Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-846/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı icarə haqqı borcunun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1784/2021 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə haqqı üzrə yaranmış 43847,27 manat borcun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdehin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-cı il tarixə dövlət büdcəsinə 43847,27 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1784/2021, 30.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1784/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq bilavasitə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, vergi orqanı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İşə apelyasiya qaydasında baxılması 03.09.2021-ci il tarixə təyin edilmiş tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1784/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallara əlavə olunmuş 19 aprel 2018-ci il tarixli, 1457 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”dən görünür ki, icarəyəverən (Bakı şəhər İcra Hakimiyyəti) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.02.2017-ci il tarixli, 78 saylı Sərəncamı və 20.02.2018-ci il tarixli, 13367 saylı inşaat pasportuna əsasən Bakı şəhəri, Səbail rayonu, 109-cu məhəllə, İstiqlaliyyət, Zərgərpalan və Ə.Cavid küçələrinin kəsişməsində yerləşən 3716 kv.m olan torpaq sahəsini icarə əsasında icarəçinin (Cavabdeh MMC) 49 il müddətinə istifadəsinə vermiş, icarəçi hər il 19477 manat 79 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08.10.2018-ci il, 11.04.2019-cu il, 19.04.2019-cu il, 02.05.2019-cu il, 10.05.2019-cu il, 12.07.2019-cu il tarixli məktublardan aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 19.04.2018-ci il tarixdə 1457 saylı 49 il müddətinə digər müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən 01.04.2018-ci ildən başlayaraq hər rüb üçün 4891,68 manat icarə haqqı hesablanır. Bakı Kommersiya Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq 25.05.2021-ci il tarixli, 7-1662/17 saylı Bakı şəhər İcra Hakimiyyətinin məktubunda Bakı şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında bağlanmış 19.04.2018-ci il tarixli, 1457 saylı torpaq icarə müqaviləsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.02.2017-ci il tarixli 78 saylı Sərəncamına və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 13367 saylı 20.12.2018-ci il tarixli inşaat pasportuna əsasən bağlandığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə bağlanmış icarə müqaviləsinin tərəfi olmadığından onun dövlət torpaqlarının icarəyə verilməsi ilə bağlanmış müqavilələr üzrə icarə ödənişlərinin icarəçilərdən tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Hazırkı iddia tələbinin əsası kimi istinad edilmiş icarə müqavilələri dövlət torpaqlarının icarəyə verilməsi ilə əlaqədar olduğundan Bakı şəhər İcra Hakimiyyəti müqavilələri dövlət tərəfindən ona verilmiş səlahiyyətlərə əsasında dövlətin adından bağlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Göründüyü kimi, vergi orqanına dövlət tərəfindən dövlətin adından dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq səlahiyyəti verilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2002-ci il tarixli, 828 nömrəli Fərmanında göstərilir ki, “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Fərman 2003-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2005-ci il tarixli, 321 nömrəli Fərmanına əsasən "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 13.2-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilmişdir: “həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, cavabdehə icarəyə verilmiş torpaq sahələri üzərində fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələri mövcuddur. Məhkəmə kollegiyası istinad edilən normativ aktların tələblərinə əsasən hesab edir ki, vergi orqanının üzərində tikililər yerləşən dövlətə məxsus torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət etmək hüququ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi aid olduğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, e-2-2 (113)- 1784/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, e-2-2 (113)-1784/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-846/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-846/2021
03.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver