Məhkəmə qərarları › İş №2-2(103)-861/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-861/2024

12.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-861/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, "xxxx" ASC və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosesual müddət bərpa edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, "xxxx" ASC və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı Kommersiya Məhkəməsinin 19 mart 2024-cü il tarixli, e-2-2(113)-269/2024 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, "xxxx" ASC və Cavabdeh2 qarşı 53394 manat məbləğin və mediasiya xərci kimi ödənilmiş 410 manat, ümumilikdə 53804 manat məbləğində pulun müştərək qaydada xeyrinə tutulması tələbi barədə iddiası rədd edilmişdir.

2. Daha sonra iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək 19 mart 2024cü il tarixli, e-2-2(113)-269/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-269/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.

4. Bundan sonra iddiaçı müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən şikayət verilmə müddətinin buraxılmasının üzürlü hesab edilməsini və işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 269/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixində “elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetdə” yerləşdirilmişdir. Həmin tarix şənbə gününə, yəni qeyri-iş gününə təsadüf etdiyindən və bu barədə SMS vasitəsi ilə bildirilmədiyindən Qətnamənin “elektron kabinet”ə yerləşdirilməsindən iddiaçının məlumatı olmamış, yalnız xx.xx.2024-cü il tarixində Qətnamə ilə tanış olmaq mümkün olmuşdur. Əlavə olaraq İddiaçı ASC-nin iştirak etdiyi məhkəmə işlərinin sayının çox olması səbəbindən sözügedən Qətnamənin “elektron kabinet”ə yüklənmə tarixi texniki yanlışlıq nəticəsində xx.xx.2024-cü il kimi nəzərə alınmış, apellyasiya şikayətinin verilmə müddəti 1 (bir) gün ötürülmüşdür.

6. Bakı Kommersiya Rayon Məhkəməsinin e-2-2(113)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 19 mart 2024-cü il tarixli, e-2-2(113)- 269/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-269/2024 nömrəli qətnaməsi xx.xx.2024cü il tarixdə iddiaçı "xxxx" ASC-yə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi halda, iddiaçının apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının ərizəsində göstərilənlər (qətnamə ilə sistemə yükləndikdən iki gün sonra tanış olmaları, iş yükünün çoxluğu) müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

8. "xxxx" ASC məhkəmənin 27 iyun 2024-cü il tarixli, e-2-2(113)-269/2024 saylı qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi xahiş edilmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, “X10” MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024cü il tarixli aktdan müəyyən olunur ki, İddiaçı ASC-də internetin ötürülməsini təmin edən qurğularda baş vermiş texniki nasazlıq nəticəsində trafiklərin ötürülməsində gərginlik yaranmış, kompüter, notbuk və digər vasitələr ilə internet şəbəkələrinə daxil olmaq mümkün olmamışdır. Qeyd olunan nasazlığın aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək təmir-bərpa işləri aparılmış, xx.xx.2024- cü il tarixində yenidən internet verilməsi bərpa olunmuşdur. Prosessual müddətin buraxılması haqqında ərizəyə məhkəmə iclasında baxılarkən birinci instansiya məhkəməsində iddiaçı tərəfindən bu məqam qeyd olunaraq apellyasiya şikayətinin məhkəməyə təqdim edilmək üçün hazır olması, lakin avadanlıqlarda olan problemlər nəticəsində Qətnamədən apellyasiya şikayətinin verilməsinin yubanması bildirilmişdir. (xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokolu)

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2-2(113)-269/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 19 mart 2024-cü il tarixli, e-2- 2(113)-269/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə iddiaçı "xxxx" ASC-nin ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi 27 iyun 2024-cü il tarixli, e-2-2(113)-269/2024 nömrəli qərardadından "xxxx" ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

15. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

17. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)

18. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir.

20. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə məhkəmə iclasında baxılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə məhkəmə iclasında baxılması üçün əsaslar müəyyən edilməmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

23. İş materialları ilə müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 269/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçı "xxxx" ASC-nin elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilmişdir.

24. Göründüyü kimi iddiaçı "xxxx" ASC-yə münasibətdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 13 may 2024-cü il tarixə qədər olmuşdur.

25. İddiaçı "xxxx" ASC isə müddət bərpa barədə ərizəni və apellyasiya şikayətini 15 may 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə verməklə apellyasiya şikayəti üçün müəyyən edilmiş müddəti 2 gün ötürmüşdür.

26. İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə müddətin ötürülməsinin üzrlü səbəbi kimi qətnamə ilə gec tanış olmaları, iş yükünün çoxluğunu qeyd etmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-269/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş buraxılmış prosesual müddətin bərpası barədə ərizəyə baxılması zamanı iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında çıxışı zamanı bildirmişdir ki, xx.xx.2024-cü il tarxidə apellyasiya şikayəti hazır idi, avadanlıqda yaranmış problem nəticəsində şikayətin yüklənməsini xx.xx.2024-cü il tarixinə təxirə salmalı olublar.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş ETS-02-2024-ə (xx.xx.2024) Əlavə-02-yə (xx.xx.2025) əsasən ES-05/024 nömrəli 03 iyun 2024-cü il tarixli Aktdan görünür ki, “X10” MMC-nin direktoru Qocayev Q. və "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X4 aktı tərtib edərək təsdiq edirlər ki, "xxxx" ASC-də internetin ötürülməsini təmin edən qurğularda baş vermiş texniki nasazlıq nəticəsində trafiklərin ötürülməsində gərginlik yaranmış, kompüter, notbuk və digər vasitələr ilə internet şəbəkələrinə daxil olmaq mümkün olmamışdır. Qeyd olunan nasazlığın aradan qaldırılması üçün xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinədək təmir-bərpa işləri aparılmış, xx.xx.2024-cü il tarixində yenidən internet verilməsi bərpa olunmuşdur.

29. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılarkən iddiaçı suala cavab olaraq texniki nasazlığa istinad etmişdir. Daha sonra isə qeyd etdiyi hala dair sübut təqdim etmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Lakin işə baxan məhkəmə həmin sübutu nəzərə almayaraq qərardadı dəyişdirilmədən saxlamışdır.

31. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

32. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməli, iddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-269/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş ərizə təmin edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ:

İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-269/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş ərizə təmin edilsin. Qərardaddan şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar