Məhkəmə qərarları › İş №2-2(103)-867/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-867/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-867/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: kredit borcu Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-158/2024 nömrəli qətnaməsindən Cavabdeh1 (zamin) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC (müştəri) arasında 26 may 2022-ci il tarixli, TZM2722008 saylı Maliyyələşdirmə limiti müqaviləsi imzalanmışdır.

2. Həmin müqaviləyə əsasən bank tərəfindən müştəriyə 60 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 150.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması üçün invoys, sifariş, anbar və sair maliyyələşdirmə məqsədilə bərpa olunan kredit limiti verilməsi nəzərdə tutulmuşdur.

3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 və Cavabdeh2 (zaminlər) arasında 26 may 2022-ci il tarixli, TZM2722008 saylı zaminlik müqavilələri bağlanmışdır.

4. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borcalan ilə kreditor arasında bağlanmış 26 may 2022-ci il tarixli TZM2722008 saylı Kredit limitinin ayrılması/Maliyyələşdirmə limiti/Baş kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürürlər.

5. Həmin müqavilələrin 4.1-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

6. Həmin müqavilələrin 6.8-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və kredit müqaviləsi üzrə öhdəliklərin, habelə kreditora dəymiş zərər tam icra olunanadək qüvvədədir.

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC (müştəri) arasında həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə illik 13 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 98.227 manat məbləğində invoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşma bağlanmışdır.

8. Həmin razılaşmanın 9-cu bəndinə əsasən əsas borcun son ödəniş tarixi xx.xx.2022-ci ildir.

9. Həmin razılaşmanın 11-ci bəndinə əsasən ödəniş cədvəli üzrə gecikmiş məbləğə gündəlik 0,1% cərimə faizi dərəcəsi tətbiq ediləcəkdir.

10. Kreditin tarixinə əsasən Cavabdeh3 MMC tərəfindən razılaşma üzrə ödəyəcək əsas məbləğ 98227 manat, faizin məbləği 18.196,11 manat, 35,24 manat dəbbə pulu, cəmi ödəniləcək məbləğ 116.458,35 manat təşkil edir.

11. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin xx.xx.2022- ci il tarixli TZM2722008/2 nömrəli razılaşma üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə əsas borc 98227 manat, faiz borcu 14.436,29 manat, cərimə borcu 35,24 manat olmaqla cəmi borcu 112.698,53 manat təşkil edir.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı ASC cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və X1 26 may 2022-ci il tarixli, TZM2722008 saylı Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, TZM2722008/02 saylı razılaşma üzrə 98.227 manat əsas, 14.436,29 manat faiz, 35,24 manat dəbbə,cəmi 112.698,53 manat məbləğində pulun, həmçinin illik 5 faizi həcmində əldən çıxmış fayda 4.100 manat və dövlət rüsumu kimi ödənilmiş 402,70 manat pulun pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 may 2022-ci il tarixli, TZM2722008 saylı maliyyələşdirmə limiti müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 150.000 manat məbləğində cavabdehlərə dövriyyə vəsaitinin artırılması üçün invoys, sifariş, anbar və sair maliyyələşdirmə məqsədilə bərpa olunan kredit limiti verilmişdir (müqavilənin 1.1.1., 1.1.2. və 1.1.3. maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 13 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 98.227 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5,6 və 9-cu maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq cavabdehlər Cavabdeh2 və X2 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli TZM2722008 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdülər. Lakin cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh3 MMC və digər cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəməyə təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli, TZM2722008/02 saylı müqaviləsi üzrə borcunun məbləği 98.227 manat əsas, 14.436,29 manat faiz, 35,24 manat dəbbə, borcun cəmiməbləği 112.698,53 manat təşkil edir.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-158/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada krеdit müqaviləsi üzrə 98.227 manat məbləğində əsas bоrc, 603,07 manat məbləğində faiz bоrcu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5 %-lə 4.079,15 manat məbləğində faiz borcu, 35,24 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 102.944,46 manat məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 360 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməs qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli, 9/8149 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 98227 manat, faiz borcu 603,07 manat təşkil edir. Həmin müqavilə üzrə əsas borc məbləğinə xx.xx.2022-ci il tarixdən (kreditin verilmə müddətinin bitdiyi tarixdən) xx.xx.2023-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizənin verildiyi tarixədək) olan müddət üçün Mülki Məcəllənin 445.7- ci maddəsinin tələblərinə əsasən illik 5% olmaqla hesablanmış faiz borcu 4.079,15 manat məbləğində müəyyən edilir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 may 2022-ci il tarixli, TZM2722008 saylı maliyyələşdirmə limiti müqaviləsi və həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə imzalanmış invoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh3 MMC-yə müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 98227 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Cavabdeh3 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) əsas borcunun 98.227 manat məbləğində olması müəyyən edilmişdir.

18. Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun və kreditin verilmə müddətinin bitdikdən sonrakı müddət üçün illik 5%-lə hesablanmış zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edilmişdir ki, yuxarıda göstərilən ekspert rəyi ilə mübahisəli müqavilə üzrə faiz borcunun xx.xx.2022-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) 603,07 manat, eləcə də kreditin verilmə müddətinin bitdiyi tarixdən iddia tələbinin artırılması barədə ərizənin verildiyi tarixədək olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin 4079,15 manat olması müəyyən edilmişdir.

19. Məhkəmə dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh3MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında bağlanmış 26 may 2022-ci il tarixli TZM2722008 saylı Kredit limitinin ayrılması/Maliyyələşdirmə limiti/Baş kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 və Cavabdeh2 (zaminlər) arasında 26 may 2022-ci il tarixli TZM2722008 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borc alan Cavabdeh3 MMC-nin 26 may 2022-ci il tarixli TZM2722008 saylı Kredit limitinin ayrılması/Maliyyələşdirmə limiti/Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Belə ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

21. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-158/2024 nömrəli qətnaməsinin qismən- 4079.15 manat hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir.

22. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə müraciət etməni yubatması nəticəsində borclu əsassız olaraq əlavə borclanmaya məruz qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar əlaqəli şəkildə şərh edilməmiş, aydın izah edilməmişdir. Yaranmış borc üzrə əlavə faizlərin hesablanması iddiaçının hərəkətsizliyi nəticəsində baş verməsinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. İddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən əlavə faiz tləb etsə də, həmin faizin uzun müddəti əhatə edərək süni şəkildə şişməsinin iddiaçının təqsirindən baş verməsini nəzərə almamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

24. Cavabdehlərə, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə elektron kabinetə bildiriş yerləşdirməklə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə-öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddə-zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

445.7-ci maddə (tərəflər araında hüquq münasibəti yaranan vaxt mövcud olan redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddə- borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

26. Qətnamə Cavabdeh1 tərəfindən qismən (4079.15 manat hissədə) mübahisələndirdiyindən qismən yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

27. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 158/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. İşin məhkəmə tərəfindən müəyyən edilmiş və hazırda cavabdeh tərəfindən mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC (müştəri) arasında maliyyələşdirmə limiti müqaviləsi üzrə bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən illik 13 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə (xx.xx.2022-ci il tarixədək) 98.227 manat məbləğində kredit verilmiş, borclu tərəfindən son ödəniş xx.xx.2022-ci il tarix olmaqla banka cəmi 2589,31 manat ödənilmiş, bu məbləğ faiz borcu üzrə silinmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli, 9/8149 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh3 MMC-nin müqavilə üzrə əsas borc məbləğinə xx.xx.2022-ci il tarixdən (kreditin verilmə müddətinin bitdiyi tarixdən) xx.xx.2023-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizənin verildiyi tarixədək) olan müddət üçün Mülki Məcəllənin 445.7- ci maddəsinin tələblərinə əsasən illik 5% olmaqla hesablanmış faiz borcu 4.079,15 manat məbləğində müəyyən edilir.

31. İşdən görünür ki, bank tərəfindən borclu və zaminlərə kredit borcunun ödənilməsi üçün xəbərdarlıq edilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlər hazırda bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərə görə müştərək məsuliyyət daşıdıqlarından cavabdehlərdən iddiaçının xeyrinə MM-nin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 %-lə faiz tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

32. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 158/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-158/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar