Məhkəmə qərarları › İş №2-2(103)-872/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-872/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-872/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Nümayəndə1 Anonim Şirkətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1014/2024 nömrəli qətnaməsindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Nümayəndə1 Anonim Şirkəti (bundan sonra “Borusan Makina ve X4. ve Tic.” A.Ş.) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 13 044,09 manat ƏDV daxil 85511,24 manat əsas borc, 7172 manat cərimə borcu olmaqla ümumilikdə 92683,24 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1014/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 13 044 (on üç min qırx dörd) manat 08 (səkkiz) qəpik ƏDV daxil olmaqla 85 511 (səksən beş min beş yüz on bir) manat 17 (on yeddi) qəpik əsas borc, 4000 (dörd min) manat cərimə borcu olmaqla ümumilikdə 89 511 (səksən doqquz min beş yüz on bir) manat 17 (on yeddi) qəpik məbləğində pul tutularaq iddiaçı Nümayəndə1 Anonim Şirkətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1014/2024 nömrəli qətnaməsinin cavabdehdən 52156 manat borcun tutulmasından başqa hissədə ləğv olunması, iddianın qalan hissədə təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi 85511,24 manat əsas borca dair olsa və elektron qaimələr əlavə edilsə də, malların təhvili və qiymət razilaşmasi barədə 52156,0 manat dəyərində qiriciya aid sənəd var. Qalan malların təhvili və qiymət razılasması barərə işdə sənəd yoxdur. Eyni məbləğə, eyni mallara dair bəzi qaimələr təkrar təkrar gəlib. Tərəflər arasında bağlanmış və işdə olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələrin 1.1-ci bəndinə görə mallar sifariş və qiymət razılaşması əsasında verilir. 2.2-ci və 3.1-ci bəndlərinə əsasən mallar təhvil-təslim aktına əsasən təhvil verilir. Tərəflər arasında bağlanmış və işdə olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələrin 1.1-ci bəndinə görə mallar sifariş və qiymət razılaşması əsasında verilir. 2.2ci və 3.1-ci bəndlərinə əsasən mallar təhvil-təslim aktına əsasən təhvil verilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin də cavabdehlə hər hansı əlaqəsi yoxdur, onlar mötəbər deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

15. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında 16 fevral 2023-cü il tarixdə BMAST xx/xx/2023 saylı alqı-satqı müqaviləsi bağlanaraq iddiaçı tərəfindən müqaviləyə 1 saylı Əlavədə nəzərdə tutulmuş malın cavabdehin sifarişi əsasında təchiz edilməsi, cavabdehin malın dəyərini ödəməsi razılaşdırılmış, həmin müqaviləyə 1 saylı Əlavə ilə ƏDV daxil dəyəri 52156 manat olan 1 ədəd “H130GC” qırıcının satılması təsdiq olunmuş, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə EBCP 041613 seriya və nömrəli elektron qaimə göndərilmiş, 20 fevral 2023-cü il tarixdə iddiaçı tərəfindən 1 ədəd “H130GC” qırıcı cavabdehə təhvil verilmişdir.

23. Tərəflər arasında 23 fevral 2023-cü il tarixdə BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi əsasında və ya qiymət razılaşdırma protokoluna əsasən cavabdehə məxsus müvafiq texnikalara xidmət göstərməyi və ehtiyat hissələri ilə təmin etməyi, cavabdeh isə xidmət və malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür

24. İddiaçı 16 fevral 2023-cü il tarixli BMAST xx/xx/2023 saylı alqı-satqı müqaviləsinə əsasən təqdim olunan malın dəyərini təşkil edən 52156 manat və 23 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə təqdim olunan malların və xidmətlərin dəyərini təşkil edən 33355,24 manat olmaqla ümumilikdə 85511,24 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

25. Cavabdeh 16 fevral 2023-cü il tarixli BMAST xx/xx/2023 saylı alqı-satqı müqaviləsinə əsasən 52156 manat dəyərində malın təqdim olunduğunu, lakin 23 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə təqdim olunan malların təhvili və qiymət razılaşması barədə işdə sənəd olmadığını, eyni mallara dair bəzi qaimələrin təkrar göndərildiyini, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin cavabdehlə hər hansı əlaqəsinin olmadığını və mötəbər sənədlər olmadığını bildirmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, cavabdeh elektron iddia ərizəsində xx.xx.2023-cü il tarixli müqaviləyə istinad olunduğunu etirazının əsaslarından biri olaraq qeyd etmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının elektron kabinet vasitəsi ilə iddia ərizəsinin kağız daşıyıcıda olan formatda təqdim olunan surətində xx.xx.2023-cü il tarixli müqaviləyə istinad olunmuşdur. İddiaçının nümayəndəsi də elektron iddia ərizəsində texniki yanlışlığa yol verildiyini bildirmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, 16 fevral 2023-cü il tarixli BMAST xx/xx/2023 saylı alqısatqı müqaviləsinə əsasən 52156 manat dəyərində malın təqdim olunması işin sübutlarla və tərəflərin izahatı ilə təsdiq olunan mübahisəsiz halıdır. İşin mübahisəli halı 23 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə malların təqdim olunması və xidmətlərin göstərilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə tərəfindən müəyyən edilməli olan hal 23 fevral 2023-cü il tarixli BMA- 0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə malların təqdim olunub-olunmaması və xidmətlərin göstərilib-göstərilməməsidir.

28. Məhkəmə bildirmişdir ki, işin müəyyən edilməli olan halları üzrə sübutlara qiymət verilərkən tərəflərin müqavilədə razılaşdırdıqları şərtlərə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymət veriləcəkdir. Belə ki, 23 fevral 2023-cü il tarixli müqavilədə tərəflər müqavilənin ümumi məbləğinin qiymət razılaşdırma protokoluna əsasən müəyyən olunacağını, təhvil-təslim aktı imzalanmasını, ödənişin müvafiq akt imzalandıqdan, elektron qaimə-faktura və hesab faktura təqdim olunduğundan sonra bank hesabına köçürmə yolu ilə ediləcəyini razılaşdırmışlar.

29. Məhkəməyə təqdim edilən mal-materialın cavabdehin adına qeydə alınan çıxış qaimələrindən görünür ki, 2023-cü ilin fevral-avqust aylarında müxtəlif çeşiddə və miqdarda mallar ad, soyad və telefon nömrələri qeyd edilən ayrı-ayrı şəxslər tərəfindən qəbul edilmişdir.

30. İş materiallarında olan elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki: xx.xx.2023-cü il tarixli EBDA 737509 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 915,12 manat, EBDA 738422 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 915,13 manat, xx.xx.2023-cü il tarixli EBDA 902988 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 144,01 manat, EBDA 903008 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 859,96 manat, xx.xx.2023-cü il tarixli EBDB 689187 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 912,61 manat, EBDB 687543 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1057,01 manat, xx.xx.2023-cü il tarixli EBDC 307963 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 566,01 manat, xx.xx.2023-cü il tarixli EBDC 416290 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1433,68 manat, xx.xx.2023cü il tarixli EBDC 601414 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2494,70 manat, xx.xx.2023-cü il tarixli EBDC 694933 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, EBDC 695502 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, xx.xx.2023-cü il tarixli EBDD 070231 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 908,74 manat, EBDD 093059 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 967,36 manat, xx.xx.2023-cü il tarixli EBDD 706700 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 908,74 manat, xx.xx.2023-cü il tarixli EBDE 497288 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1124,37 manat, xx.xx.2023-cü il tarixli EBDF 945473 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, EBDF 965938 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, EBDF 965542 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, xx.xx.2023cü il tarixli EBDH 134220 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1468,23 manat, EBDH 149135 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, xx.xx.2023-cü il tarixli EBDH 637120 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 896,97 manat, xx.xx.2023-cü il tarixli EBDİ 533114 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1487 manat, xx.xx.2023-cü il tarixli EBDK 966919 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1345,46 manat, EBDK 966914 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1345,45 manat, EBDK 968634 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2793,16 manat, xx.xx.2023cü il tarixli EBDL 918885 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, xx.xx.2023cü il tarixli EBDN 281521 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 356,37 manat, xx.xx.2023-cü il tarixli EBDN 568576 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,36 manat, EBDN 568536 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,36 manat, xx.xx.2023-cü il tarixli, EBDP 253278 seriya və nömrəli elektron qaimələr elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 33543,76 manat dəyərində malların təqdim edilməsi və xidmətlərin göstərilməsinin rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.

31. xx.xx.2023-cü il tarixli EBDB 687543 seriya və nömrəli elektron qaiməyə düzəliş edilmiş, ƏDV daxil olmaqla 868,42 manat dəyərində malların təqdim edilməsi və xidmətin göstərilməsi üçün təsdiq edilmişdir.

32. xx.xx.2023-cü il tarixli EBDB 687543 seriya və nömrəli elektron qaiməyə edilən düzəlişdən sonra malların təqdim edilməsi və xidmətlərin göstərilməsinin rəsmiləşdirilmiş qaimələrin ümumilikdə dəyəri ƏDV daxil olmaqla 33355,17 manat təşkil edir.

33. xx.xx.2023-cü il tarixli EBDB 687543 seriya və nömrəli elektron qaimə “düzəlişdən imtina/təsdiqlənmiş” statusunda, qalan bütün elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır.

34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan həmçinin görünür ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərdə hazırkı mübahisənin predmetini təşkil etməyən ümumi dəyəri 894 617,06 manat olan EBCM 923258, EBCM 923456, EBCN 954131, EBCO 864615 seriya və nömrəli elektron qaimələr təqdim olunmuş, onlardan 1-i təsdiqlənmiş, 3-ü “sistem tərəfindən təsdiqlənmiş” statusundadır.

35. Məhkəməyə təqdim olunan bank hesabından və ƏDV sub-hesabından çıxarışlardan görünür ki, qeyd olunan elektron qaimələrə istinad olunaraq ödənişlər edilmişdir.

36. Təqdim olunan sənədlərdən görünür ki, tərəflər arasında hazırkı mübahisənin predmetini təşkil edən müqavilələrdən əvvəl başqa müqavilə üzrə işgüzar münasibətlər olmuş, tərəflər arasında dövriyyə hazırkı mübahisə üzrə tələb olunan məbləğdən dəfələrlə artıq olmuşdur. Qeyd olunan müqavilə üzrə təqdim olunan və dəyəri ödənilən elektron qaimələrin əsaslı hissəsi “sistem tərəfindən təsdiqlənmiş” statusundadır. Həmçinin hazırkı iş üzrə tələb olunan məbləğin əsas hissəsini təşkil edən 16 fevral 2023-cü il tarixli BMAST xx/xx/2023 saylı alqı-satqı müqaviləsinə əsasən təqdim olunan 52156 manat mala dair təqdim olunan elektron qaimə də “sistem tərəfindən təsdiqlənmiş” statusundadır.

37. Məhkəmə qeyd etmişdir ki, cavabdehin 16 fevral 2023-cü il tarixli müqavilə üzrə malın təhvil-təslim aktı əsasında təqdim edilməsinə istinad edərək 21 fevral 2023-cü il tarixli müqavilə üzrə malın təqdim edilməməsinə dair mövqeyi əsassızdır. Belə ki, 16 fevral 2023-cü il tarixli müqavilə 1 malın təqdim olunması üçün bağlansa da, 21 fevral 2023-cü il tarixli müqavilə texnikalara xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təqdim edilməsi üçün bağlanmışdır. Ayrı-ayrı texnikalara müxtəlif vaxtlarda xidmətlərin göstərildiyini, ehtiyat hissələrinin müxtəlif vaxtlarda təqdim edildiyini, hüquqi şəxsin möhürünün anbardan çıxış sənədlərində adları qeyd olunan bütün əməkdaşlarda olmaq ehtimalının həm say etibarilə, həm də möhürün məsul şəxslərdə saxlanılmalı olduğundan mümkün olmadığı nəzərə alındıqda bütün təhvil-təslim sənədlərinin cavabdehin möhürü ilə təsdiq edilməsi ağlabatan deyildir. İddiaçının anbar çıxış sənədlərindən görünür ki, təhvil-təslim adi qaydada həyata keçirilmişdir. Cavabdeh anbar çıxış sənədlərində adları qeyd olunan şəxslərin əməkdaşı (nümayəndəsi) olmadığına dair əsaslı etiraz təqdim etməmişdir. Digər tərəfdən xx.xx.2023-cü il tarixli EBDB 687543 seriya və nömrəli elektron qaimə 1057,01 manat mal və xidmət üçün rəsmiləşdirilmiş, daha sonra düzəliş edilərək 868,42 manat kimi təsdiqlənmişdir. Göründüyü kimi məhkəmə icraatında bildirdiklərinin əksinə olaraq cavabdeh elektron vergi sistemini sayıq nəzarətində saxlamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, 21 fevral 2023-cü il tarixli müqavilə üzrə malların təqdim edilməsi və xidmətlərin göstərilməsi malların anbardan çıxış sənədinin tərəflərin əməkdaşları tərəfindən imzalanması və elektron qaimələrin təqdim edilməsi ilə rəsmiləşdirilmişdir.

38. İddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubundan görünür ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri əhatə edən elektron qaimələr üzrə 84635,46 manat borcun ödənilməsi tələb olunmuşdur. Onlayn kargüzarlıq sistemindən çıxarışdan görünür ki, pretenziya məktubu xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən X1 Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış cavab məktubundan cavabdehin rəhbərliyinin iddiaçıya olan borcu qısa zamanda ödəniləcəyini bildirdiyi görünür.

39. Məhkəmənin cavabdehin qeyd olunan cavab məktubu üzrə dəqiqləşdirici suallarına cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, qeyd olunan cavab ümumi xarakterlidir. İddiaçının pretenziya məktubunda elektron qaimələrə istinad edərək (xx.xx.2023-cü il tarixli elektron qaimə istisna olmaqla) borc məbləğlərini ayrı-ayrılıqda qeyd etdiyi nəzərə alındıqda cavabdehin nümayəndəsi və vəkilinin qeyd olunan mövqeyi əsassızdır.

40. İddiaçının məhkəməyə təqdim etdiyi “X5/Ofeliya” ilə iddiaçının əməkdaşı arasında aparılan vatsap yazışmalarından çıxarışlardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə müraciət olunaraq borcun üzləşdirilməsinə hansı şəxsin baxdığı dəqiqləşdirilmiş, xx.xx.2024-cü il tarixdə təsdiq cavabından sonra iddiaçının əməkdaşı tərəfindən il sonuna qalıq borcun 85699,83 manat olduğunun dəqiqləşdirilməsi üçün müraciət olunmuş, “baş mühasibimizə bildirdim, 85511,15 manat ƏDV daxil” cavabı verilmiş, üzləşmə aktının təqdim olunması üçün elektron poçt ünvanı tələb olunmuş, cavab olaraq “Elektron ünvan ” elektron poçtu təqdim olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi elektron poçtdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Elektron ünvan ” ünvanına üzləşmə aktı göndərilmişdir.

41. Məhkəmə iddiaçının təqdim etdiyi vatsap yazışmaları və elektron poçtdan çıxarışa münasibət bildirilməsini (etirazın olub-olmaması) cavabdeh tərəfə təklif etmiş, nümayəndə və vəkil vaxt qısa olduğundan aydınlaşdıra bilmədiyini bildirmişdir. Halbuki qeyd olunan sənədlər xx.xx.2024-cü il tarixdən elektron kabinet vasitəsi ilə təqdim olunmuş, cavabdeh tərəfin həmin sübutlara münasibət bildirməsi üçün kifayət qədər vaxtı olmuşdur.

42. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən etmişdir ki, iddiaçı tərəfindən 23 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə cavabdehə ƏDV daxil olmaqla 33355,17 manat dəyərində mallar təqdim olunmuş və xidmətlər göstərilmişdir.

43. Məhkəmə həmçinin hesab etmişdir ki, alqı-satqı və xidmət müqavilələri üzrə əşyanın və xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

44. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində həll olunmamışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, alqı-satqı müqaviləsi üzrə mallar 2023-cü ilin fevral ayından başlayaraq təhvil verilməsinə və cavabdeh tərəfindən ödəniş edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab etmişdir ki, cərimə məbləğinin 4000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

45. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

46. Həmçinin cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiaya etirazda irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin yuxarıda qeyd edilən arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən kollegiya yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

47. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1014/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar