Məhkəmə qərarları › İş №2-2(103)-847/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-847/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-847/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1980/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli 005L**********23 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 300.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur.

2. Uzunmüddətli kredit müqaviləsi üzrə həmin tərəflər arasında xx.xx.2019-cu il tarixli 005R********** saylı krеdit razılaşması bağlanmış və razılaşmaya əsasən cavabdehə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, 15.000 manat məbləğində krеdit verilmişdir.

3. Kredit müqaviləsinin təminatı kimi "xxxx" QSC ilə zaminlər Cavabdeh2, Cavabdeh3 arasında müvafiq olaraq 22 oktyabr 2018-ci il tarixli, 005S**********01 saylı və 29 oktyabr 2019-cu il tarixli 005S**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zaminlər borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

4. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2021-ci il tarixli 005R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin dəyişikliklərlə bağlı zaminlərin razılığı alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 11.380,74 manat məbləğində krеdit bоrcu, 2.472,29 manat məbləğində faiz bоrcu və 1.996,16 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15.849,19 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 11.380,74 manat, faiz bоrcu 2.472,29 manat, cərimə borcu 1.996,16 manat, cəmi borcu isə 15.849,19 manat təşkil edir.

7. Cavabdeh1 bildirir ki, pandemiya şəraiti ilə əlaqədar ödəniş edə bilməmişdir. Əsas məbləğ həqiqəti əks etdirir, lakin faiz borcu ilə razı deyil.

8. Digər cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1980/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11.380,74 manat məbləğində əsas borc, 2472,29 manat məbləğində faiz borcu və 500 məbləğində dəbbə pulu, cəmi 14.353,03 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçıya aid edilməsi, qalan hissədə iddianın rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 80 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 20 manat hissəsinin isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, o, banka müxtəlif vaxtlarda müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etsə də, onlar əsassız faiz borclarını və dəbbə pulunu ondan tələb etmişdir. Krediti tələb olunan hissələrdə ödəmiş, lakin məhkəmə bu ödəmələrin qrafikini araşdırmamış və ödəmələrin əsas borca yönəldilibyönəldilməməsi barədə müzakirə aparmamışdır. Bundan başqa, krediti götürdükdən sonra pandemiya baş vermiş və biznesi dayandığına görə ödəmələrində ləngimələr olmuşdur. Eyni zamanda, o, ağır formada koronavirusa yoluxmuş və səhhətində ciddi problemlər yaranmışdır. O, pandemiya dövründə də aylıq 300 manat ödəniş etmiş və həmin məbləğ faiz borcunun ödənilməsinə yönəldilmişdir. Lakin məhkəmə bu faktları nəzərə almamışdır. Hazırda o, bankın təyin etdiyi yeni qrafik üzrə ödənişlər etməyə hazırdır. Məhkəmə isə qətnamə qəbul edərkən dəbbə pulunu qismən azaltmasına baxmayaraq, faiz borcunu silməmiş və ya azaltmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

16. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

17. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin Cavabdeh1 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə və kredit borcunun məbləğinə aid hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

21. Belə ki, əsas və faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddəsi təşkil edir.

22. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 öz öhdəliklərini pozmuş və kredit borcunu ödəniş qrafikinə uyğun ödəməmişdir.

23. Belə ki, borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 may 2023-cü il tarixli, 9/3483 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 "xxxx" QSC-yə olan borcu xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas kredit borcu 11.380,74 manat, faiz borcu 3.667,90 manat təşkil etmişdir.

24. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Cavabdeh1 11.380,74 manat əsas borcun və 2472,29 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

25. Eyni zamanda Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

26. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 1.996,16 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun təxminən 5 faizini təşkil edən 500 manat məbləğində müəyyənləşdirmişdir.

27. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsi tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən tam silinməsini deyil, azaldılması imkanını nəzərdə tutmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən də həmin maddə mövcud məhkəmə təcrübəsinə əsasən tətbiq edilmiş və dəbbə pulu əsas borcun təxminən 5 faizini təşkil edən 500 manat məbləğinədək azaldılmışdır. Həmçinin qanunvericilikdə faiz borcunun məhkəmə tərəfindən silinməsini və ya azaldılması imkanı nəzərdə tutulmamışdır. Bundan başqa işin hallarından da görünür ki, pandemiya dövründə vəziyyət nəzərə alınaraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2021-ci il tarixli 005R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.

28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1980/2023 saylı qətnaməsi Cavabdeh1 və kredit borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar