Məhkəmə qərarları › İş №2-2(103)-870/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-870/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-870/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı kommersiya işi üzrə Açar söz: kredit müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1766/2023 nömrəli qətnaməsindən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104- S-2888 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müqaviləyə əsasən Cavabdeh3 MMC-yə bank tərəfindən 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S-2888 ZM/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

3. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104- S-2888 ZM/2 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

4. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə banka əsas borcu 138183,32 manat, faiz borcu 15027,52 manat, cərimə borcu 5567,42 manat olmaqla, ümumilikdə 163883,37 manat təşkil edir.

5. İddiaçı ASC-nin cavabdehlərə (borcalan və zaminlər) ünvanladığı pretenziya məktubunun məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh3 MMC xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 138183,32 manat əsas borc, 14336,61 manat faiz borcu, 5063,86 manat cərimə borcu 5 gün müddətində banka ödəmədiyi təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh3 (Cavabdeh3 MMC), Cavabdeh1 (Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-yə 12 aprel 2022-ci il tarixdə verilmiş 150000 manat məbləğli kredit üzrə 138183,32 manat əsas borc, xx.xx.2023-cü il tarixə faiz borcu 15027,52 manat, xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 5567,42 manat olmala, cəmi 158778,26 manat məbləğində pulun, 453,88 manat ödənilmiş dövlət rüsumu və 400 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh3 MMC, Qanuni nümayəndə və Cavabdeh1 MMC-dən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, AFB Bank” ASC ilə Cavabdeh3 MMC-nin bağladığı 12 aprel 2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsinə əsasən MMCyə illik 15 % olmaqla, 12 ay müddətinə 150000 manat məbləğində kredit ayrılmışdır. Bu kredit müqaviləsinə əsasən 150000 manat məbləğində kredit xx.xx.2023-cü il tarixə qədər verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh3 MMC bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin təminatı olaraq cavabdeh Qanuni nümayəndə qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla bank arasında 12 aprel 2022-ci il tarixli, 104- S2888 ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq cavbadeh Cavabdeh1 MMC yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla bank arasında 12 aprel 2022-ci il tarixli, 104-S-2888 ZM/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən bu müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilməzsə, ertəsi günündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 2.1-ci bənddə göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır. Cərimə faizinin dərəcəsi 2.1-ci bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabərdir. Cavabdeh3 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun xx.xx.2023-cü il tarixə cəmi 158778,26 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər üç cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit borcu üzrə axırıncı dəfə xx.xx.2022-cü il tarixdə cəmi 14500 manat məbləğində ödəniş edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1766/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilərək Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada 138125 manat əsas borc, 14336,61 manat faiz borcu, 5063,86 manat cərimə, 400 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,4 manat olmaqla, cəmi 157973,87 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli, 9/3482 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104- S2888 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 MMC-nin ekspert qarşısında qoyulmuş sual üzrə maliyyə arayışında göstərilən tarixə (xx.xx.2023-cü il) iddiaçı “AFB Bank" Açıq Səhmdar Cəmiyyətinə olan cəmi borcu 158655,96 manat: əsas borc üzrə 138125 manat, faiz borcu üzrə 14963,54 manat, cərimə borcu üzrə 5567,42 manat məbləğində müəyyən edilir.

10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 MMC-yə bank tərəfindən 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə və Cavabdeh1 MMC arasında zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104- S-2888 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər - Qanuni nümayəndə və Cavabdeh1 MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdurlar.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

12. Məhkəmə bu qərara istinad edərək qeyd etmişdir ki, cavabdehlərə göndərilən pretenziya məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh3 MMC-nin 138183,32 manat əsas borc, 14336,61 manat faiz borcu, 5063,86 manat cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1766/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbul etməklə cavabdehin həmin hüququnu da pozmuşdur. Mülki işin araşdırılması zamanı tərəfimizdən dəfələrlə Bakı Kommersiya Məhkəməsinə işin təxirə salınması ilə bağlı ərizələr ünvanlansa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı ASC ilə Cavabdeh3 MMC-nin bağladığı 12 aprel 2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsinə əsasən MMC-yə illik 15 % olmaqla, 12 ay müddətinə 150.000 manat məbləğində kredit ayrılmışdır. Bu kredit müqaviləsinə əsasən 150.000 manat məbləğində kredit xx.xx.2023- cü il tarixə qədər verilmişdir. Kreditin təminatı olaraq Qanuni nümayəndə qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla bank arasında 12 aprel 2022ci il tarixli, 104-S2888 ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsində görünür ki, iddiaçı ilə cavabdehlər arasında olan kredit müqaviləsinin icrası müddəti bir il, yəni 12 aprel 2023-cü il müəyyən edilmişdir. Lakin, həmin müddət başa çatmadan iddiaçı cavabdehlərə qarşı 14 fevral 2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununlada iddiaçı MM-nin 427.1-ci maddəsinin tələblərini pozmuşdur. Lakin, məhkəmə tərəfindən həmin pozuntuya heç bir hüquqi qiymət verilməmişdir. İşin araşdıırılması zamanı Qanuni nümayəndə 25 iyun 2023-cü il tarixli məhkəmə iclasının və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarının təxirə salınması ilə bağlı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələr ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etsə də, məhkəmə iclasları təxirə salınmamışdır. Bununla da MPM-nin 8-ci maddəsinin tələbləri pozulmuşdur. İşə baxan hakim ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir. Belə ki, məhkəmə iclasları Qanuni nümayəndə iştirakı olmadan, çağırılıb dindirilmə aparılmadan həyata keçirilmiş və ən nəhayət Qanuni nümayəndə sübut təqdim etmək hüquqları pozulmuşdur. Əgər, məhkəmə iclaslarında Qanuni nümayəndə iştirakı təmin olunsa idi, iddia təmin oluna bilməzdi. Çünki, məhkəmə iclasında izahat verməklə yanaşı sübutlar təqdim ediləcəkdi. İşə baxan birinci insitansiya məhkəməsinin hakimi Qanuni nümayəndə sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən şəxslərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Qanuni nümayəndə rəsmi qaydada qaydada məlumat verilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

17. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi; 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddə- zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddə- borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddə- əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə cavabdeh Qanuni nümayəndə (zamin) tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1766/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşə apellyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar iddiaçının iştirakı ilə bir daha araşdırılmış və müəyyən edilmişdir ki, apellyasiya şikayət formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir.

21. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli, 9/3482 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S2888 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilən tarixə (xx.xx.2023-cü il) cavabdehlərin iddiaçı “AFB Bank" Açıq Səhmdar Cəmiyyətinə olan cəmi borcu 158655,96 manat, əsas borc üzrə 138125 manat, faiz borcu üzrə 14963,54 manat, cərimə borcu üzrə 5567,42 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlər həmin borcun ödənildiyinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiklərindən qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmur.

22. Apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Qanuni nümayəndə işə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, nümayəndəsi P.Hüseynov xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəməyə iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət vermişdir. 07 iyul 2023-cü il tarixdə keçiriləcək məhkəmə baxışı iclasının təxirə salınması barədə cavabdehin nümayəndəsinin vəsatətinin təmin edilməməsi və bununla məhkəmənin cavabdehi sübutlar təmin etmək imkanından məhrum etməsi əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh sübutları hazırlıq mərhələsində məhkəməyə təqdim etməli olduğundan və cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş hər hansı yeni sübutu olmadığından apellyasiya şikayətinin əsassız olduğu müəyyən olunur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdeh və nümayəndəsi lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq işə apellyasiya qaydasında baxılarkən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş məhkəmə iclasında da hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1766/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1766/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar