Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-861/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1389/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin 04.05.2021-ci il tarixli 2-2(113)-1389/2021 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin 22.06.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh həmin nöqsanı aradan qaldıraraq yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayətinə əsasən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 04.05.2021-ci il tarixli 2-2(113)-1389/2021 saylı qətnaməsi 06 may 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 24.06.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 06 iyun 2021-ci il tarixdə bitdiyi halda, cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 24.06.2021-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maraqlı şəxsin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən müddətdə verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 363.1.3, 366.2-ci maddələrini rəhbər tutaraq kollegiya hesab edir ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1389/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2-2(103)-861/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-861/2021
12.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver