Sənəd daxil edilib”, “Maliyyə şöbəsi-Qəbul edilib” və “Maliyyə şöbəsi-Ödənilib” ştampları vurulan hesabları, təsdiq olunan elektron qaimələrlə tam təkzib olunur. Xüsusi olaraq vurğulanmalıdır ki, cavabdehin iddiaçıya ödədiyini qəbul etdiyi 4.995.662 manat məbləğin özü belə tərəflər arasındakı müqavilə münasibətlərinin real, həqiqi olmasına dəlalət edir. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə də qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmənin tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulduğu üçün 142.500 ABŞ dolları məbləğdə dəbbə pulunun Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldaraq 5.000 ABŞ dolları müəyyən etməsi ədalətli olmuşdur. Məhkəmə, həmçinin, Mülki Məcəllənin 421 və 424-cü maddəsinə əsaslanaraq, müqavilə üzrə götürdüyü öhdəliklər yerinə yetirilməyən, ödəməli olduğu pul vəsaitini ödəməyən cavabdehin bu hərəkətlərini əhəmiyyətli pozuntu hesab edərək, müqaviləni ləğv etməsi, o cümlədən cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qanuni nəticəyə gəlmişdir. Məhkəmə, Mülki Məcəllənin 398.1-ci maddəsinə istinadən qarşılıqlı iddianı rədd edərkən də mövqeyi qanunauyğun olmuşdur. Belə ki, cavabdeh müqavilə bağlanarkən həmin müqavilənin şərtlərindən biri kimi qiymətlə də razılaşmış və sonradan da buna dair hər hansı etirazı olmadan razılaşdırılmış məbləğləri ödəmişdir. İddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları isə Bakı ŞİH-in 21 dekabr 1992-ci il tarixli sərəncamı və torpaq sahəsinin 21 oktyabr 2013-cü il tarixli planı və ölçüsü ilə təsdiq olunur. Bununla da, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi, bütövlükdə isə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə yoxlanılan hissədə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-945/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-842/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-842/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver