Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-863/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e- 2-2(113)-3160/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4062,43 manat əsas, 2081,41 manat faiz, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 574,56 manat faiz borcu olmaqla, cəmi 6718,40 manat borcun və 87,19 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 0.0478 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 169.2 kv.m olan 1602 nömrəli bağ evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, Cavabdeh1 və X1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(113)-3160/2024 nömrəli qərardadı ilə baxılan iş üzrə icraata X3 aid hissədə xitam verimişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2-2(113)-3160/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MM-in 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1 və 25.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. MPM-in 58.1-ci maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman cavabdeh ölmüş, yəni iddia tələbi ölmüş şəxsə qarşı qaldırılmışdır. Bu səbəbdən, prosessual qanunvericliyin tələbləri baxımından ölmüş şəxsə qarşı iddia qaldırıla bilmədiyindən baxılan iş üzrə icraata X3 aid hissədə xitam verilmiş, iddiaçıya hüquq varisliyi yol verdiyi təqdirdə mərhumun hüquq varislərinə qarşı iddia qaldırmaq hüququ izah olunmuşdur. İddiaçı şikayətin dəlillərində X2 ölümü ilə əlaqədar onun faktiki vərəsəsi ilə əvəz edilərək məhkəmə baxışının davam etdirilməli olmasını göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, tərəf olan şəxsin onun vərəsəsi ilə əvəz edilməsi prosessual qanunvericiliyin tələbləri baxımından işin icraatı zamanı tərəflərdən hər hansı biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) yol verilir. Hazırkı halda isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman X4 artıq ölmüşdür. Göründüyü kimi, hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunan zaman X4 öldüyündən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iş üzrə icraata ona aid hissədə xitam verilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, qəradadın ləğvinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e- 2-2(113)-3160/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(113)-3160/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-863/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-863/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver