Məhkəmə qərarları › İş №2-2(103)-852/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-852/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-852/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-855/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında 29 noyabr 2019-cu il tarixli, 106842-809552/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 30 ay müddətinə, illik 24 % dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 29 noyabr 2019-cu il tarixli, 106842- 809552/1 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12508,88 manat məbləğində əsas borc və 3236,32 manat faiz borcu olmaqla, ümumilikdə 15745,2 manat borcun və 200 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, Cavabdeh2 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 12508,88 manat, faiz borcu 3236,32 manat, cəmi borcu isə 15745,2 manat təşkil edir.

4. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, pandemiya səbəbindən kredit məbləğinin ödənişini həyata keçirə bilməmişdir. Ümumilikdə kredit müqaviləsi üzrə 5000 manata yaxın ödəniş həyata keçirmişdir. Lakin onun borc məbləğində heç bir azalma olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1690/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında Cavabdeh2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

12. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz borcuna aid hissədə yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

15. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir.

16. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

17. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan kredit müqaviləsinin bağlanması mübahisəsizdir.

18. Eyni zamanda İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən 06 dekabr 2021-ci il tarixə borcalan Cavabdeh2 banka 12508,88 manat əsas borc və 3236,32 manat faiz borcu olmaqla, cəmi 15745,2 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 403 gün təşkil edir.

19. Cavabdeh2 da ödənilməmiş faiz borcunun olmasını mübahisələndirmir, lakin hesab edir ki, pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə faiz borcu silinməlidir.

20. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 741-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

21. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, həmin dəlillərin qanuni əsasını Mülki Məcəllənin 448.4-cü maddəsi təşkil edir. Lakin həmin maddədə öhdəliyin icrasından deyil, məsuliyyətdən azad edilmə nəzərdə tutulmuşdur. Hazırki iddianın predmetini isə cavabdehin öz öhdəliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi, yəni iki qat faizlərin, dəbbə pulunun və s. ödənilməsi deyil, kredit müqaviləsi üzrə öhdəliyin icrası təşkil edir. Bundan başqa, kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən vaxt Maliyyə Nazirliyi tərəfindən cavabdehə ödənişlər edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsinin 5.1.5-ci bəndinə uyğun olaraq öhdəliyin vaxtından əvvəl tələb etməməsi ilə bağlı isə qeyd olunur ki, həmin bənddə göstərilən şərtlər iddiaçının vəzifəsi deyil, hüququdur.

22. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Həmçinin qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-855/2022 saylı qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Raqib Qurbanov

Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar