Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-855/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya əsassız olaraq hesablanmış 221872 manat borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1625/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2022-ci il tarixdə KY221881022 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən iddiaçıda keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.
2. xx.xx.2022-ci il tarixli 007490 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında su sayğacına və su xətlərinə baxış keçirilmiş, baxış zamanı abonentin obyektdə quraşdırılmış su sayğacından kənar d=80 mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur.
3. xx.xx.2023-cü il tarixli ********* saylı qanunsuz istifadə fakturasından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 7490 saylı akta əsasən iddiaçıya 221872 manat borc hesablanmışdır.
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022- ci il tarixli 02-57/23 saylı mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC müəssisəsi mövcud vəziyyətinə əsasən uzun müddətdir fəaliyyətsizdir, qeyri-işləkdir. Belə ki, istehsal məqsədilə tikili və qurğuların istifadəsi yararsızdır, rezervuarlar baxımsızdır, peşəkar işçi heyəti mövcud deyildir. Sayğacdankənar aşkar edilmiş boru xəttinin istifadə edilib-edilməməsinin, həmçinin kənar qoşulmaların olub-olmamasının müəyyən edilməsi məqsədilə Cavabdeh ASC tərəfindən aşkar edilmiş boru xətti boyunca üst səth və ətraf yanlar torpaqdan təmizlənmişdir. Tədqiq edilmişdir ki, diaqonalı 150 mm olan metal su borusu xətti xarici divar səthindən müəssisəyə daxil olduqdan sonra bəzi hissələrdə yer səthinin üst qatı ilə, digər hissədə isə torpağın 10-20 sm dərinliyi ilə L=26,49 metr uzunluq təşkil etmişdir. Aşkar olundu ki, diaqonalı 150 mm olan metal su borusu xətti xarici divar səthindən müəssisəyə daxil olaraq L=26,49 metr uzunluqdan sonra ağız hissədə qaynaqlanıb və boruya ətrafdan heç bir kənar xətt qoşulmayıb. Metal borunun bəzi hissələrdə korroziyaya uğraması uzun müddətdir istifadəsiz olmasına dəlalət edir, boru başlığında aparılmış qaynaq işlərinin birləşmə (tikiş) yerlərində elektrokimyəvi korroziya izlərinin mövcudluğu isə bunu bir daha təsdiq edir. Belə bir nəticəyə gəlinir ki, Alko LTD-Azərspirt MMC tərəfindən sayğacdankənar boru vasitəsilə sudan istifadə imkanı məhduddur, mümkün deyildir. Aşkar edilmiş boru xəttinə müdaxilə halı müəyyən edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya əsassız olaraq hesablanmış 221872 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya qarşı 007490 nömrəli, xx.xx.2022-ci il tarixli əsassız akt tərtib etmişdir. Cavabdeh həmin aktı onunla əsaslandırmışdır ki, guya iddiaçı tərəfindən su xəttinə müdaxilə edilərək, sayğacdan kənar sudan istifadə edilmişdir. Bu tərtib edilmiş akt nəticəsində guya müəssisə 221872 manat məbləğində cavabdehə ziyan vurmuş və həmin məbləğin ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı artıq uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. Fəaliyyəti olmayan müəsisənin böyük həcmdə su sərfiyyatının olması mümkün deyildir. Bundan əlavə, müəsisə tərəfindən su xətlərinə heç bir müdaxilə edilməmişdir. Müəssisənin yerləşdiyi ərazidə yeraltı su boruları mövcuddur. Cavabdehin aktında qeyd edilmişdir ki, guya su borusunun üzdə olan hissəsində sayğacdan kənar qoşulma var. Lakin həmin boruların hara getdiyi, müəsisənin həmin borulardan istifadə edib-etməməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Həmçinin müəsisəyə gələn su xətti digər xətdir və o xəttin üzərində sayğac vardır, sayğac əsasında da ödənişlər vaxtlı vaxtında ödənmişdir. Odur ki, hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt və hesablanmış borc tamamilə əsassızdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1625/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir.
8. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında su sayğacına və su xətlərinə baxış keçirilmiş, baxış zamanı abonentin obyektdə quraşdırılmış su sayğacından kənar d=80 mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə etməsi aşkar olunaraq xx.xx.2022-ci il tarixli 007490 saylı akt tərtib olunmuş və həmin akta əsasən cavabdeh tərəfindən iddiaçıya 221872 manat borc hesablanmışdır.
9. Cavabdehin dəlillərindən biri bundan ibarətdir ki, iddiaçının qanunsuz qoşulması sübut qismində təqdim edilmiş CD disklə təsdiq edilir. Məhkəmə tərəfindən CD diskə baxış keçirilmiş, baxış zamanı kənar xətt olduğu kimi göstərilən borunun mənbəyini haradan götürməsi müəyyən olunmamış, eyni zamanda həmin xəttin su çənlərinə daxil olması göstərilsə də, boru xətlərinin diametlərini nəzərə aldıqda, kənar xətt kimi qeyd olunan boru xəttinin diametrinin kiçik olduğu, çənlərə daxil olduğu və torpaq altında olduğu görülən borunun diametrinin böyük olduğu görünür ki, həmin xətlərin birləşməsi video görüntülərdə müəyyən olunmur. Habelə, video görüntülərdən müəyyən olunur ki, yoxlama zamanı yalnız cavabdehin əməkdaşları iştirak etmiş, müəssisədə iddiaçının əməkdaşları olmamaqla müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı görüntü olmamaqla müəssisə dağınıq vəziyyətdədir, orada olan tikili və qurğular isə fəaliyyət göstərmir.
10. Məhkəmə qeyd etmişdir ki, göstərilən hallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02-57/23 saylı mütəxəssis rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydən göründüyü kimi müəssisə uzun müddətdir ki, fəaliyyətsizdir, qeyri-işləkdir, istehsal məqsədilə tikili və qurğuların istifadəsi yararsızdır, rezervuarlar baxımsızdır, peşəkar işçi heyəti mövcud deyildir, eyni zamanda iddiaçı tərəfindən sayğacdankənar boru vasitəsilə sudan istifadə imkanı məhduddur, mümkün deyildir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən fəaliyyət sahələrinə aid olan vergilər üzrə “0” göstərilməklə bəyannamələr verilmişdir ki, bu hal da iddiaçının fəaliyyət göstərmədiyini göstərir. Mütəxəssisin gəldiyi nəticədən belə aydın olur ki, hətta sayğacdan kənar boru xətti çəkilsə belə, müəssisənin tikili və qurğularının, habelə boru xətlərinin istifadəyə yararsız olması səbəbindən sudan istifadə imkanı yoxdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1625/2023 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 255.94 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY221881022 nömrəli Çıxarış əldə edilərək iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=80 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli 007490 nömrəli akt tərtib edilmişdir. Akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə dəymiş ziyanın məbləğinin 221872 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. İddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 221872 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221881022 nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış əldə edərək iddiaçıya məxsus obyektə baxış keçirilsə də məhkəmə buna qiymət verməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin nümayəndəsi A.Nuhov məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 1097.1-ci maddə-mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu 49-cu maddəsinin 4-cü bəndi- səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 67-ci maddəsinin 1-ci bəndi- bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. 72-ci maddə-bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları" 6.18-ci bəndi- STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1625/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin mübahisəsiz hallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin su təchizatı sisteminə baxış keçirilmiş, baxış zamanı abonentin obyektdə quraşdırılmış su sayğacından kənar d=80 mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə etməsi faktının aşkar edilməsi barədə xx.xx.2022-ci il tarixli 007490 saylı akt tərtib edilmiş, akt əsasında bir il üçün iddiaçıya 221872 manat borc hesablanmışdır.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yoxlama “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış, bu barədə məhkəməyə xx.xx.2022-ci il tarixdə KY221881022 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” təqdim edilmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamanın reyestrdə qeydə alınması faktı cavabdehin həmin yoxlamanın nəticələrinin qanuni və əsaslı olduğunu sübut etmək vəzifəsindən azad etmir. Hazırkı halda yoxlamanın qanuni əsaslarla həyata keçirildiyi və iddiaçının obyektinə baxış keçirilən zaman sayğacdan keçməyən su xəttinin aşkar edildiyi işdəki sübutlarla təsdiq olunsa da iddiaçının 2022-ci il ərzində həmin obyektdə istehsal fəaliyyəti ilə məşğul olması və sayğacdan keçməyən su xəttindən istifadə etməklə 221872 manat dəyərində sudan qeyri-qanuni istifadə etdiyini işdəki sübutlara əsasən müəyyən etmək mümkün deyil.
22. İddiaçının vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsindən görünür ki, 2022-ci il ərzində dövlət büdcəsinə yalnız məcburi dövlət sosial sığorta haqqı, hüquqi şəxsin əmlak vergisi, torpaq vergisi kimi ödənişlər həyata keçirilmiş, gəlir vergisi, ƏDV vergisi ödənişi olmamışdır.
23. Cavabdeh iddiaçı tərəfindən ona ziyan vurulduğunu iddia edirsə bu ziyanın həqiqətən vurulduğuna dair sübutları təqdim etmək vəzifəsi (sübutetmə yükü) cavabdehin üzərinə düşdüyü halda məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə qanunsuz su xəttinə qoşulma halını sübut etmək üçün fotoşəkilər və videogörüntü təqdim edilsə də, həmin görüntülərə əsasən sayğacdan kənar xətt vasitəsi ilə iddiaçının hər hansı su çəninin doldurulduğunu görmək mümkün deyil. Eyni zamanda fotoşəkillərə və görüntüyə əsasən qeyri-yaşayış sahəsinin həyətyanı hissəsində yaşıllıq və ağaclar olmadığından sayğacdan keçməyən xətdən suvarma məqsədi ilə istifadə edildiyi də müəyyən olunmur.
24. İşdəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022- ci il tarixli 02-57/23 saylı mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC müəssisəsi sayğacdankənar aşkar edilmiş boru xəttinin istifadə edilib-edilməməsinin, həmçinin kənar qoşulmaların olubolmamasının müəyyən edilməsi məqsədilə Cavabdeh ASC tərəfindən aşkar edilmiş boru xətti boyunca üst səth və ətraf yanlar torpaqdan təmizlənmiş, tədqiq edilmişdir ki, diaqonalı 150 mm olan metal su borusu xətti xarici divar səthindən müəssisəyə daxil olduqdan sonra bəzi hissələrdə yer səthinin üst qatı ilə, digər hissədə isə torpağın 10-20 sm dərinliyi ilə L=26,49 metr uzunluq təşkil etmiş, diaqonalı 150 mm olan metal su borusu xətti xarici divar səthindən müəssisəyə daxil olaraq L=26,49 metr uzunluqdan sonra ağız hissədə qaynaqlandığı və boruya ətrafdan heç bir kənar xətt qoşulmadığı aşkar edilmişdr. Rəydə qeyd edilmişdir ki, metal borunun bəzi hissələrdə korroziyaya uğraması uzun müddətdir istifadəsiz olmasına dəlalət edir, boru başlığında aparılmış qaynaq işlərinin birləşmə (tikiş) yerlərində elektrokimyəvi korroziya izlərinin mövcudluğu isə bunu bir daha təsdiq edir. Belə bir nəticəyə gəlinir ki, "xxxx" MMC tərəfindən sayğacdankənar boru vasitəsilə sudan istifadə imkanı məhduddur, mümkün deyildir. Mütəxəssis rəyi ilə sübut olunur ki, aşkar edilmiş və cavabdehin əməkdaşları tərəfində kəsilmiş sayğacdan keçməyən su xətti uzun müddət istifadə edilmədiyi üçün karrozoyaya uğramış, paslanmış vəziyyətdə olmuşdur. İddiaçının nümayəndəsi həmin xəttin hansı tarixdə, kim tərəfindən çəkilməsi barədə məlumatları olmadığını göstərmişdir.
25. Eyni zamanda işə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçı tərəfindən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla su resurslarının talanması ilə bağlı araşdırma aparılmış, su resurslarının talanması faktı aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərar iş üzrə qətnamə qəbul edildikdən sonra qəbul edildiyindən apellyasiya instansiyası mərhələsində sübut kimi qəbul edilməsi MPM-nin 372.2-ci maddəsinə əsasən mümkün hesab edilir.
26. Cavabdehin nümayəndəsi abonent haqqında məlumat vərəqinə istinad edərək bildirmişdir ki, iddiaçı hər il ona məxsus qeyri-yaşayış sahəsində sudan istifadə etdiyindən onun həmin illərdə hər hansə fəaliyyəti olmadığına dair dəlilləri əsassızdır. Məhkəmə bununla bağlı qeyd edir ki, abonent haqqında məlumat vərəqinə əsasən iddiaçı su təchizatı sisteminə qoşulduğu tarixdən cəmi müqavilə üzrə 60939,99 manat dəyərində sudan istifadə etmiş və istifadə etdiyi suyun dəyərini tam ödəmişdir. 2022-ci ildə su sərfiyyatı cəmi 2562 manat olmuşdur. İddiaçının nümayəndəsi bildirmişdir ki, müsəssisnin fəaliyyəti dayansa da, obyektdə işçilər olmuş və sudan məişət ehtiyacları üçün istifadə edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 2022-ci il ərzində cəmi 2562 manat sudan istifadə etməsi onun həmin il ərzində istehsal fəaliyyəti ilə məşğul olduğuna və qeyriqanuni olaraq 221872 manat dəyərində su sərf etdiyinə dair nəticəyə gəlməyə əsas vermədiyindən iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı hesab edilir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçının fəaliyyət göstərdiyi müddət ərzində maksimum illik su sərfiyyatı 9807,42 manatdan, bütünlükdə su sərfiyyatı isə 60939,99 manatdan artıq olmamışdır. Belə olan halda yalnız ehtimal və hər hansı əsaslı sübuta əsaslanmayan fərziyyələr əsasında iddiaçıdan vurulmuş ziyana görə bir il üçün 221872 manat dəyərində borcun tələb edilməsi qanunsuz və əsassız olmaqla ədalətli hesab edilə bilməz.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1625/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1625/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.