Məhkəmə qərarları › İş №2-2(103)-85/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-85/2022

18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-85/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3852/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət vergi xidməti və 14 saylı Notariat kontoru) iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyatının etibarsız sayılması, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onların qanunsuz hərəkətləri nəticəsində yaranmış 15.594 manat vergi borcunun (ona dəymiş zərərin) pulun onlardan müştərək qaydada alınaraq Dövlət Vergi Xidmətinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4093/2021 saylı 21.06.2021-ci il tarixli qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 13.09.2021-ci il tarixli 2-2(113)-3852/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər. Cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 26-cı bəndinə görə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Hazırki işin halları isə ondan ibarətdir ki, cavabdehlərdən yalnız Cavabdeh1 fərdi sahibkar statusuna malikdir və vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 isə fərdi sahibkar statusuna malik deyillər və vergi ödəyicisi kimi qeydiyyata alınmamışlar. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərin hədə-qorxusu ilə onun adına hüquqi şəxsin qeydiyyata alınmasına istinad edərək, hüquqi şəxsin qeydiyyatının etibarsız sayılması və zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürmüşdür. Göründüyü kimi hazırki mübahisənin predmeti və xarakteri də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmeti və xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq işə mahiyyəti üzrə baxmış və bununla da, məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2 və 387.2.9-cu maddələrində isə təsbit olunmuşdur ki, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və mülki işin materialları mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 387.2.9, 384.0.4, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3852/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti və 14 saylı Notariat kontoru) hüquqi şəxsin qeydiyyatının etibarsız sayılması və maddi zərərin ödənilməsi tələbinə dair mülki işə mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar