Məhkəmə qərarları › İş №2-2(103)-871/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-871/2021

27.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-871/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil2 Bahadur oğlunun və cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-432/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 iyun 2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 35417,93 manat vəsaitin və ödənilmiş 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, e-2-2(113)-432/2021 saylı qərardadı ilə iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 Bahadur oğlu şikayəti müdafiə etdi, cavabdehin nümayəndəsi Vəkil1 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, 35417,93 manat məbləğində pul vəsaitinin əsassız varlanma nəticəsində əldə olunduğu iddia edilir. İş materiallarında olan 24 iyun 2019-cu il tarixli mallar üzrə satınalma müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC İddiaçı MMC tərəfindən sifariş olunmuş malları sonuncuya təqdim etməyi, İddiaçı MMC isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 24 iyun 2019-cu il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, 4381,78 kv.m laminə olunmuş piltələrin dəyəri ƏDV daxil 35417,93 manat müəyyən edilmişdir. 25 iyun 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 4381,78 kv.m laminə olunmuş piltələr Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində qeyd olunan sənədlərdə olan imzaların cəmiyyətin direktoru Nümayəndə1 tərəfindən imzalanmadığını, həm imzanın, həm də möhürün saxtalaşdırıldığını bildirmişdir. Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3:2, 193-1.2.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktında hazırkı işə aid epizod üzrə Şahid aşağıdakı məzmunda ittiham irəli sürülmüşdür: “Şahid İddiaçı MMC-də mühasib vəzifəsində işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədilə baş mühasib kimi həmin şirkətin adından hər hansı hüquqi və fiziki şəxslə müqavilə bağlamaq səlahiyyəti olmadığı, habelə İddiaçı MMC-nin rəhbərliyi tərəfindən hər hansı taxta materialı alqı-satqısının həyata keçirilməsi planlaşdırılmadığı və realizə olunmadığı halda 24 iyun 2019-cu il tarixdə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında tamah niyyəti ilə məzmununa bilə-bilə yalan - guya həmin MMC tərəfindən taxta tikinti materialının satışı fəaliyyəti ilə məşğul olan Cavabdeh MMCdən bir kub metrinin qiyməti 6,85 manat olmaqla, ümumi miqdarı 4381 kub metr, ölçüləri 2800x2070x18mm olan laminə olunmuş piltələrin (DSP) ƏDV-siz ümumi dəyəri 30015,19 manat olmaqla, satın alınmasına dair məlumatlar daxil edərək 24 iyun 2019-cu il tarixli 06/b nömrəli mallar üzrə satınalma müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli Qiymətlərin razılaşdırılması protokolunu tərtib edib, həmin müqavilədə olan İddiaçı MMCnin direktoru Nümayəndə1 adının qarşısına olan imzanı özü oxşatmaqla imzalayıb, cəmiyyətin, içərisində İddiaçı yazısı olan möhürünün əksini relyef klişedən sənədlərin üzərinə birbaşa vurmaqla müqavilənin üzərinə köçürərək təsdiq edib, cəmiyyətin direktoru tərəfindən ona etibar edilmiş ***-***-**-** nömrəyə bağlı sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan “Asan İmza”dan istifadə etməklə cəmiyyətin "xxxx" ASC-də olan AZ31PAHA40030AZNH********** nömrəli hesablaşma hesabından vəzifə saxtakarlığı yolu ilə cinayətdən xəbərsiz Cavabdeh MMC-nin "xxxx" ASC-də olan AZ03İBAZ******************** nömrəli hesablaşma hesabına əlavə dəyər vergisi üzrə 5402,74 manat və əsas vəsait üzrə 30015,19 manat olmaqla, cəmi 35417,93 manat pul vəsaitini köçürüb, həmin müqavilənin şərtlərinə uyğun olaraq 24 iyun 2019-cu il tarixdə Cavabdeh MMC-dən 4381 kub metr taxta məhsulunun cəmiyyətin direktoru Nümayəndə1 tərəfindən guya təhvil alınmasına dair həmin tarixli “24 iyun 2019-cu il tarixli 06/b nömrəli mallar üzrə təhvil-təslim aktını İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tamah niyyəti ilə qəsdən Nümayəndə1 adının qarşısında olan imzanı özü oxşatmaqla imzalayıb, elektron qaydada EAAW seriyalı, 220057 nömrəli “Elektron Qaimə”- ni cəmiyyətin direktoruna məxsus qeyd edilən “Asan İmza”-dan istifadə edərək vəzifə saxtakarlığı yolu ilə təsdiq etməklə, 4381 kub metr taxta məhsulunu Cavabdeh MMC-nin məsul şəxslərindən təhvil alıb şəxsi məqsədlərinə uyğun sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək İddiaçı MMC-yə məxsus olmaqla ona etibar edilmiş 5402,74 manat məbləğində pul vəsaitini təkrarən israf etməklə, 30015,19 manat məbləğində pul vəsaitini isə təkrarən mənimsəməklə həmin cəmiyyətə ümumilikdə 35417,93 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə təkrarən talamış, həmin hərəkətləri ilə İddiaçı MMC-nin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə və informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.” Həmin cinayət işi üzrə İddiaçı MMC zərərçəkmiş şəxs kimi tanınmışdır. Göründüyü kimi həmin cinayət işində hazırki mübahisənin predmetinə aid olan hadisənin olub-olmaması və cavabdeh MMC-nin əməkdaşının həmin hadisəyə aidiyyəti müəyyən edilə bilər. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində isə təsbit olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görə də, kollegiya hesab edir ki, həmin iş həll edilməyincə və bu barədə yekun məhkəmə qərarı qanuni qüvvəyə minməyincə hazırkı işə baxılması mümkün deyildir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-432/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar