Məhkəmə qərarları › İş №2-2(103)-873/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-873/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-873/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2731/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.06.2021-ci il tarixli qərardadından Cavabdeh3 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 28.742,05 manat məbləğində əsas borc və 3.422,53 manat məbləğində faiz borcu olmaqla, cəmi 32.164,58 məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı QSC-dən muzdlu işçilərə görə ödənilmiş 1.863,62 manat əmək haqqının alınaraq qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi, cavabdeh İddiaçı QSC-dən Cavabdeh3 MMC-nin işçilərinə vurduğu mənəvi ziyana görə hər birinə ayrı-ayrılıqda Cavabdeh1 10.000 manat və Cavabdeh2 10.000 manat, cəmi 20.000 manat mənəvi ziyanın ödənilməsi, kredit faizlərinin subsidiyalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna müraciət etmək öhdəliyinin İddiaçı QSC-yə həvalə edilməsi barədə qətnamə, cavabdeh İddiaçı QSC-nin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2731/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh3 MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə etdi. İddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 156.1-ci maddəsində təsbit olunmuşdur ki, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə (156.1.1); qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa (156.1.2); qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə (156.1.3). Lakin cavabdehlərin verdiyi qarşılıqlı iddia ərizəsi qeyd olunan hallara aid deyildir, qarşılıqlı iddianın ilk iddia arasında hər hansı bir əlaqənin mövcudluğu müəyyən edilmir və həmin iddia Mülki Prosessual Məcəllənin 156-cı maddəsində nəzərdə tutulmuş qarşılıqlı iddianın qəbul edilməsinin şərtlərinin heç birinə cavab vermir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmiş, şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2731/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar