Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-849/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 162/2024 nömrəli qətnaməsindən (hakim Nərmin Əhmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (bank) ilə Cavabdeh2 MMC (müştəri) arasında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli OnGTC- 01801LE/2019 nömrəli razılaşmanın şərtlərindən görünür ki, Müştəri bu Razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang.az/” link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 №-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.
2. Məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli DC00232401-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixinədək qaytarılmaq şərti ilə illik 17 faiz (kreditin nominal illik faiz dərəcəsi), faktiki illik faiz 19,09 faiz şərti ilə mal alışı üçün 35.000 manat kredit vermişdir.
3. İddiaçı (bank qismində) ilə cavabdeh Qanuni nümayəndə (zamin qismində) arasında bağlanmış 09 iyul 2021-ci il tarixli DG**********40 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs (“borcalan”) arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür (1-ci hissə). Zaminliklə təmin olunan öhdəlik(lər): Borcalana verilən kredit üzrə DC00232401-01 saylı kredit müqaviləsi (2.1). Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği): illik 17% olmaqla 35,000.00 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit, (cərimə faizi - illik 32%, gündəlik 0,0889%). Borcalan: Cavabdeh2 MMC (2.3). Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır (3cü hissə).
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli DC00232401-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə iddiaçıya olan əsas borcu 27594,98 manat, faiz borcu isə 3501,22 manat təşkil edir.
5. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli DC00232401-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə iddiaçıya olan əsas borcu 27594,98 manat, faiz borcu isə 3944,26 manat təşkil edir.
6. xx.xx.2021-ci il tarixli DC00232401-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15% (gündəlik 0,0416%) olaraq müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli DC00232401-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27594,98 manat əsas borc, 3944,26 manat faiz borcu, 2800,8 manat cərimə borcu olmaqla ümumilikdə 34340,04 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 01801LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00232401-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixədək qaytarılmaq şərtilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 35000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa Cavabdeh2 MMC ilə bağlanmış DC00232401- 01 saylı maliyyələşdirmə üçün ərizə üzrə sonuncun iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə ilə xx.xx.2021-ci il tarixli DG**********40 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh2 MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və öhdəliklərin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədilə mediasiya institutunun tətbiqi qaydasında Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmiş və 200 manat məbləğində xidmət haqqı ödənmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-162/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 12 iyul 2021-ci il tarixdə bağlanmış DC00232401-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üzrə ərizə) üzrə 27 126 (iyirmi yeddi min yüz iyirmi altı) manat 89 (səksən doqquz) qəpik əsas borc, 2421 (iki min dörd yüz iyirmi bir) manat 09 (doqquz) qəpik faiz borcu, 1360 (bir min üç yüz altmış) manat cərimə olmaqla ümumilikdə 30 907 (otuz min doqquz yüz yeddi) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pulun cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-162/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 19 aprel 2024-cü il tarixli 9/1698 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli DC00232401-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 27126,89 manat, faiz borcu 3804,55 manat, xx.xx.2023-cü il tarixə əsas borc 27126,89 manat, faiz borcu 3253,72 manat, xx.xx.2023-cü il tarixə əsas borc 27126,89 manat, faiz borcu 3522,73 manat təşkil edir.
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC- 01801LE/2019 saylı razılaşma çərçivəsində xx.xx.2021-ci il tarixli DC00232401-01 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 35000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Qanuni nümayəndə ilə zaminlik müqavilələri bağlanmış, sonuncu Cavabdeh2 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 MMC kredit məbləğini təşkil edən 35000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır. Mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, cavabdehlərdən xx.xx.2021-ci il tarixli DC00232401-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun tam və xx.xx.2023-cü il tarixə olan faiz borcunun ödənilməsi tələb edilmiş, həmin məktub poçt rabitəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdeh (əsas borclu) Cavabdeh2 MMC-yə çatdırılmışdır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehlərə mediasiya təklifi yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh2 MMC tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
13. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, 19 aprel 2024-cü il tarixli 9/1698 nömrəli ekspert rəyinə əsasən, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 2000 manat olmuş, həmin ödənişdən 266,6 manat əsas borca silinmiş, əsas borc üzrə qalıq məbləğ 27126,89 manat təşkil etmiş, 1733,4 manat faiz borcuna silinmiş, həmin tarixə faiz borcu üzrə qalıq məbləğ 0 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdən etibarən hər günə düşən faiz məbləği isə 12,81 manat qeyd edilmiş, həmin tarixdən sual qoyulan tarixlərə olan gün sayı bir günə düşən faiz məbləğinə (12,81 manat) vurulmaqla faiz borcu hesablanmışdır. Məhkəmə kredit müqaviləsinin üzrə faiz borcunun xx.xx.2023-cü il tarixə (müqavilənin xitam tarixi) qədər tələb edilməsinin mümkün olduğunu, xx.xx.2022-ci il tarixə faiz borcunun 0 manat olduğunu nəzərə alaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 189 gün üçün faiz məbləği 2421,09 (189*12,81) manat təşkil edir.
14. Məhkəmə onu da qeyd etmişdir ki, 19 aprel 2024-cü il tarixli 9/1698 nömrəli ekspert rəyində qeyd edilən, ekspert qarşısında sual qoyulan tarixdən sonra edilmiş və ekspert rəyi tərtib edilərkən nəzərə alınmamış 277,94 manat ödənişə gəldikdə isə göstərilməlidir ki, iddiaçının nümayəndəsi həmin məbləğin cərimə borcuna silindiyini göstərmiş, kreditin hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə olan çıxarışdan da həmin məbləğin cərimə (“penalty”) məbləğinə silindiyi təsdiq edilmişdir. Belə olan halda, əsas və faiz borcunun hesablanması zamanı həmin məbləğin nəzərə alınması mümkün deyildir.
15. Məhkəmə iddianın cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlər öhdəliyi hissəvi icra etməmiş, pul məbləğini qaytarmadıqları, sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etdikləri halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmiş, dəbbə pulunun artmasına rəvac vermişdir. Bununla bağlı məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 1360 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-162/2024 nömrəli qətnaməsinin əsas, faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh iddia ərizəsinə heç bir etiraz bildirməmiş, cərimə məbləğinin mütənasibsizliyindən şikayətlənməmiş və cərimə məbləğinin tənasübsüz olması ilə bağlı məhkəmə heç bir yekun sübut ortaya qoya bilməmişdir, belə olan halda cərimə məbləğinin tam təmin olunmaması üçün heç bir əsas mövcud deyildir. Digər bir məsələ kimi, məhkəmənin təmin etdiyi əsas və faiz borcu üzrə məbləği barəsində qeyd edilməlidir ki, məhkəmə iş üzrə əsas və faiz borclarını müəyyənləşdirmək üçün ekspertiza və təkrar ekspertiza təyin etmiş, ekspert qarşısında xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə olan maliyyə arayışlarına münasibətdə əsas və faiz borcunun hesablanması suallarını qoymuşdur. Lakin məhkəmə sonda qərar qəbul edərkən əsas və faiz borcunu xx.xx.2023cü ilə əsasən hesablamış, məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərə almamışdır. Bununla da, aparılan iki ekspertizadan heç birini nəzərə almadığı, xx.xx.2023cü ilə hesablanan əsas və faiz borcun ekspertiza qarşısında sual kimi qoyulmamasını və tələb edilən faiz məbləğinə münasibətdə daha az məbləğdə faiz borcunun təmin edildiyi üçün məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsində əsassız qərar çıxarmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
20. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 447.1-ci maddə- əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 447.2-ci maddə- aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3). 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddə- zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddə- borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddə (əvvəlki redaksiya)- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 97.1-ci maddə-işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.7-ci maddə-ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə iddiaçı tərəfindən qismən – iddianın təmin edilməyən hissəsində (3433,04 manat) mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə iddiaçının izahatını, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-162/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. İşdən görünür ki, iddiaçı cavabdehlərdən 27594,98 manat əsas borcun tutulmasını tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli 9/1698 nömrəli təkrar məhkəməmühasibatlıq ekspertizasının rəyində xx.xx.2023-cü il tarixə olan əsas borc qalığının 27126,89 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün apellyasiya şikayətində hər hansı əsas qeyd edilmədiyindən qətnamə əsas borcla bağlı hissədə qanuni və əsaslıdır.
24. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
25. Birinci instansiya məhkəməsi bu mövqeyə uyğun düzgün olaraq hesab etmişdir ki, hazırkı halda iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehlərə mediasiya təklifi yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin Cavabdeh2 MMC-yə çatdığı tarix- xx.xx.2023-cü il kredit müqaviləsinin ləğv edildiyi tarix hesab edilərək faizlər həmin tarixədək tutulmalıdır.
26. 19 aprel 2024-cü il tarixli 9/1698 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixdə edilmiş ödənişdən sonra faiz borcu qalmamışdır. xx.xx.2022-ci il tarixdən etibarən hər günə düşən faiz məbləği isə rəydə 12,81 manat qeyd edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 189 gün üçün faiz məbləğinin adi riyazı hesablama ilə 2421,09 (189*12,81) manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmənin bu hesablamasında hər hansı yanlışlıq olduğu müəyyən edilməmişdir.
27. İddiaçı cavabdehdən 2800,8 manat cərimə tutulmasını xahiş etmiş, məhkəmə MM-nin 467-ci maddəsinin tələbini nəzərə alaraq həmin məbləği azaldaraq cərimə tələbini 1360 manat hissədə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ əsas borcun məbləğinə mütənasib olduğundan bu hissədə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 162/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-162/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.