Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-866/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-485/2023 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 270000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-485/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 270000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci, ümumilikdə 27488.2 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1149 manat alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bununla yanaşı müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və Cavabdeh qarşı cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli anlaşma mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin hüquqlarını pozduğuna görə etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi məhkəmənin dəftərxanasına yazılı şəkildə daxil olmuş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)- 485/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müstəqil tələb irəli sürən üçüncü şəxs X5 geri qaytarılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət məhkəmənin dəftərxanasına kağız daşıyıcıda daxil olduğu üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 270000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs X3 verdiyi şikayət ona geri qaytarılmışdır. Daha sonra X6 xx.xx.2024-cü il tarixdə şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-485/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-485/2023 saylı qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs X3 verdiyi şikayət ona geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməsi müddəti elektron sistemdə kabinetinin olmaması və üçüncü şəxsin şikayət verməsi üçün sistemdə imkanların yaradılmaması olmuşdur. Həmçinin səhhətində də problemlər olmuşdur. Bu səbəbdən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-485/2023 nömrəli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadı ilə xx.xx.2023-cü il tarixli, 2-2(113)-485/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə X6 tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Həmin qərardaddan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 şikayət verib qərardadın ləğv edilməsini, əks halda iş materiallarınını Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 elektron məhkəmə sisteminə qərardad çıxan dövrdə daxil ola bilməmişdir, çünki həmin dövrdə onun elektron kabineti olmamışdır. Eyni zamanda hüquqşünas olmadığı üçün elektron kabinet yaratsa da səhhətində problemlər olduğuna görə vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-485/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)-485/2023 saylı qərardadı üçüncü şəxs A.Məmmədovanın elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi üçüncü şəxs A.Məmmədova münasibətdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qərardadı qərardadından şikayət vermə müddəti xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həmin qərardaddan şikayət vermək üçün üçüncü şəxs A.Məmmədova 10 gün müddəti olmuşdur. Hazırki iş üzrə isə qərardadın şəxsi elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq üçüncü şəxs A.Məmmədova tərəfindən qərardaddan şikayət 7 ay sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs A.Məmmədova tərəfindən qəradad rəsmi qaydada əldə edildikdən sonra müddəti ötürməklə şikayətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bununla belə üçüncü şəxs A.Məmmədova müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, A.Məmmədova ərizəsində elektron kabinetinin olmamasını göstərsə də, elektron məhkəmə informasiya sistemindən görünür ki, xx.xx.2023-cü il tarixdən A.Məmmədovanın elektron kabineti mövcud olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş müddətin üçüncü şəxs A.Məmmədova tərəfindən ötürülməsini üzrlü hesab etməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Üçüncü şəxs A.Məmmədova isə müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-485/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-866/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-866/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver