Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-843/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair Açar söz: zaminliklə bağlı öhdəliyə xitam verilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı (Feyzullayeva (Kamilova) Səbinə Ramses qızı müstəqil tələb irəli sürməyən şəxs olmaqla) borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-571/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC (İddiaçı ASC) (Bank) ilə Cavabdeh MTK (kooperativ) arasında 06 fevral 2015-ci il tarixli (əməkdaşlıq və ya birgə fəaliyyət haqqında) müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 15 və ünvan 1 ünvanlarında tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsini illik 12 faiz dərəcəsi ilə 5-7 il müddətinədək (istisna hallarda – 10 ilədək) kreditləşdirilməsi barədə üzərinə öhdəlik götürmüşdür.
2. Müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, satılmış mənzilin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi halında kooperativ müştəriyə ayrılmış həmin kredit vəsaitinin banka tam ödənilməsinə görə məsuliyyət daşıyır. 5.2-ci bəndə əsasən mənzil dövlət qeydiyyatından keçdildən və ipoteka qismində bankın xeyrinə yüklü edildikdən sonra kooperativ bu öhdəlikdən azad olunur.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 355/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilərək Feyzullayeva Səbinə Ramses qızı ilə bank arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə Feyzullayeva Səbinə Ramses qızından 70.824,93 ABŞ dolları əsas borc, 7.148,67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə olmaqla, cəmi 78.625,24 ABŞ dollarının (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla), 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.
4. İddiaçı ASC tərəfindən Cavabdeh MTK-ya pretenziya (xəbərdarlıq) məktubu ünvanlanaraq yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018- ci il tarixli, 2(008)-4282/2018 saylı qətnamə ilə müəyyən edilən 83.175,32 ABŞ dolları əsas, 21.990,21 ABŞ dolları faiz borcu, cəmi 105.165,53 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Feyzullayeva Səbinə Ramses qızı arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018- ci il tarixli, 2(008)-233/2018 qətnamə ilə müəyyən edilən 70.824,93 ABŞ dolları əsas, 7.148,67 ABŞ dolları faiz, 651 ABŞ dolları cərimə borcu, cəmi 78.625,24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli, 2(008)-489/2021 qətnamə ilə müəyyən edilən 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcu, cəmi 92.909,54 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; ümumilikdə 276.700,31 ABŞ dolları məbləğində borc və 90 manat dövlət rüsumunun, həmçinin hazırki iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 361 manat dövlət rüsumunun Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MTK arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 15 və ünvan 1 ünvanlarında Kooperativ tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2015-ci il tarixində müqavilə imzalanmışdır. Bundan sonra müştərilərə kreditlər verilmişdir. Aşağıdakı borc alanlar kredit üzrə borclarını ödəmədiyindən barələrində borcun tutulması qətnamələri qəbul edilmişdir. Ləğv prosesində olan “Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən zamin Cavabdeh MTK-ya qeyd edilən borcların ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2022-ci il tarixli xəbərdərlıq göndərilməsinə baxmayaraq, Cavabdeh MTK qeyd edilən kredit müqavilələri üzrə borcun qaytarılmasını təmin etməmişdir. xx.xx.2015-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən, satılmış mənzilin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi halında, Kooperativ müştəriyə ayrılmış həmin kredit vəsaitinin banka tam ödənilməsinə görə məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci maddəsinə əsasən, mənzil dövlət qeydiyyatından keçdikdən (çıxarış alındıqda) və ipoteka qismində bankın xeyrinə yüklü edildikdən sonra kooperativ bu öhdəlikdən azad olunur. Müqavilənin 5.6-cı maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, bu Müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Kooperativ bütün borcu və hesablanmış faizləri 5 (beş) iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ Kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri bank təqdim etməlidir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı İddiaçı ASC ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2018-cü il tarixli müqavilə və İddiaçı ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-571/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MTK-ya qarşı İddiaçı ASC ilə Feyzullayeva (Kamilova) Səbinə Ramses qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əsaslandığı İddiaçı ASC ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin məzmunundan görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh MTK müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə bütün borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış sözügedən müqavilə iddiaçı tərəfindən əməkdaşlıq və ya birgə fəaliyyət haqqında müqavilə adlandırılsa da, həmin müqavilənin məzmunu gələcəkdə yaranacaq öhdəliyin icrasının təmin etmək məqsədilə bağlanan zaminlik müqaviləsinin məzmununa uyğun gəlir, eyni zamanda sözügedən müqavilə zaminlik müqaviləsi üçün müəyyən edilmiş forma tələblərinə riayət edilməklə yazılı formada bağlanmışdır.
10. Məhkəmə araşdırma zamanı belə qənaətə gəlmişdir ki, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK inşa etdiyi komplekslərdə mənzil satacağı müştərilərinə mənzilin dəyərinin ödənilməsi üçün ayrılacaq kreditlər üzrə müştərilərin öhdəliklərinə, o cümlədən S.Feyzullayevanın (Kamilovanın) mübahisəli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinə zamin durmuş, mübahisəli müqavilədə zaminliyin qüvvədə olma müddəti müəyyən edilməmişdir
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə 31 mart 2015-ci il tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə Feyzullayeva (Kamilova) Səbinə Ramses qızından tutulması qət edilmiş məbləğdən (70.824,93 ABŞ dolları əsas borcu, 7.148,67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə) S.Feyzullayeva (Kamilova) tərəfindən 2500 ABŞ dolları məbləğində vəsait ödənildiyini, eləcə də həmin ödənişin Mülki Məcəllənin 432-ci maddəsində müəyyən edilmiş ardıcıllıqla faiz borcundan silinməli olduğunu nəzərə alaraq məhkəmə müəyyən etmişdir ki, hazırda S.Feyzullayevanın (Kamilovanın) mübahisəli kredit müqaviləsi üzrə əsas borcu 70.824,93 ABŞ dolları, faiz borcu 4648,67 (7.148,67-2500) manat, dəbbə pulu borcu 651 ABŞ dolları olmaqla cəmi borcu 76.124,6 ABŞ dolları təşkil edir.
12. Məhkəmə onu da qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik əsas borclu S.Feyzullayeva (Kamilova) tərəfindən müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra edilmədiyindən bank tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun əsas borcludan dərhal tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddia təmin edilərək kredit müqaviləsi üzrə qalıq borcun əsas borcludan tutulması qət edilmişdir. Göründüyü kimi kreditor tərəfindən kredit müqaviləsi üzrə əsas borcluya qarşı qalıq borcun dərhal ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilərkən, həmin tələb üzrə qətnamə çıxarılarkən və qüvvəyə minərkən kredit müqaviləsində nəzərdə tutulmuş kreditin verilməsi müddəti başa çatmamışdır. Odur ki, S.Feyzullayeva ilə bağlanmış kredit müqaviləsində kreditin qaytarılması öhdəliyinin icra edilməsi müddəti ilkin olaraq xx.xx.2025-ci ilədək müəyyən edilsə də, sonradan yuxarıda göstərilən məhkəmə qətnaməsinə əsasən həmin müqavilə vaxtından əvvəl ləğv edilmiş, kredit müqaviləsi üzrə bütün qalıq borcun (əsas, faiz və dəbbə pulu) əsas borclu tərəfindən vaxtından əvvəl icra edilməli olması qət edilmiş, yəni hazırda sözügedən kredit müqaviləsi, o cümlədən müqavilənin kreditin qaytarılması öhdəliyinin icra edilməsi müddətini müəyyən edən şərti qüvvədə deyildir. Belə olan halda isə məhkəmə hesab edir ki, hazırkı halda əsas öhdəliyin icrası vaxtı əsas borclu tərəfindən həmin öhdəliyin vaxtından əvvəl icra edilməsi barədə məhkəmə qətnaməsinin qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
13. Məhkəmə hesab etmişdir ki, İddiaçı ASC ilə Feyzullayeva (Kamilova) Səbinə Ramses qızı arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə Feyzullayeva (Kamilova) Səbinə Ramses qızının öhdəlikləri üzrə Cavabdeh MTK-nın zaminliyinə müddətin keçməsi ilə bağlı xitam verildiyindən iddiaçı LPO İddiaçı ASC-nin sözügedən kredit müqaviləsi üzrə borcun ödənilməsini Cavabdeh MTK-dan tələb etməkdə haqlı deyil.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-571/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin ləğv edilməsi heç də tərəfləri məhz həmin müqaviləyə istinad edərək bu müqavilənin ləğv olunmasınadək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququndan məhrum etmir. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il qərarında da ifadə edildiyi kimi "məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur". Göründüyü kimi məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur, kredit müqaviləsinə xitam verilməsi üçün bankın bununla bağlı iddiada tələb irəli sürməsi və məhkəmə qərarında bu tələbin təmin edilməsinə dair birbaşa göstərişin olması zəruridir. Bir sözlə əgər məhkəmə aktında müqavilənin ləğv olunması barədə ayrıca göstəriş yoxdursa, məhkəmə qətnaməsinin qəbulundan sonra da tərəflər arasında müqavilənin bütün şərtləri qüvvədə olur və onlar biri-birilərindən həmin müqavilədə müəyyən edilmiş şərtlərin (müqavilə faizlərinin) icrasını tələb etmək hüququnu saxlayırlar.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi; 470.1-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddə- zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 471-ci maddə- zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 477.0.4-cü maddə- zaminlik müqaviləsinə onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-571/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
21. İşin mübahisəsiz hallarından görünür ki, cavabdehlə iddiaçı arasında 06 fevral 2015-ci il tarixli müqavilə əsasında Cavabdeh MTK tikdiyi binadan mənzillərin alqı-satqısı zamanı bank tərəfindən müştərilərə verilən kreditlər üzrə öhdəliklərin müştərilər tərəfindən icra edilməsinə zəmanət vermişdir.
22. İşdəki Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh MTK tikdiyi binadan İddiaçı ASC-dən götürdüyü kredit hesabına mənzil əldə etmiş şəxslərdən biri-Feyzullayeva Səbinə Ramses qızı kredit borcunun ödənilməsi üzrə öhdəliyini icra etməmiş, bu səbəbdən İddiaçı ASC ona qarşı iddia qaldırararaq borcun vaxtından əvvəl qaytarılmasını xahiş etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə Feyzullayeva Səbinə Ramses qızı ilə bank arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə Feyzullayeva Səbinə Ramses qızından 70.824,93 ABŞ dolları əsas borc, 7.148,67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə olmaqla, cəmi 78.625,24 ABŞ dollarının (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla), 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, MM-nin 477.0.4-cü maddəsində zaminlik müqaviləsində onun verilmə müddəti müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, hazırkı halda əsas öhdəliiyin vaxtından əvvəl icrası ilə bağlı bank tərəfindən iddia qaldrıldığı nəzərə alınarsa, borclunun əsas öhdəliyi icra etməli olduğu tarix ən geci (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən bankın iradə ifadəsinin qarşı tərəfə bildirildiyi vaxt əsas götürülməlidir) qətnamənin qanuni qüvvəyə mindiyi tarix-xx.xx.2019-cu il hesab edilir. İddiaçının zaminə qarşı xx.xx.2020-ci il tarixədək iddia qaldırmaq hüququ olduğu halda həmin müddət ərzində bu hüquqdan istifadə etməmiş və zaminin öhdəliyi xitam olunmuşdur.
24. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, müqavilənin ləğv edilməsi müqavilənin ləğv edilməsinədək yaranmış öhdəlikləri tələb etmək hüququnu istisna etmir. Apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.” Hazırkı halda bank Feyzullayeva Səbinə Ramses qızına 31 mart 2015-ci il tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə 120 ay müddətinə verdiyi kreditin vaxtından əvvəl qaytarılmasını tələb etməklə müqaviləni 2019-cu ildə birtərəfli qaydada ləğv etdiyindən, kreditor tərəfindən əsas öhdəliyin vaxtından əvvəl icrası tələb edildiyi üçün MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət də məhz borclu üçün əsas öhdəliyi vaxtından əvvəl icra etmək vəzifəsi yaradan məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-571/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-571/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.