Məhkəmə qərarları › İş №2-2(103)-86/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-86/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-86/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, Cavabdeh1 özünün, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli e-2-2(113)-526/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 29 noyabr tarixli 22- MZ2-1-0-563-19 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 24 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 2019-cu il 29 noyabr tarixli 22-MZ2-1-0-563-19 (Z1) və 22-MZ2-1-0-563-19 (Z2) nömrəli zaminlik müqavilələrinə əsasən, zaminlər borcalanın bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 30 aprel tarixli əlavə sazişə əsasən kreditin müddəti 2022-ci il 31 yanvar tarixinədək uzadılmışdır.

4. Daha sonra həmin tərəflər arasında kredit müqaviləsinə 2020-ci il 18 sentyabr tarixli əlavə saziş bağlanmış və sazişə əsasən, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14.691,33 manat müəyyən edilmiş, müqavilə üzrə kreditin müddəti isə 2022-ci il 18 iyul tarixinədək uzadılmışdır.

5. Kredit müqaviləsinə edilmiş əlavə və dəyişikliklər zaminlik müqavilələrinə də edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4643 saylı rəy ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixə iddiaçıya olan əsas borcu 13.064,18 manat, faiz borcu 4.576,72 manat, illik 5 faizlə borcu 480,83 manat məbləgində müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli 9/9713 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə olan faiz borcu 4576,72 manat və xx.xx.2022-ci il tarixə olan faiz borcu 6654,29 manat məbləğində müəyyən edilmişdir. Rəydə qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı nəticəyə gəlinmiş faiz məbləği ilə 01 sentyabr 2023-cü il tarixli 9/4643 saylı ekspert rəyində nəticəyə gəlinmiş faiz məbləği arasında yaranmış fərq 9/4643 saylı espert rəyində göstərildiyi kimi həmin tədqiqat zamanı iş materiallarında xx.xx.2020-ci il tarixli “Əlavə Saziş”-in olmamasıdır. Yəni 9/4643 saylı ekspert rəyində xx.xx.2022-ci il tarixdən sonra (müqavilə müddətinin bitdiyi tarix) illik 5% tətbiq edilməklə faiz məbləği hesablanmışdır. Lakin hazırkı ekspertiza tədqiqatı zamanı iş materiallarında öz əksini tapmış xx.xx.2020-ci il tarixli “Əlavə Saziş”-də müqavilə müddətinin bitmə tarixi xx.xx.2022-ci il göstərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 2022-ci il 13 dekabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 14.691,33 manat əsas borc, 6.171,25 manat faiz, 3.595,87 manat cərimə borcu və kredit müqaviləsi üzrə 2022-ci il 18 sentyabr tarixindən 2022-ci il 24 avqust tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 73,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 21.835,15 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 206 (mediasiya xərci olaraq ödənilmişdir) manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 29 noyabr 2019cu il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. 30 aprel 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləgi kapitallaşdırılmaqla 14691.33 manat müəyyən edilmişdir. Müqavilə üzrə kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehlər tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 14691.33 manat əsas borc, 8844.25 manat faiz borcu, 8621,03 manat cərimə borcu, xx.xx.2022-ci il il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 608,8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 32765.41 manat borc və 206 (mediasiya xərci olaraq ödənilmişdir) manat pul cavabdehlərdən tutulmalıdır.

10. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 14.691,33 manat əsas borc, 8.844,25 manat faiz borcu, 8.621,03 manat cərimə borcu, 2022-ci il 18 iyul tarixindən, 2023-cü il 16 may tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 608,8 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 32.765,41 manat borcun və 206 (mediasiya xərci olaraq ödənilmişdir) manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli e-2-2(113)- 526/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2019-cu il 29 noyabr tarixli 22- MZ2-1- 0-563-19 nömrəli kredit müqaviləsi üzrə 13.064,18 manat əsas borc, 4.576,72 manat faiz borcu, 650 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 480,83 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 18.771,73 manat borcun və mediasiya xərcinə görə 125,58 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 250 manat ekspertiza xərclərinin 143,22 manat cavabdehlərdən müştərək qaydada, qalan 106,78 manatın isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 15.000 manat məbləğində pul cavabdehə ödənilmişdir. Müqavilə üzrə borclular üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır. 7. Məhkəmə qeyd etmişdir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır və əsas borc üzrə 13.064,18 manat, faiz borcu üzrə 4.576,72 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. 8. Məhkəmə iddianın dəbbə pulunun tutulmasına münasibətdə qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.8-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləginə gündəlik borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün 05% məbləgində dəbbə pulu hesablanır. Belə ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 650 manat dəbbə pulu cavabdehdən tutulmalıdır. 9. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan göstərilən əsasa görə ekspert rəyi ilə hesablanmış 480,83 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi xx.xx.2019-cu il tarixində imzalanmış, davamında bütün dünyada koronavirus epidemiyası başlamış, buna uyğun olaraq 02 mart 2020-ci il tarixindən başlayaraq 04 may 2020-ci il tarixinə kimi ölkə ərazisində tam məhdudiyyətli karantin rejimi tətbiq edilmiş, 04 may 2020ci il tarixində sahibkarlıq sahəsində fəaliyyətin bərpası təmin edilsə də, 2020-ci ilin iyun ayından yenidən məhdudiyyətlər tətbiq edilmiş və bəzi xidmət sahələrinin fəaliyyəti yenidən dayandırılmışdır ki, həmin xidmət sahələrinin biri də Cavabdeh1 tərəfindən göstərilən xidmət kateqoriyası olmuşdur. Faktiki olaraq cavabdeh Laçın Ticarət Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və həmin dövrdə ayrılmış kredit vəsaiti də məhz dövriyyə vəsaitinin artılması məqsədi ilə cavabdeh sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş kredit olmuşdur. Sərtləşdirilmiş karantin dövründə sahibkarlıq sahəsində məhdudiyyətlərin olmasını nəzərə alaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icrası mümkünsüz olmuşdur ki, belə olan təqdirdə iddiaçı tərəfindən müqavilə münasibətlərinin cavabdehin məsuliyyətindən irəli gələrək müqavilə münasibətlərindən irəli gələn öhdəliklərini icra etməməsi halına istinad etməsi hesab olunur ki, doğru olmazdı. Cavabdehin öhdəliklərini icra etməməsi birbaşa onun iradəsi xaricində baş vermiş halla bağlıdır ki, bu halda onun məsuliyyəti bu hissədə istisna edilməlidir. Hətta bununla bağlı cavabdehin Mərkəzləşdirilmiş Kredit Reyestrində faktiki olaraq xüsusi qeyd mövcuddur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almamışdır. Kreditor olaraq iddiaçının xüsusi olaraq məlumatlandırılmasına ehtiyac olmamışdır, lakin cavabdeh bununla bağlı dəfələrlə həm iddiaçıya, həm də Mərkəzi Banka müraciətlər ünvanlamışdır. Bu anlamda baş verən məhdudiyyətləri cavabdehin əvvəlcədən bilməsi mümkün olmamaqla bərabər baş vermiş halları qismən və ya tam ortadan qaldırılması da onun iradəsi xaricində olmuşdur. Məhz respublika ərazisində koronavirus epidemiyası elan olunduğundan və cavabdehin xidmət göstərdiyi xidmət sahəsinin uzun müddət fəaliyyət göstərmədiyindən və bu hal cavabdehin iradəsi və əvvəlcədən bilməsi mümkün olmayan hallardan irəli gəldiyindən və buna uyğun olaraq ayrılmış kredit vəsaiti üzrə alınmış məhsulların satışı realizə oluna bilmədiyindən hazırki mərhələdə iddiaçının kredit müqaviləsi üzrə eyni zamanda həm əsas, həm faiz, həm cərimə, həm də əldən çıxmış fayda kimi 5% borc məbləğinin tələb edilməsi doğru olmazdı. Faktiki olaraq xidmət sahələrinin uzun müddət bağlı olması və məhdud fəaliyyət göstərməsi səbəbindən onsuz da iqtisadi cəhətdən ağır vəziyyətə düşmüş cavabdeh həm də alınmış məhsulları vaxtında və lazımı qaydada realizə imkanından məhrum olmaqla iqtisadi cəhətdən daha da ağır vəziyyətə düşmüşdür. Eyni zamanda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə zərər faktını istinad etməklə pul vəsaitinin qaytarılmasını əldən çıxmış fayda kimi xarakterizə etsə də, hazırki situsiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin 1 və 2-ci bəndlərinə istinad edilməklə həll edilməli idi. Faktiki olaraq zərər vurma faktı o zaman olardı ki, cavabdeh ona ayrılmış kredit vəsaitini istifadə edərək onun əvəzini qəsdən ödəməsin və ya qabaqcadan ona bəlli olması mümkün olan hallara istinadən geri qaytarmasın. Hazırki işə münasibətdə cavabdeh faktiki olaraq xidmət sahəsinin uzun müddət fəaliyyət göstərməməsi səbəbindən özü də zərərə məruz qalmış, bu zərər nəticəsində götürülmüş kreditin faizlərlə birlikdə qaytarılmasına nail ola bilməmişdir. Bu anlamda məhkəmə baş vermiş halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458-ci maddəsinə istinadən borclunun məsuliyyət ölçüsünü azalda bilərdi. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Hazırki iş üzrə iddiaçı 8621,03 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etsə də, məhkəmə tərəflər arasında imzalanmış müqavilənin 4.8-ci bəndinə istinad etməklə dəbbə pulunun tutulması qənaətinə gəlmişdir. Bu anlamda iddiaçının tələbi bu hissədə qeyri müəyyəndir. Mülki qanunvericilik dəbbə pulu anlayışından cərimə, dəbbə və zərər anlayışını fərqləndirilmiş, hansı hallarda həmin məbləğlərin tutulması imkanını nəzərdə tutmuşdur. Tərəflər arasında imzalanmış müqavilənin 4.8-ci bəndində iddiaçı (kreditor) tərəfindən dəbbə pulu anlayışından istifadə edildiyindən bu zaman məhkəmə mülki məcəllənin 463-cü maddəsinə istinadən tərəflər arasında əsas öhdəlik barədə razılaşmadan əlavə dəbbə pulu ilə bağlı razılaşmanın olub-olmamasını aydınlaşdırmalı idi. Məhz həmin maddənin 463.1-ci maddəsində qeyd edilmişdir ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından aslı olmayaraq yazılı formada bağlanmışdır və əksi halda həmin hissə etibarsızdır. Bu anlamda kredit müqaviləsində dəbbə pulu anlayışından istifadə edilməsi iddiaçıya hüquq vermir ki, dəbbə pulunun ödənilməsini cavabdehdən tələb etsin. xx.xx.2020-ci il tarixinli kredit müqaviləsinə xx.xx.2020-ci il tarixində Əlavə Saziş imzalanmış və həmin sazişə əsasən gecikdirilmiş faiz və cərimə borcu məbləği kapitallaşdırılmaqla borc məbləği 14691,33 manat həddində müəyyən edilmişdir ki, bu hal faktiki olaraq faiz və cərimə borcunun hesablanması ilə bağlı kreditor olaraq iddiaçı kimi cavabdehə koronavirus pandemiyası dövründə müəyyən güzəştlərin tətbiqi edilmədən həmin məbləğlərin yenidən əsas borc kimi xarakterizə edilməklə həmin məbləğə yenidən faiz və cərimə borcunun hesablanmasında öz əksini tapmışdır ki, bu hal hesab edirik ki, hüquqdan sui-istifadə kimi xarakterizə olunmalıdır. Faktiki olaraq cavabdeh onsuz da kredit müqaviləsini imzaladıqdan sonra xidmət sahəsinin fəaliyyətinin dayandırılması səbəbindən daha da ağır vəziyyətə düşmüş və bu vəziyyətdən istifadə edən iddiaçı öz hökmran mövqeyindən istifadə etməklə cavabdehi daha da ağır vəziyyətə salmışdır. Halbuki iddiaçı hazırki iş üzrə cavabdehin koronavirus pandemiyası səbəbindən sahibkar kimi təsirləndiyini nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlər” də nəzərdə tutulan halları tətbiq etməklə pandemiyadan birbaşa təsirlənmiş sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi üçün addımlar atamlı, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan sahibkarların kreditləri restrukturizasiya olunduqda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq keyfiyyətinin 30 sentyabr 2020-ci ilədək pisləşdirilməməli idi. Hər nə qədər banklara tövsiyyə verilsə də, cavabdehin maliyyə vəziyyətə nəzərə alınmaqla kredit öhdəliklərinin (əsas borc və ya faiz üzrə) gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin 30 sentyabr 2020-ci il tarixinədək hesablanmaması həyata keçirilə bilərdi. Lakin iddiaçı requlyativ tədbirlərdə nəzərdə tutulan halları nəzərə almamış, gecikmiş faiz və cərimə borcu məbləğlərini restrukturizasiya edərək həmin məbləğlərin sadəcə müddətini uzatmışdır. Bu isə hesab edirik ki, hüquqdan sui-istifadə də öz əksini tapır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə xx.xx.2020-ci il tarixində kapitallaşdırılmış borc məbləğinin əsas borc məbləğini ehtiva edib-etməməsini, cavabdeh tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmaqla qalıq əsas borc məbləğinin həqiqətən də iddiaçının tələb etdiyi əsas borc məbləği ilə uyğunluq təşkil edib-etməməsini sübut etməmiş, bununla bağlı yalnız ekspert rəyinə istinad etmiş, faktiki olaraq iddiaçı tərəfindən silinmə ardıcıllığına riayət edilməsi sübut edilməmişdir. Halbuki bank tərəfindən müqavilə üzrə məbləğin birdəfəlik tələb hüququnun yarandığı zaman borclu tərəfindən edilmiş ödənişlər ilk növbədə onun üçün daha ağır olan tələbə, yəni əsas borca yönəldilməli, daha sonra qalan məbləğdən faizlə çıxılmalı idi. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc alığı məbləğinə hesablanır. Yəni borc öhdəliyi qismən icra olunduqda qalıq məbləğlə yanaşı, həmin borc üzrə yaranmış faiz məbləği də müvafiq qaydada azalır. Bu hissədə hər nə qədər ekspert rəyinə istinad olunsa da, həmin ekspert rəyinin tam həqiqiliyini əks etdirdiyini qəbul etmək doğru olmazdı. Bundan başqa məhkəmə cavabdehin müqavilə üzrə öhdəlikləri icra etməməsi qənaətinə gəlsə də, mövcud vəziyyətin yaranmasında cavabdehin təqsirli olubolmamasını, öhdəlik münasibətlərinin cavabdehin iradəsindən aslı olub-olmamasını aydınlaşdırmamış və bu halları sübut edə bilməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

15. Qətnamə cavabdeh (əsas borclu) Cavabdeh1 tərəfindən qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən apellyasiya instansiya məhkəməsi də qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-498/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq MMnin 462.1-ci maddəsində dəbbə pulu anlayışının cərimə, penya anlayışları ilə eyni mənaları ifadə etdiyi qeyd edildiyindən apellyasiya şikayətində bu anlayışların fərqli olduğuna dair qeyd edilənləri əsassız hesab etmişdir. Həmçinin apellyasiya şikayətinin kredit götürdükdən sonra koronovirus pandemiyasının başlaması ilə əlaqədar borcalanın gəlir əldə edə bilməməsi və bununla əlaqədar krediti qaytarmaq imkanı olmaması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə fors major halla bağlı borcalanın krediti və faizləri ödəmək öhdəliyinin icrasından azad edən şərt nəzərdə tutulmamışdır. MM-nin 448.4-cü maddəsində nəzərdə tutulmuş fors major hallar isə borclunu öhdəliyin icrasından azad etmir, yəni hər bir halda bankdan götürülmüş kredit və faizləri ödənilməlidir. Həmin norma borclunu qanunda göstərilmiş əsaslar baş verdikdə öhdəliyin pozulmasına görə məsuliyyətdən, yəni cərimə və zərərin ödənilməsindən azad edir. Hazırkı halda isə sahibkar kredit götürərkən müxtəlif səbəblərdən gəlir əldə etməmə və gəlilərinin azalmasının mümkünlüyü ehtimalını əvvəlcədən bildiyindən və ya bilməli olduğundan MM-in 448.1-ci maddəsinə əsasən öz risk dairəsinə aid öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır və MM-in 448.4-cü maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin qeyd etdiyi normalarla eynilik təşkil etmiş və əlavə olaraq MM-in 448.1, 448.4, 465.2-ci maddələrinə istinad etmişdir.

18. Cavabdeh1 kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

19. AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(102)- 505/2024 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)- 498/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – faiz borcu hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclunun ödəməli olduğu yekun faiz ödənişi iş materiallarında olan 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikində 2021-ci il 19 noyabr tarixinə (bu müqavilə üzrə kredit müddətinin bitmə tarixinə) 3.906,25 manat, həmin kredit müqaviləsinə 2020-ci il 18 sentyabr tarixli əlavə sazişə əlavə edilmiş ödəniş qrafikində isə 2022-ci il 18 iyul tarixinə (bu əlavə saziş üzrə kredit müddətinin bitmə tarixinə) 4.167,74 manat müəyyən edilmişdir. Belə olan halda, məhkəmənin qalıq faiz borcunu daha artıq həcmdə müəyyən etməsi (4.572,72 manat) anlaşılan deyildir. Üstəlik, iş üzrə nəticəyə gələrkən məhkəmənin istinad etdiyi ekspert rəyindən məlum olur ki, cavabdehin banka ödədiyi pul vəsaitindən 2.037 manat onun faiz borcundan silinmişdir. Belə olan halda, cavabdehin faktiki ödədiyi faiz borcunu (2.037 manat) da yuxarıda göstərilən məbləğlərdən çıxdıqda, kredit müddətinin sonuna qalıq faiz borcunun daha aşağı məbləğdə, yəni 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafiki üzrə 1.869,25 manat (3.906,25 – 2.037), kredit müqaviləsinə 2020-ci il 18 sentyabr tarixli əlavə sazişinə əlavə edilmiş ödəniş qrafiki üzrə isə 2.130,74 manat (4.167,74 – 2.037) olduğu iş materiallarından görünür. Buna baxmayaraq birinci instansiya məhkəməsi sözügedən ekspert rəyinə istinadən faiz borcunun 4.576,72 manat olduğu qənaətinə gəlmiş, aşağı məhkəmənin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi isə sözügedən xüsusatları nəzərə almamış, o cümlədən faiz borcunun hansı qaydada hesablandığına aydınlıq gətirməmiş, məhkəmənin müəyyən etdiyi faiz borcunun kredit müddətinin sonuna ödənilməli olan faiz borcundan (o cümlədən faktiki ödənilmiş borc da nəzərə alınmaqla) daha artıq olmasına (iş materiallarına əsasən) hüquqi qiymət verməmişdir. Belə olan vəziyyətdə isə sözügedən hissədə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən faiz borcu hissəsində MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat edərək şikayətin təmin edilməsini xahiş etdilər.

22. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iş onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

23. Mülki Məcəllənin:

-385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206-cı maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh1 verdiyi apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən apellyasiya məhkəməsində birinci icraat zamanı qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılmışdır. Kassasiya instansiya məhkəməsi tərəfindən apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə faiz borcunun tutulması hissəsində ləğv edilmiş və yeni baxışa qaytarılmışdır. Odur ki, hazırda qətnamənin əsaslılığı faiz borcuna dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 2019-cu il 29 noyabr tarixli 22-MZ2-1-0-563-19 (Z1) və 22-MZ2-1-0-563-19 (Z2) nömrəli zaminlik müqavilələrinə əsasən, zaminlər borcalanın bank qarşısında öhdəliklərini icra etməsinə zamin durmuşlar. xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əlavə saziş bağlanmış və sazişə əsasən müqavilə üzrə kreditin müddəti isə 2022-ci il 18 iyul tarixinədək uzadılmışdır. Cavabdeh1 kredit müqaviləsi və əlavə saziş üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır.

29. İş birinci instansiya məhkəməsinin icraatında olarkən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4643 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.20222-ci il tarixə olan faiz borcu 4576,72 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin rəyə istinad edərək kredit müqaviləsi üzrə cavabdehlərdən tutulacaq faiz borcunu 4576,72 manat məbləğində müəyyənləşdirmiş, apellyasiya instansiya məhkəməsi isə həmin hissədə qətnaməni dəyişdirilmədən saxlamışdır.

30. Kollegiya ilk növbədə qeyd edir ki, kassasiya instansiya məhkəməsi işin faiz borcu hissəsində yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytararkən ona əsaslanmışdır ki, apellyasiya instansiyası məhkəməsi sözügedən ekspert rəyinə istinadən faiz borcunun 4.576,72 manat olduğu qənaətinə gəlmiş, aşağı məhkəmənin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi isə faiz borcunun hansı qaydada hesablandığına aydınlıq gətirməmiş, məhkəmənin müəyyən etdiyi faiz borcunun kredit müddətinin sonuna ödənilməli olan faiz borcundan (o cümlədən faktiki ödənilmiş borc da nəzərə alınmaqla) daha artıq olmasına (iş materiallarına əsasən) hüquqi qiymət verməmişdir.

31. Odur ki, yeni apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/9713 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə (kredit müqaviləsi üzrə kreditin verilmə müddətinin bitməsi tarixinə) olan faiz borcu 4576,72 manat və xx.xx.2022-ci il tarixə (kredit müqaviləsinə əlavə sazişi üzrə kreditin verilmə müddətinin bitməsi tarixinə) olan faiz borcu 6654,29 manat məbləğində müəyyən edilmişdir.

32. Göründüyü kimi təkrar ekspertizanın nəticəsi olaraq ekspert rəyinə əsasən əlavə saziş üzrə kreditin verilmə müddətinin bitməsi tarixinə - xx.xx.2022-ci il tarixə mübahisəli kredit müqaviləsi üzrə faiz borcunun məbləği 6654,29 manat təşkil etmişdir.

33. Ekspert rəyi ilə müəyyənləşdirilmiş faiz borcunun ilkin olaraq kredit müqaviləsində və eləcə də əlavə sazişdə müəyyən edilmiş ümumi faiz məbləğlərindən artıq olması məsələsinə gəldikdə kollegiya qeyd edir ki, hazırkı kredit müqaviləsi üzrə ödəniş qrafikindən də göründüyü kimi həmin qrafikdə kredit ödənişlərinin annuitet qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Annuitet ödəniş qrafikində kredit borcu (əsas və faiz borcu daxil) kredit müddəti ərzində bərabər vaxt kəsikləri (adətən aylıq) üzrə bərabər hissələrə bölünür. Hər bir ödənişin bir hissəsini əsas borc, bir hissəsini isə faiz borcu təşkil edir. Əsas borcdan ödəniş edildikcə qalıq əsas borcun məbləği və belə olan halda həmin məbləğə aylıq hesablanan faiz borcunun məbləği azalır. Odur ki, annuitet qaydada ödənilən kreditlərdə ödənişlər vaxtında edilmədikdə əsas borc ödəniş qrafikində nəzərdə tutulan qaydada azalmır və buna müvafiq olaraq daha artıq məbləğdə olan qalıq əsas borca hesablanan faiz borcu ödəniş qrafikində göstərilən məbləğə nisbətən artır. Hazırkı halda ödəniş qrafikinə əsasən borcalan kreditin verilmə müddəti ərzində 15000 manat məbləğində əsas borc ödəməli olduğu halda ekspert rəyindən də göründüyü kimi əsas borcdan cəmi 1935,82 manat məbləğində ödəniş etmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, cavabdehdən tutulmalı olan faiz borcunun ödəniş qrafikində müəyyən edilmiş ümumi faiz borcundan artıq olması əsas borc üzrə ödənişlərin gecikdirilməsi ilə bağlı olmuşdur.

34. Odur ki, məhkəmənin təkrar məhkəmə-mühasibatlıq eskpertizasının rəyi ilə razılaşmaması üçün əsas olmadığından kredit müqaviləsi üzrə tutulacaq faiz borcu həmin rəyə əsasən müəyyən edilməlidir.

35. Hazırkı halda kollegiya ekspert rəyi ilə kredit müqaviləsi üzrə faiz borcunun kredit müqaviləsinə əlavə saziş üzrə kreditin verilmə müddətinin biydiyi tarixə 6654,29 manat təşkil etdiyini, yəni birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş faiz borcun məbləğindən də artıq olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə faiz borcunun qətnamədən müəyyən edilmiş məbləğdən daha az olması barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi isə yoxlanılan hissədə, yəni 4576,72 manat faiz borcunun tutulması tələbinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 526/2023 nömrəli qətnaməsi faiz borcuna dair iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-526/2023 nömrəli qətnaməsi faiz borcuna dair iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh X2 özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar