Məhkəmə qərarları › İş №2-2(103)-861/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-861/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-861/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun etiraf olunması, apellyasiya şikayətinin həddi, dəbbə pulunun mütənasibliyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borcalan) arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən kreditor borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 24 (iyirmi dörd) ay müddətinə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 7650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti faizləri ilə birlikdə geri qaytarmağı öhdələrinə götürmüşlər.

2. Kredit öhdəliklərinin təmin olunması üçün kreditorla Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında 430006817/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır.

3. Kreditorla Cavabdeh2 arasında 21 aprel 2015-ci il tarixdə Əlavə Saziş bağlanmış, sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləğinin 7378,40 (yeddi min üç yüz yetmiş səkkiz ABŞ dolları 40 sent) ABŞ dolları təşkil etdiyi, kreditin müddətinin xx.xx.2017-ci il tarixədək təyin olunduğu razılaşdırılmışdır.

4. Kreditorla zaminlər arasında 21 aprel 2015-ci il tarixdə Əlavə Sazişlər bağlanmış, sazişlərdə kredit borcunun qalığının 7378,40 (yeddi min üç yüz yetmiş səkkiz ABŞ dolları 40 sent) ABŞ dolları təşkil etdiyi, kreditin müddətinin xx.xx.2017-ci il tarixədək təyin olunduğu razılaşdırılmışdır.

5. Kreditorla Cavabdeh2 31 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmış, sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 8613,57 (səkkiz min altı yüz on üç ABŞ dolları 57 sent) ABŞ dolları (6333,8 (altı min üç yüz otuz üç ABŞ dolları 8 sent) ABŞ dolları əsas borc, 1977,45 (bir min doqquz yüz yetmiş yeddi ABŞ dolları 45 sent) ABŞ dolları faiz borcu, 302,32 (üç yüz iki ABŞ dolları 32 sent) ABŞ dolları cərimə borcu) təşkil etdiyi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2022-ci il tarixədək olduğu, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 12 (on iki) % ödəniləcəyi razılaşdırılmışdır.

6. Kreditorla zaminlər arasında 31 mart 2017-ci il tarixdə Əlavə Sazişlər bağlanmış, sazişlərdə kredit borcunun qalığının 8613,57 (səkkiz min altı yüz on üç ABŞ dolları 57 sent) ABŞ dolları (6333,8 (altı min üç yüz otuz üç ABŞ dolları 8 sent) ABŞ dolları əsas borc, 1977,45 (bir min doqquz yüz yetmiş yeddi ABŞ dolları 45 sent) ABŞ dolları faiz borcu, 302,32 (üç yüz iki ABŞ dolları 32 sent) ABŞ dolları cərimə borcu) təşkil etdiyi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2022-ci il tarixədək olduğu, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 12 (on iki) % ödəniləcəyi göstərilmişdir.

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalana və zaminlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmışdır.

8. İddiaçı ASC-nin ləğvedicisi tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2025-ci il tarixinə 5771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 3137,33 (üç min bir yüz otuz yeddi ABŞ dolları 33 sent) ABŞ dolları faiz, 3770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı ASC (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 3137,33 (üç min bir yüz otuz yeddi ABŞ dolları 33 sent) ABŞ dolları faiz, 3770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcu və 158,91 (bir yüz əlli səkkiz manat 91 qəpik) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 dövriyyə vəsaiti məqsədilə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 7650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında 430006817/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Daha sonra ********* saylı kredit müqaviləsinə 21 aprel 2015-ci il tarixdə Əlavə Saziş bağlanmış, kreditorun borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləğinin 7378,40 (yeddi min üç yüz yetmiş səkkiz ABŞ dolları 40 sent) ABŞ dolları təşkil etdiyi, kreditin müddətinin xx.xx.2017-ci il tarixədək təyin olunduğu razılaşdırılmışdır. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 31 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmış, sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 8613,57 (səkkiz min altı yüz on üç ABŞ dolları 57 sent) ABŞ dolları (6333,8 (altı min üç yüz otuz üç ABŞ dolları 8 sent) ABŞ dolları əsas borc, 1977,45 (bir min doqquz yüz yetmiş yeddi ABŞ dolları 45 sent) ABŞ dolları faiz borcu, 302,32 (üç yüz iki ABŞ dolları 32 sent) ABŞ dolları cərimə borcu) təşkil etdiyi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2022-ci il tarixədək olduğu, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 12 (on iki) % ödəniləcəyi razılaşdırılmışdır. Kreditorla zaminlər arasında 31 mart 2017-ci il tarixdə Əlavə Sazişlər bağlanmış, sazişlərdə kredit borcunun qalığının 8613,57 (səkkiz min altı yüz on üç ABŞ dolları 57 sent) ABŞ dolları (6333,8 (altı min üç yüz otuz üç ABŞ dolları 8 sent) ABŞ dolları əsas borc, 1977,45 (bir min doqquz yüz yetmiş yeddi ABŞ dolları 45 sent) ABŞ dolları faiz borcu, 302,32 (üç yüz iki ABŞ dolları 32 sent) ABŞ dolları cərimə borcu) təşkil etdiyi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2022-ci il tarixədək olduğu, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 12 (on iki) % ödəniləcəyi göstərilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-502/2025 saylı xx.xx.2025-ci il tarixli və 12-5/2-M-41-300/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 5771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 3137,33 (üç min bir yüz otuz yeddi ABŞ dolları 33 sent) ABŞ dolları faiz, 3.770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcu təşkil edir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, Cavabdeh2 yazılı ərizə təqdim edərək iddianı etiraf etdiyini, borc məbləği ilə razılaşdığını bildirmişdir.

12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəməyə gəlməmişlər.

13. Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. İddiaçı ASC Cavabdeh2 kredit müqaviləsində müəyyən edilmiş kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Cavabdeh2 məhkəməyə borcun etirafı barədə ərizə təqdim edərək "Dəmirbank” ASC-nin ona qarçı olan iddia tələbini qəbul etdiyini bildirmişdir. Belə olan halda məhkəmə Cavabdeh2 ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "Dəmirbank” ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini - kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "Dəmirbank” ASC Cavabdeh2 ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.771,08 ABŞ dolları əsas və 3.137,33 ABŞ dolları məbləğinfə faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. 14.2. Bununla yanaşı İddiaçı ASC kredit razılaşması üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Cavabdeh2 hesablanmış 3770,13 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də tələb edilən dəbbə pulunun əsas borc məbləğinə qeyri-mütənasib hesab edilməsi üçün əsaslar olmadığından Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərin əsasən mübahisəli kredit müqaviləsi üzrə 3770,13 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. 14.3. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcunu cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. 14.4. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh3 və Cavabdeh1 (zaminlər) arasında 430006817/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh1 kredit alan Cavabdeh2 ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. 14.5. Məhkəmə zaminlər Cavabdeh3 və Cavabdeh1 ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. 14.6. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 158,91 manat təşkil edir.Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 158,91 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386-cı, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 470.1-ci, 472.1ci, 472.2-ci, 739-cu, 743-cü, Mülki Prosessual Məcəllənin 107-ci, 113-cü, 119-cu maddələrinə istinad etmişdir.

16. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun “borcun müştərək qaydada Cavabdeh3 və Cavabdeh1 tutulması” hissəsində ləğv olunmasını, iddia tələbinin Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin edilməməsi, onların zaminliyinə xitam verilməsi, habelə tənasübsüz hesablanmış dəbbə pulunun azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin zaminliyə xitam verilməsi ilə bağlı müddətin ötmüş olduğunu, həmçinin dəbbə pulunun tənasübsüz hesablandığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, verilən izahatlar

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, apellyasiya şikayətini yalnız zaminlərdən pul tutulması, həmçinin dəbbə pulunun çox olması səbəbilə vermişdir və borcunun olmasını etiraf edir. Borc məbləği ilə razıdır, məhkəmədən xahişi odur ki, zaminlərə aid hissədə qətnaməni ləğv etsin və dəbbə pulunu azaltsın.

19. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər (zaminlər) də apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş, qətnamənin onlara münasibətdə ləğv olunmasını xahiş etmişlər.

20. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, lakin nümayəndə ərizə ünvanlayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

26. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

31. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

32. Maddə 739.1 (xx.xx.2023-cü il tarixədək olan redaksiyada). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

33. Maddə 741 (xx.xx.2023-cü il tarixədək olan redaksiyada). Müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

36. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

43. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

45. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 3137,33 (üç min bir yüz otuz yeddi ABŞ dolları 33 sent) ABŞ dolları faiz, 3770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcunun və 158,91 (bir yüz əlli səkkiz manat 91 qəpik) manat dövlət rüsumunun tutulması”, həmçinin “Cavabdeh2 3770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimənin tutulması” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, zaminlik əsas borclunun öhdəliyinin icrasının təmini üsulu olmaqla müstəqil öhdəlik deyildir və nə qədər ki, öhdəliyi icra edən zaminin əsas borcluya qarşı reqress tələb hüququ mövcuddur, belə olan halda apellyatorun qətnaməni “borcun müştərək qaydada Cavabdeh3 və Cavabdeh1 tutulması” hissəsində də mübahisələndirməyə subyektiv marağı vardır.

49. Bununla yanaşı nəzərə alınmalıdır ki, apellyator qətnaməni onun özündən “5771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 3137,33 (üç min bir yüz otuz yeddi ABŞ dolları 33 sent) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcunun, 158,91 (bir yüz əlli səkkiz manat 91 qəpik) manat dövlət rüsumunun tutulması” hissələrində mübahisələndirməmişdir və bu səbəblə də qətnamə müvafiq hissələrdə apellyasiya baxışının predmeti deyildir.

Məhkəmə kollegiyasının mövqeyi

50. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas, faiz və dəbbə pulu borcunun, habelə dövlət rüsumunun müştərək qaydada həmçinin Cavabdeh1 və Cavabdeh3 tutulması hissələrində ləğv olunaraq iddia tələbləri onlara münasibətdə təmin edilməməli, “Cavabdeh2 3770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimənin tutulması” hissəsində isə dəyişdirilməlidir.

51. Belə ki, birinci instansiya məhkəməsi iddia tələblərini tam təmin edərkən Cavabdeh2 iddianı etiraf etməsinə əsaslanmışdır; lakin işin materiallarından bu etirafın hüquqi nəticələrinin ona izah olunduğu ümumiyyətlə görünmür. Halbuki, məhkəmə tərəfin prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, konkret halda etirafın hüquqi nəticələrini ona izah etməli, eyni zamanda bu etirafın digər şəxslərin (zaminlərin) mənafelərinə toxunduğunu nəzərə almalı idi.

52. Bankla Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində göstərilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə (vəya zaminlərə) qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

53. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır.

54. Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 24 ay müddətinə qaytarmalıdır – bununla belə həm həmin müqaviləyə, həm zaminlik müqaviləsinə sonradan dəyişikliklər olunmuş, kreditin qaytarılma müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır.

55. Beləliklə bank, zaminlərə qarşı xx.xx.2023-cü il tarixinədək iddia qaldırmaq hüququna malik olmuş, lakin bu hüququndan istifadə etməyərək əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir.

56. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.

57. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

58. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələblərini təmin etməkdə haqlı olmamışdır, bu səbəblə də qətnamə onlara aid hissədə ləğv edilməli və onlara qarşı verilmiş iddia tələbi rədd olunmalıdır.

59. Cavabdeh2 iddianı etiraf etməsi fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz; çünki yuxarıda qeyd olunduğu kimi, həm bu etirafın hüquqi nəticələri ona ümumiyyətlə izah olunmamış, həm də məhkəmə, etirafın zaminlərə münasibətdə hüquqi qüvvəsinin olmadığını nəzərə almamışdır.

60. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni Cavabdeh2 3770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimənin tutulması ilə bağlı hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

61. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

62. Hazırki işin hallarından görünür ki, borcalanın 5771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları olduğu mübahisələndirilməyən əsas borcuna münasibətdə iddiaçı bank 3770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimə hesablayıb tələb etmiş, məhkəmə də Cavabdeh2 həmin məbləğin tutulmalı olduğu nəticəsinə gəlmişdir.

63. Kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və Cavabdeh2 tutulmalı dəbbə pulunun məbləğinin 500 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcundan xeyli hissəsini qaytardığını və borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır.

64. Məhkəmə xərclərinə də qiymət verən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3067/2025 saylı iş üzrə 21 aprel 2025-ci il tarixli qətnaməsi “Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5771,08 (beş min yeddi yüz yetmiş bir ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 3137,33 (üç min bir yüz otuz yeddi ABŞ dolları 33 sent) ABŞ dolları faiz, 3770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 832,80 (səkkiz yüz otuz iki ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcunun və 158,91 (bir yüz əlli səkkiz manat 91 qəpik) manat dövlət rüsumunun tutulması” hissəsində ləğv olunsun. İddiaçı ASC-nin iddia tələbi Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməsin. Qətnamə “Cavabdeh2 3770,13 (üç min yeddi yüz yetmiş ABŞ dolları 13 sent) ABŞ dolları cərimənin tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh2 tutulmalı cərimə məbləği 500 (beş yüz) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) müəyyənləşdirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən İddiaçı ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar