Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-852/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "Nalfina Development" MMC (Cavabdeh MMC)-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, icarə predmetinin qaytarılması, işgüzar adətlər, sübutetmə) hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh “Nalfina Development” MMC (Cavabdeh MMC)-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin “Nalfina Development" MMC-nə (Cavabdeh MMC) qarşı “icarə predmetlərinin qaytarılması, yaxud dəyərinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 13 may 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (icarəyəverən) ilə “Crocus Construction” MMC (sonradan adı Cavabdeh MMC-nə dəyişdirilmişdir, hazırda "Nalfina Development" MMC adlanır icarəçi) arasında xx.xx.2021-ci il tarixdə 415 saylı “X3” bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən, müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı müqaviləyə Əlavədə göstərilir, hər bir avadanlıq üzrə icarə haqqı avadanlıqların təhvil-təslim aktında (aktlarında) və ya digər, ona bərabər olan sənədlər) göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə 1 il müddətinə bağlanır, müqavilə müddətinin başa çatmasına ən azı 10 (on) təqvim günü qalanadək müqaviləni ləğv etmək niyyəti barədə qarşı tərəf yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilə tərəflər arasında 1 (bir) il müddətinə uzadılmış hesab edilir və bu qayda növbəti illərdə də tətbiq olunur.
4. Müqavilənin 4.1-ci bəndinə əsasən avadanlıq bu müqavilə imzalandığı, icarəyə götürən tərəfin öz hesabına nəql olunur və avadanlıqların təhvil-təslim aktlarında (aktlarında) və ya digər ona bərabər olan sənədlərlə təhvil verilir.
5. Müqavilənin 5.3.2-ci bəndinə əsasən, icarə haqqını müqavilə ilə müəyyən edilən məbləğdə və şərtlərdə ödəmək icarəçinin vəzifəsidir.
6. Müqavilənin 5.3.3-cü bəndinə əsasən, icarəçinin icarəyə götürdüyü malları işlək vəziyyətdə icarəyəverəndən təhvil alıb sonra işlək vəziyyətdə icarəyəverənə geri qaytarmaq öhdəliyi vardır.
7. Müqaviləyə 1 saylı Əlavə olan xx.xx.2021-ci il tarixli, 2 saylı Əlavə olan xx.xx.2021-ci il tarixli, 3 saylı Əlavə olan xx.xx.2022-ci il tarixli “X1” ilə icarə predmetlərinin çeşidi və qiymətləri razılaşdırılmışdır.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizədə, ad dəyişikliyi ilə bağlı 2022-11-28-ci il tarixinədək "Crocus Construction” MMC-nin "xxxx" MMC-yə xx.xx.2021ci il tarixli 415 nömrəli icarə müqaviləsinə əsasən olan ümumi borcu və təhvil verilən avadanlıqlara görə xx.xx.2022-ci il tarxindən bütün öhdəlikləri (ümumi borcu, təhvil verilən avadanlıqların qaytarılmasını) ”One Construction” MMC-nin daşıyacağı göstərilmiş, ərizə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib olunmuş təhvil-təslim aktlarına görə, xx.xx.2021-ci il tarixindən (müqavilənin bağlandığı tarix) sonra xx.xx.2023-cü il tarixinə qədər (müqaviləyə xitam verildiyi tarix) İddiaçı MMC tərəfindən Cavabdeh MMCnə ümumilikdə 30 054 ədəd avadanlıq (müxtəlif ölçülü dirəklər) təhvil verilmişdir (xx.xx.2021ci il tarixli aktla 1000 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2021-ci il tarixli aktla 200 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2021-ci il tarixli aktla 600 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 600 ədəd, xx.xx.2021-ci il tarixli aktla 1000 ədəd, xx.xx.2021-ci il tarixli aktla 600 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021ci il tarixli aktla 600 ədəd, xx.xx.2021-ci il tarixli aktla 1250 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 483 ədəd, xx.xx.2021-ci il tarixli aktla 500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2021ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2021-ci il tarixli aktla 1500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 150 ədəd, xx.xx.2021-ci il tarixli aktla 150 ədəd, xx.xx.2022-ci il tarixli aktla 450 ədəd, xx.xx.2022-ci il tarixli aktla 400 ədəd, xx.xx.2022-ci il tarixli aktla 450 ədəd, xx.xx.2022-ci il tarixli aktla 750 ədəd, xx.xx.2022ci il tarixli aktla 300 ədəd, xx.xx.2022-ci il tarixli aktla 300 ədəd, xx.xx.2022-ci il tarixli aktla 100 ədəd, xx.xx.2022-ci il tarixli aktla 179 ədəd, xx.xx.2022-ci il tarixli aktla 177 ədəd, xx.xx.2022-ci il tarixli aktla 8 ədəd, xx.xx.2022-ci il tarixli aktla 177 ədəd, xx.xx.2022-ci il tarixli aktla 94 ədəd, xx.xx.2022-ci il tarixli aktla 92 ədəd, xx.xx.2022-ci il tarixli aktla 190 ədəd, xx.xx.2022-ci il tarixli aktla 188 ədəd, xx.xx.2022-ci il tarixli aktla 102 ədəd, xx.xx.2022-ci il tarixli aktla 20 ədəd, xx.xx.2022-ci il tarixli aktla 83 ədəd, xx.xx.2022-ci il tarixli aktla 250 ədəd, xx.xx.2022-ci il tarixli aktla 50 ədəd, xx.xx.2022-ci il tarixli aktla 100 ədəd, xx.xx.2022-ci il tarixli aktla 50 ədəd, xx.xx.2022-ci il tarixli aktla 390 ədəd, xx.xx.2022-ci il tarixli aktla 171 ədəd, xx.xx.2022-ci il tarixli aktla 300 ədəd, xx.xx.2022-ci il tarixli aktla 200 ədəd, xx.xx.2022ci il tarixli aktla 200 ədəd, xx.xx.2022-ci il tarixli aktla 120 ədəd, xx.xx.2022-ci il tarixli aktla 600 ədəd, xx.xx.2022-ci il tarixli aktla 999 ədəd, xx.xx.2022-ci il tarixli aktla 1001 ədəd, xx.xx.2022-ci il tarixli aktla 500 ədəd, xx.xx.2022-ci il tarixli aktla 150 ədəd, xx.xx.2022-ci il tarixli aktla 100 ədəd, xx.xx.2023-cü il tarixli qaimə-faktura ilə 180 ədəd).
10. İddiaçı MMC və “Crocus Construction” MMC arasında xx.xx.2022-ci il tarixdə üzləşmə aktı tərtib olunmuş, tərəflərin nümayəndələri həmin aktla göstərilən tarixdə “Crocus Construction” MMC-nin ərazisində İddiaçı MMC-nə məxsus ümumilikdə olan dəmir dirəklərin sayının 12 886 ədəd olduğunu təsdiq etmişlər.
11. xx.xx.2022-ci il tarixli akt İddiaçı MMC-nin adından Mehman Quliyev və Aqil Əhmədov tərəfindən imzalanmışdır – Aqil Əhmədov dəmir dirəklərin “Crocus Construction” MMC-nə (Cavabdeh MMC-nə) təhvil verilməsi ilə bağlı təhvil-təslim aktlarından bəzilərini İddiaçı MMC-nin adından imzalamış şəxsdir.
12. “Crocus Construction” MMC-nin və İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli iadə aktlarına (geri qaytarma aktları) görə (yalnız hər iki tərəfin əməkdaşları tərəfindən imzalanmış aktlar nəzərə alınmaqla) ümumilikdə 11 166 ədəd dəmir dirək İddiaçı MMC-nə geri qaytarılmışdır (iadə edilmişdir).
13. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 415 saylı “X3”nə dair xx.xx.2023-cü il tarixli Saziş imzalanmış, sazişdə aşağıdakılar barədə razılığa gəlinmişdir.
- Sazişin 1.1-ci bəndinə əsasən tərəflər, xx.xx.2021-ci il tarixli 415 saylı "X3”nə xitam verdiklərini qəbul edirlər;
- Sazişin 1.2-ci bəndinə əsasən tərəflər, xx.xx.2021-ci il tarixli 415 saylı “X3” üzrə icarəçinin icarəyə verənə 267 746 (iki yüz altmış yeddi min yeddi yüz qırx altı) manat (ƏDV və bütün vergilər daxil) borcu olduğunu qəbul edirlər;
- Sazişin 1.3-cü bəndinə əsasən tərəflər, 1.2-ci bənddə qeyd edilən borcun əvəzində icarəçi tərəfindən icarəyə verənə 3 (üç) gün ərzində hissə-hissə olmaqla, əsas müqavilə üzrə təhvil-təslim aktında qeyd olunan 8000 (səkkiz min) ədəd dirəklərin verilməsini qəbul edirlər;
- Sazişin 2-ci bəndinə əsasən, 1.3-cü bənddə qeyd edilən dirəklər, tərəflərin qanuni nümayəndələrinin (direktorun) ya da direktorun etibarnamə əsasında səlahiyyət verdiyi şəxslər arasında təhvil-təslim aktı imzalanması əsasında təhvil verilir; - Sazişin 3-cü bəndinə əsasən, 1.2-ci bənddə qeyd edilən borcla 1.3-cü bənddə qeyd edilən dirəklər əvəzləşdirilir. Dirəklər tam təhvil verilməklə, icarəçinin icarəyə verən qarşısında müqavilənin 1 2-ci bəndində qeyd edilən qalıq borcu tam olaraq ödənilir.
- Sazişin 4-cü bəndinə əsasən təhvil-təslim bu saziş imzalandıqdan dərhal sonra başlayır və müqavilənin 1.3-cü bəndində göstərilən müddət ərzində davam edir;
- Sazişin 5-ci bəndinə əsasən, bu Saziş üzrə öhdəliklərin icrası tam olaraq başa çatdıqdan sonra, yəni 8000 (səkkiz min) ədəd dirəyin təhvil-təslimi icra edildikdə, icarəçinin icarəyə verən qarşısında borcu tam ödənilmiş hesab edildiyindən, tərəflərin birbirinə qarşı bu barədə hər hansı tələbi və ya iddiası və ya bir-biri qarşısında ödənməmiş borcuna dair hər hansı bir vəzifələri yoxdur və gələcəkdə də olmayacaqdır.
14. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Saziş üzrə 8000 ədəd dirəkləri öz işçi briqadası ilə Cavabdeh MMC-dən təhvil alması üçün İddiaçı MMC-nin direktoru tərəfindən X4 xx.xx.2024-cü il tarixdə 1 ay müddətinə qüvvədə olan etibarnamə verilmiş, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktları əsasında ümumilikdə 8000 ədəd dirək adı çəkilən şəxs tərəfindən Cavabdeh MMC-nin baş anbardarından təhvil alınmışdır.
15. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktıda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMCyə borcunun məbləği vergilər daxil 5948,88 manat təşkil edir. Akt hər iki tərəfin direktorunun imzası və MMC-lərin möhürü ilə təsdiq eilmişdir.
16. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına "xxxx" ASC vasitəsilə xx.xx.2024-cü il tarixli 539 saylı ödəniş tapşırığı əsasında 5041,42 manat köçürülmüşdür.
17. Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı əsasında İddiaçı MMC-nin hesabına xx.xx.2021-ci il tarixli 415 saylı müqavilə üzrə 907,46 manat köçürülmüşdür.
18. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2025-ci il tarixdə verilmiş çıxarışa əsasən Cavabdeh MMC-nin adı dəyişdirilərək "Nalfina Development" MMC kimi qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
19. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Crocus Construction” MMC (sonrakı adı Cavabdeh MMC) ilə arasında 25 oktyabr 2021-ci il tarixdə bağlanmış 415 saylı icarə müqaviləsi əsasında cavabdehə təqdim olunmuş 3,85 metr ölçüdə 11251 ədəd dəmir dirəyin, həmin dirəklər olmadığı halda onların dəyəri olan 281 275 manatın və 4,5 metr ölçüdə 9575 ədəd dəmir dirəyin, həmin dirəklər olmadığı halda onların dəyəri olan 287 250 manatın; hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manatın və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 859 manat dövlət rüsumunun Cavabdehndən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Crocus Construction” (sonrakı adı Cavabdeh MMC) Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25 oktyabr 2021-ci il tarixdə 415 saylı “X3” bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı, müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə cavabdehin sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. “Crocus Construction” MMC sonradan adı dəyişdirilərək ”One Construction” MMC adlandırılmışdır. Bundan başqa, tərəflər arasında həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı, xx.xx.2021ci il tarixli 2 saylı və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavələr ilə X1 da imzalanmışdır. Həmin əlavələrdə icarəçiyə təhvil verilmiş icarə obyektlərinin (avadanlıqlarının) adları, ölçü vahidi və 1 m-nin icarə qiymətləri müəyyən edilmiş, bundan sonra icarəçiyə müqavilə üzrə müəyyən edilmiş 51 379 ədəd avadanlıqlar müxtəlif vaxtlarda təhvil-təslim aktları əsasında verilmişdir. Həmin avadanlıqlar Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki “Sea Breeze” yaşayış və istirahət tikinti kompleksinin tərkibində yerləşən cavabdehin (“Nardaran”, “X9 3”, “X9 4”, “Nardaran Landao”, “X10”, “X8” adlı bir neçə) tikinti (sahələrində) layihələrində istifadə üçün təhvil verilmişdir. Hazırda cavabdeh ilə icarə münasibətləri sona çatsa da o, ona təqdim edilmiş 3,85 metr ölçülü dəmir dirəklərdən 11 251 ədədini və 4,5 metr ölçülü dəmir dirəklərdən 9575 ədədini geri qaytarmır. İcarəçiyə təqdim edilmiş, lakin onun tərəfindən qaytarılmayan avadanlıqlara aşağıdakılar aiddir: - 1 ədədinin dəyəri 25 manat, cəmi dəyəri 281 275 manat olan 3,85 m ölçüdə 11 251 ədəd dəmir dirək; - 1 ədədinin dəyəri 30 manat,cəmi dəyəri 287 250 manat olan 4,5 m ölçüdə 9575 ədəd dəmir dirək. Müqavilənin 5.3.3-cü bəndinə əsasən, icarəçinin icarəyə götürdüyü malları işlək vəziyyətdə icarəyəverəndən təhvil alıb sonra işlək vəziyyətdə icarəyəverənə geri qaytarmaq öhdəliyi vardır.
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf öz etirazını iadə aktları və saziş əsasında qurur, lakin təmsil etdiyi tərəf iadə aktlarını qəbul etmir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək göstərmişdir ki, iadə aktları, 2023-cü il tarixli saziş, ödəniş tapşırıqları və s. sübutlar 2024-cü ilin iyun ayında tərəflər arasındakı bütün münasibətlərin bitdiyini təsdiq edir, iddiaçıya heç bir borcları qalmamışdır.
23. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, ödənilmiş 859 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
24. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
24.1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC cavabdeh “Crocus Construction” MMC (hazırki Cavabdeh MMC) (“icarəçi”) arasında xx.xx.2021-ci il tarixli 415 saylı X3 bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı icarəyəverən bu Müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə cavabdeh “Crocus Construction” MMC-yə (hazırki Cavabdeh MMC) icarəyə vermişdir. Müqaviləyə uyğun olaraq tərəflər arasında təhvil-təslim aktları imzalanmış və malların sonuncu təhvil-təslimi xx.xx.2022-ci il tarixdə olmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, ərazidə çeşidi bildirilməməklə 12 886 ədəd dəmir dirək var. Həmin tarixdən sonra İddiaçı MMC-yə Cavabdeh MMC tərəfindən 13 066 ədəd dirək qaytarıldığı barədə iadə aktları mövcuddur. 24.2. Hazırda iddiaçı 25 oktyabr 2021-ci il tarixli, № 415 saylı icarə müqaviləsi əsasında ona təqdim olunmuş 3.85 metr ölçüdə 11 251 ədəd dəmir dirəyin, həmin dirəklərin olmadığı halda dəyəri olan 281 275 manat pulun və 4.5 metr ölçüdə 9575 ədəd dəmir dirəyin, həmin dirəklərin olmadığı halda dəyəri olan 287 250 manat pulun Cavabdehndən alınıb ona verilməsini tələb edir. 24.3. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə 5948,88 manat borcu var və həmin borcun ödənilməsi iş materialarında olan ödəniş tapşırıqlarında öz təsdiqini tapır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla müəyyən olunmuşdur ki, tərəflər arasında başqa müqavilə mövcud olmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 25 oktyabr 2021-ci il tarixli 415 saylı icarə müqaviləsindən başqa müqavilə olmadığı təqdirdə, (iddiaçı tərəfindən tərəflər arasında başqa müqavilənin olması barədə heç bir sübut məhkəməyə təqdim ediməmişdir) xx.xx.2024-cü il tarixli üzləşmə aktı və həmin akt üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğlər tərəflər arasında heç borcun qalmadığnı təsdiq edir. Həmçinin xx.xx.2022-ci il tarixli akta əsasən ərazidə çeşidi bildirilməməklə 12 886 ədəd dəmir dirəyin mövcud olduğu və həmin tarixdən sonra cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş təhvil təslim aktları dəmir dirəklərinin qaytarıldığını sübut edir. 24.4. Beləliklə məhkəmə göstərilən normaları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. 24.5. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
25. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 421.1,421.2, 385.1, 442, 443.1, 448.1, 700.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına istinad etmişdir.
26. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin iddiaçı tərəfindən təqdim olunmuş mötəbər sübutlara deyil, yalnız cavabdehin əsassız fikirlərinə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və işə aidiyyəti olmayan sənədlərə istinad etməklə qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
28. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
31. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
32. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
38. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
40. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
41. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
42. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
43. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
44. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
45. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi
56. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
57. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
58. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
59. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 697.1-ci maddələri təşkil edir. Həmin maddələrə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
60. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür: iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların iddia etdiyi ədəddə (miqdarda) və qiymətdə, eləcə də onların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun sübut edilməsidir; cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əşyaların iddiaçı tərəfindən aparıldığını (iddiaçıya təhvil verildiyini, yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir.
61. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 46, 47).
62. İddiaçı cavabdehə 51 379 ədəd avadanlıq verdiyini irəli sürsə də, onun məhkəməyə təqdim etdiyi çoxsaylı təhvil-təslim aktlarına görə (§ 9), istinad etdiyi xx.xx.2021ci il tarixli müqavilənin bağlanmasından müqaviləyə xitam verilən xx.xx.2023-cü il tarixinə qədər cavabdehə ümumilikdə 30 054 ədəd avadanlıq (müxtəlif ölçülü dirəklər) təhvil verilmişdir.
63. Həmin dirəklərin iddiaçının mülkiyyətində olduğu da işin müəyyən edilən halı olduğundan, bununla bağlı əlavə əsaslandırmaya zərurət yoxdur.
64. Yuxarıda qeyd olunduğu kimi (§ 10) tərəflərin nümayəndələri tərtib etdikləri xx.xx.2022-ci il tarixli üzləşmə aktında, göstərilən tarixdə “Crocus Construction” MMC-nin ərazisində İddiaçı MMC-nə məxsus ümumilikdə olan dəmir dirəklərin sayının 12 886 ədəd olduğunu təsdiq etmişlər.
65. İş materiallarından həmçinin aydın olur ki, sözügedən üzləşmə aktının tərtib olunmasından sonra da cavabdehə 280 ədəd dirək verilmişdir (xx.xx.2022-ci il tarixli aktla 100 ədəd, xx.xx.2023-cü il tarixli qaimə-faktura ilə 180 ədəd).
66. Tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam verildiyindən, həmin tarixdən sonra cavabdehin dirəkləri öz sahibliyində saxlamasının qanuni əsası qalmamışdır.
67. Beləliklə, dirəklərin iddiaçının mülkiyyətində olduğu, xx.xx.2022-ci il tarixində cəmi 12 886 ədəd dirəyin cavabdehdə qaldığı, bu tarixdən sonra da cavabdehə əlavə 280 ədəd dirəyin verildiyi, xx.xx.2023-cü il tarixdən sonra cavabdehin dirəklərə sahibliyinin qanunsuz hala gəldiyi işin müəyyən olunan hallarıdır.
68. Bu baxımdan cavabdeh sübuta yetirməlidir ki, xx.xx.2022-ci il tarixindən sonrakı dövrdə ümumilikdə 13 166 ədəd (12 886 + 280 = 13 166) dirəyi iddiaçıya geri qaytarmışdır.
69. Yuxarıda qeyd olunduğu kimi (§ 12), xx.xx.2022-ci il tarixindən sonrakı dövrdə ümumilikdə 11 166 ədəd dəmir dirək İddiaçı MMC-nə geri qaytarılmışdır (iadə edilmişdir) - bu isə o deməkdir ki, qaytarılmayan dirək sayısı 1540 ədəd təşkil edir (13 166 – 11 166 = 1540).
70. Cavabdehin nümayəndəsi dirəklərin hamısının qaytarıldığını bildirsə də, kollegiyanın qənaətinə görə, işdə mövcud olan sübutların məcmusu, habelə bilavasitə tərəflərin nümayəndələrinin verdikləri izahatlar bu nəticəyə gəlməyə əsas vermir.
71. Kollegiya onu da qeyd edir ki, müqaviləyə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli Saziş əsasında cavabdehin iddiaçıya təhvil verdiyi 8000 ədəd dirəyin xx.xx.2022-ci il tarixli üzləşmə aktına heç bir aidiyyatı ola və onlar “iddiaçıya qaytarılan dirəklər” kimi qiymətləndirilə bilməz – belə ki, həmin 8000 ədəd dirək cavabdehin icarə haqqı borcunun əvəzinə iddiaçıya verilmişdir - icarəçinin icarə haqqı borcunun isə icarə obyektini bu obyektin sahibinə qaytarması yolu ilə ödənilməsi mümkün deyildir.
72. Ağlabatan mühakimə əsasında belə qənaətə gəlmək mümkündür ki, sözügedən 8000 ədəd dirək iddiaçının cavabdehə icarəyə verdiyi deyil, icarə borcunun müqabilində verilən başqa dirəklər olmuşdur.
73. Təhvil-təslim aktlarında dirəklərin qiymətləri qeyd olunmasa da (aktlarda yalnız icarə haqqının dəyəri göstərilmişdir), xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli Sazişin məzmunundan bir ədəd dirəyin 33,5 manat dəyərində qiymətləndirildiyi aydın olur – belə ki, tərəflər həmin sazişdə cavabdehin 267 746 (iki yüz altmış yeddi min yeddi yüz qırx altı) manat (ƏDV və bütün vergilər daxil) icarə haqqı borcunu cavabdeh tərəfindən iddiaçıya 8000 (səkkiz min) ədəd dirək verilməsi yolu ilə əvəzləşdirmək barədə razılığa gəlmişlər (267 746 / 8000 = 33,46).
74. Cavabdehdə qalan (iddiaçıya qaytarılmayan) dirəklərin çeşidi (növü, ölçüsü) məlum olmadığından kollegiya, iddiaçının 4,5 m ölçülü dirəklər üçün müəyyənləşdirdiyi qiyməti (bir dirək üçün 30 manat) xx.xx.2023-cü il tarixli Sazişlə müəyyənləşdirilən qiymətə mütənasib hesab edir.
75. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia qismən təmin olunmalı, cavabdehdən 1540 ədəd dirək alınıb iddiaçıya qaytarılmalı, qətnamənin icrası zamanı dirəklər olmadığı təqdirdə, onların dəyəri qismində 46 200 manat (1540 x 30 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
76. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 103,20 manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.
77. Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-973/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin "Nalfina Development" MMC (Cavabdeh MMC)-yə təqdim olunmuş dəmir dirəklərin, həmin dirəklərin olmadığı halda dəyərinin ödənilməsi” tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə "Nalfina Development" MMC (Cavabdeh MMC) arasında 25 oktyabr 2021-ci il tarixli, № 415 saylı icarə müqaviləsi əsasında "Nalfina Development" MMC (Cavabdeh MMC)-yə verilmiş 1540 ədəd dəmir dirək, həmin dirəklər olmadığı halda onların dəyəri qismində 46.200 ( qırx altı min iki yüz) manat, dovlət rüsumun əvəzi qismində 68,8 (altmış səkkiz manat səksən qəpik) manat "Nalfina Development" MMC (Cavabdeh MMC)dən İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 430 manat dövlət rüsumunun 34,4 (otuz dörd manat qırx qəpik) manatı cavabdeh "Nalfina Development" MMC (Cavabdeh MMC)-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.