Məhkəmə qərarları › İş №2-2(103)-855/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-855/2022

16.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-855/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1234/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 19890,58 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 11748,66 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 479,13 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1234/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 19890,58 (on doqquz min səkkiz yüz doxsan manat 58 qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 11748,66 (on bir min yeddi yüz qırx səkkiz manat altmış altı qəpik) manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 479,13 (dörd yüz yetmiş doqquz manat on üç qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30000 (otuz min) manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdehnə qaytarılması qət edilmişdir. Həmin qətnamədən işdə iştirak etməyən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1234/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1234/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilk öncə mübahisənin kommersiya mübahisəsi olub-olmadığı, işə mülki icraat qaydasında və kommersiya məhkəməsi tərəfindən baxılmalı olub-olmadığı aydınlaşdırılmalıdır. Belə ki, işin hallarından görünür ki, mübahisə tərəflərindən iddiaçı inzibati orqan, cavabdeh isə vergi ödəyicisi hüquqi şəxsdir. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ (hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması) ilə bağlıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.8-ci maddəsinə görə, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; 23.1.15-1-ci maddəsinə əsasən isə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüququdur. (xx.xx.2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 23.1.15-1-ci maddə yeni redaksiyada verilmişdir: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək); 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (xx.xx.2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 90.1-ci maddədə “ixtisaslaşdırılmış açıq hərracda” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bu konstitusiya vəzifəsi Konstitusiyanın 7, 12 və 16-cı maddələrinin mənasına görə dövlət və dövlət hakimiyyətinin ictimaihüquqi təbiəti ilə şərtləndirilən xüsusi hüquqi (mülki hüquqi) deyil, məhz ictimai-hüquqi xarakterə malikdir. ... Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin – vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiyanın müddəalarına əsaslanan VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir.” İddiaçı da iddia ərizəsində özünün inzibati orqan (vergi orqanı) səlahiyyətlərinə və Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad etmişdir. Mübahisə iddiaçının inzibati orqan olaraq inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İşdə olan, iddiaçının cavabdehin əmlakının siyahıya alınması haqqında qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. Çünki:

1. inzibati orqan (iddiaçı) tərəfindən qəbul edilmişdir;

2. ümumi (publik) hüquq sahəsinə (vergi qanunvericiliyinə) aid olan müəyyən məsələni (hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə ödənilməsinin təmin olunmasını) həll etmək məqsədilə qəbul edilmişdir;

3. ünvanlandığı hüquqi şəxs (cavabdeh) üçün müəyyən hüquqi nəticələr (sərəncam vermək hüququndan məhrum etmə, əmlakdan istifadənin vergi orqanının nəzarəti ilə həyata keçirmə, israf, dəyişdirmə, gizlətmə hallarında cinayət məsuliyyətinə cəlb edilmə və sair) yaratmışdır;

4. qərar formasında qəbul edilmiş hakimiyyət tədbiridir. Qeyd olunanlardan hasil olan nəticəyə görə, hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 455-VQD nömrəli Qanunu ilə MPMin 26.1-ci maddəsində “fiziki şəxslər arasında” sözlərindən sonra “, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında” sözləri, 26.2.8-ci maddəsində isə “vergi ödəmələri barədə” sözlərindən sonra “, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə” sözləri əlavə edilmiş, xx.xx.2017-ci il tarixdən etibarən həmin işlərə mülki mühakimə icraatı qaydasında baxılmağa başlanmışdır. Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli 1633-VQD nömrəli Qanunu ilə 26cı maddə hazırkı redaksiyada verilmiş, bununla da vergi orqanının hesablanmış vergilər üzrə borcların ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə qaldırdığı iddialara mülki mühakimə icraatı qaydasında baxılması tələbi xx.xx.2020-ci il tarixdən ləğv edilmişdir. Vergi Məcəlləsinin 90.2-ci maddəsinin “Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır.” tələbinə gəldikdə isə, həmin norma Vergi Məcəlləsi ilk dəfə xx.xx.2000-ci il tarixli Qanunla təsdiq edilən dövrdə qüvvədə olan MPMin İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat, 24-1-ci fəslinə (l. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) uyğunlaşdırılmış, bununla da öz normativ missiyasını illər əvvəl başa vurmuşdur. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. X1 10.5-ci maddəsinə görə isə, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. MPM Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydasını müəyyən edən sahə normativ hüquqi aktı olduğundan, məhkəmə aidiyyəti ilə bağlı kolliziya meydana gəldikdə, Vergi Məcəlləsinə münasibətdə MPM tətbiq olunmalıdır. Konstitusiya Qanununun 10.5-ci maddəsində nəzərdə tutulan “yeni normativ hüquqi akt” anlayışı isə eyni zamanda əvvəllər qəbul olunmuş normativ hüquqi akta yeni əlavə və dəyişiklik edilmiş müvafiq hissə və normaları da əhatə edir. Digər tərəfdən, qanunverici MPM-in 1.4-cü maddəsi ilə tələb etmişdir ki, digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində mülki icraat qaydasında baxılması üçün hüquqi əsaslar mövcud deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında hansı mübahisələrin kommersiya mübahisələri hesab edilməli olduğuna bir daha aydınlıq gətirilmiş və qərarda qeyd edilmişdir ki, “məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.” “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarlarından da göründüyü kimi, dövlət orqanlarının yalnız mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdiyi hüquq münasibətlərindən irəli gələn mübahisələr (müəyyən xüsusi icraat işləri istisna olmaqla) kommersiya mübahisəsi hesab olunur. Dövlət orqanının inzibati orqan kimi ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti (hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı) ilə bağlı iddialara baxılması isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi inzibati orqan olduğundan və vergi borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə iddia tələbi onun ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti ilə bağlı tələb olduğundan mübahisə subyekt tərkibi və mübahisənin irəli gəldiyi hüquq münasibətinin xarakterinə görə inzibati mübahisədir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Vergi orqanları ilə vergi ödəyiciləri arasında vergi borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi ilə bağlı yaranmış mübahisələr kommersiya mübahisələri deyil, inzibati mübahisələr olduğu üçün bu iddialar vergi orqanları tərəfindən mediasiya prosesi keçilmədən qaldırılır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati icraat qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğundan iddiaçıya aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1234/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

QƏRARA ALDİ:

"xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1234/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə izah edilsin ki, hazırkı iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar