Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-846/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Anar Nəcəf-zadənin və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-700/2022 nömrəli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış xx.xx.2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 10.319,57 manat, faiz borcu kimi 1.100,80 manat, cərimə kimi 899,06 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz borcu kimi 1.407,12 manat, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Anar Nəcəf-zadə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddia tələbi onunla əsaslandırılıb ki, tərəflərin arasında bağlanmış xx.xx.2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 6 faiz olmaqla 15.000 manat məbləğində kredit verib. Lakin tələbin əsaslandığı kredit müqaviləsi, habelə pulun cavabdehə verdildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilməyib, iddiaçı birinci instansiya məhkəməsinə yalnız hesabdan çıxarış təqdim edib (iş v. 30). Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, kredit müqaviləsi bağlamayıb, pul almayıb və ödənişlər etməyib. İddiaçının məhkəməyə təqdim etdiyi sübut (hesabda çıxarış) iddiaçının cavabdehə kredit verdiyini müəyyən etməyə imkan vermir. Kreditin qaytarılmasının qət edilməsi üçün əvvəlcə kreditin verildiyi müəyyən olunmalıır. Ona görə də məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Sonradan iddiaçı məhkəməyə “bildiriş” adlı sənəd (iş v. 126, 178) və “kredit müqaviləsinə əlavə” adlı sənəd (iş v. 127, 180) təqdim edib. Həmin sənədlər işə bir dəfə apellyasiya qayadasında baxıldıqdan sonra – kassasiya şikayəti verilərkən təqdim edilib. Belə ki, işə bundan əvvəl iki dəfə apellyasiya qaydasında baxılıb, hazırkı apellyasiya baxışı üçüncü baxışıdır. Mülki-Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin özündən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmayıb. Ona görə də həmin sənədlər sübut kimi qəbul edilə bilməz. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 700/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-846/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-846/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver