Məhkəmə qərarları › İş №2-2(103)-843/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-843/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-843/2025 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 652/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-A0198-16/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 123680.97 manat, faiz borcu 5707.65 manat, dəbbə borcu 2045.30 manat olmaqla ümumilikdə 131433.92 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 422 manat dövlət rüsumu və 0.63 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2022-ci il tarixli, DENG-00198- 16/22A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi, həmin həmin əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00198-16/22A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 120 (bir yüz iyirmi) ay müddətinə maksimal faiz dərəcəsi 35 (otuz beş) faiz olmaqla 300000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00198-16/22A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli, DEN-A0198-16/22A saylı əlavə razılaşmaya əsasən, bank tərəfindən cavabdehə yaşayış təyinatlı əmlakın tikintisi məqsədi ilə 36 (otuz altı) ay müddətinə 17 (otuz beş) faiz ödəmək şərti ilə 200000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iddiaçıyla DENZ-00198-16/22A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iddiaçıyla DENG-00198-16/22A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlak ipoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh1 məxsus Bakı şəhəri, Xətarayonu, ünvan 1 ünvanında yerləşən əmlakın "xxxx" MMC tərəfindən qiymətləndirilməsinin aparılması həyata keçirilmişdir və xx.xx.2022-ci il tarixinə real bazar dəyəri 286000 manat, likvid dəyəri 243000 manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 5.6-cı və ipoteka müqaviləsinin 7-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 123680,97 manat, faiz borcu 5707,65 manat, dəbbə borcu 2045,30 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 131433,92 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehlə bağlanılan Əsas kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-142/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada 123680,97 manat əsas borc, 5707,65 manat faiz borcu, 2045,30 manat dəbbə pulu, 422 manat dövlət rüsumu, 0,63 manat bank xidməti haqqı, ümumilikdə 131856,55 (bir yüz otuz bir min səkkiz yüz əlli altı manat əlli beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi,tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlaka - ilkin satış qiyməti 271600 (iki yüz yetmiş bir min altı yüz manat) manat olmaqla yönəldilməsi,göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 131856,55 (bir yüz otuz bir min səkkiz yüz əlli altı manat əlli beş qəpik) manat məbləğində borc tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi,satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada 145 (bir yüz qırx beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 400 (dörd yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında iddiaçı Bank "xxxx" ASC-nin iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə (elektron kabinet vasitəsilə) məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən borc öhdəliyi məhkəmə mübahisəsi dövründə tam şəkildə icra edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə kommersiya mübahisəsi üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 119.1-ci və 122-ci maddələrinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-652/2025 qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, mediasiya xərci iddiaçının özünə aid edilsin. Cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu cavabdehin özünə aid edilsin. 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar