Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-851/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1825/2021 nömrəli qətnaməsindən (hakim Fərrux Hüseynov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13.09.2019-cu il tarixə 9221,10 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 16000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 13.09.2019-cu il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 13.09.2019-cu il tarixə yaranan 11970,68 manat borcuna görə 16000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 13.09.2019-cu il tarixli, **********5 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1825/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətinə əlavə edilmiş qəbzlərə əsasən cavabdeh tərəfindən dövlət büdcəsinə 33280 manat ödənildiyindən iddia rədd edilməlidir. İşə apelyasiya qaydasında baxılması 22.09.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1825/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin iddia ərizəsinə əlavə edilmiş şəxsi vərəqəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə vergi borcunun 5 gün müddətində ödənilməsi tələbi ilə bağlı 24 iyul 2019-cu il tarixli, **********0 saylı bildiriş göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 13.09.2019-cu il tarixli, **********5 nömrəli qərardan görünür ki Cavabdeh Açıq Səhmdar Cəmiyyəti vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakı siyahıya alınmışdır. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda fəaliyyət göstərmədiyi üçün geri qaytarılmış, cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işdə olan sübutları nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 89.7, 89.10, 90.1-ci maddələrini mübahisə üzrə düzgün tətbiq edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin işdəki 25.05.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən həmin tarixə qətnamə üzrə tutulmuş vergi borcu ödənilməmişdir. Cavabdehin apelyasiya şikayətinə əlavə etdiyi qəbzlərdəki ödənişlər iddia qaldırılan tarixədək-yəni 12.03.2021-ci il tarixədək həyata keçirilmiş ödənişlər olduğundan tərəflər məhkəmə araşdırmasında iştirak etmədiyi üçün həmin ödənişlərin məhz tələb olunan borc üzrə həyata keçirildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə məhkəmə tərəfindən sorğu göndərilərək cavabdehin 13.09.2019-cu il tarixə olan vergi borcunun tam ödənilib-ödənilmədiyi barədə məlumat verilməsi xahiş olunsa da işə baxıldığı tarixədək sorğuya cavab daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qətnamə qəbul edildiyi tarixədək dövlət büdcəsinə 13.09.2019-cu il tarixə olan 9221,10 manat məbləğində vergi borcunun tam ödənildiyi barədə işdə sübut olmadığından mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə izah edir ki, məhkəmə qətnamə ilə tutulmuş borc məbləği üzrə qətnamə qəbul edildiyi tarixdən sonra cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz və bu ödənişlər icra mərhələsində nəzərə alınmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2- 2 (113)-1825/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1825/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-851/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-851/2021
22.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver